22 Mart 2022 22:29
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ dövlət katibinin müavini Ankaraya sonuncu səfərində S-400-lərin Ukraynaya verilməsi təklifini irəli sürdü. ABŞ mətbuatı bu təklifi “Türkiyə üçün qaçırılmaz fürsət” kimi təqdim etməyə çalışır. “Forbes”in Pol İddon adlı jurnalistinin məqaləsinə “Bir daşla iki quş: Türkiyə S-400-ləri Ukraynaya verib, ABŞ-ın könlünü fəth edəcəkmi?” başlığı qoyulub”.

Teleqraf.com xəbər verir ki, bunu türk siyasi analitik Taha Dağlı deyib.

Onun sözlərinə görə, İddon Şimali İraq və Suriyada PKK-YPG terror təşkilatının fəaliyyətlərində yaxından iştirak edən amerikalıdır:

“YPG prizmasından baxdıqda onun Türkiyəyə baxışını az-çox proqnozlaşdırmaq olar. Onun “bir daşla iki quş” adlandırdığı hadisə ABŞ-ın Türkiyəyə “S-400-ləri Ukraynaya verin” təklifidir. Pol İddon bunun “Türkiyə üçün unikal fürsət” olduğunu deyir. O deyir ki, Türkiyə həm S-400-dən qurtulacaq, həm də ABŞ-la işi düzəldəcək.

Müharibə şəraitində S-400-lərin Ukraynaya verilməsi Türkiyə və Rusiyanı üz-üzə qoya bilər. Pol İddon məsələnin bu həssas hissəsinə zərrə qədər də əhəmiyyət vermir. ABŞ isə belə kritik təklifin müqabilində nə verəcəyi məsələsində çox xəsis davranır. O deyir ki, F-35-lər olmasa da, F-16 dəstləri verilir ki, bu da Türkiyənin 10 illik ehtiyacını ödəyə bilər. Başqa sözlə, “F-35-ə əhəmiyyət verməyin, əvvəlcə ABŞ-ı sevindirin” deyirlər.

“Wall Street Journal”-da təqaüdçü CIA agentinin məqaləsində də oxşar mesajlar var. Onun iddiasına görə, Türkiyənin Ukraynaya S-400-ləri verməsi ABŞ və Türkiyə arasında münasibətləri yaxşılaşdıracaq. Amerika mediası bunu belə sırıyır ki, “ABŞ heç kimə etmədiyini Türkiyəyə edir”.

Taha Dağlı Türkiyənin bundan əvvəl də oxşar durumla üzləşdiyini bildirib:

“2020-ci ildə də oxşar vəziyyəti görmüşük. Amerikalılar Qarabağ müharibəsində “S-400-ləri Qarabağda yerləşdirin” təklifi irəli sürmüşdülər. Yenə də bu təklif Rusiya qarşısında verilir. Amma Ukrayna təklifi Qarabağ təklifindən də pisdir. Rusiya hazırda orada işğalçı və hücum edən tərəfdir. S-400-lərin Ukraynaya verilməsi Rusiyanı öz silahları ilə vurmaq demək olacaq.

Əgər Rusiyanı dayandırmaq lazımdırsa, bunu ABŞ, Avropa Birliyi və NATO etsin, ABŞ-ın ağlı ilə Türkiyə yox. Üstəlik, Türkiyə Ukraynaya “Bayraktar” satır. Bunlar müharibənin taleyini həll edən silahlardır. Bunlar Türkiyə və Ukrayna arasında əvvəllər imzalanmış müqaviləsi əsasında satılır. ”Qərb bloku” isə Ukraynanı qorumaq üçün heç nə etmir. Onlar silah və muzdlular göndərirlər. Amma Rusiyanın hücumlarına qarşı hava hücumundan müdafiə sistemləri vermirlər, uçuşa qadağan zona elan etmirlər və döyüş təyyarələri göndərmirlər. Ukraynaya bunlar lazımdır.

Demək, özlərinin etmədiklərini Türkiyəyə etdirmək və Türkiyəni Rusiya ilə üz-üzə qoymaq istəyirlər, bunun müqabilində isə Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşacağına söz verirlər.

Təbii ki, Türkiyə-ABŞ əlaqələri önəmlidir. ABŞ-la münasibətlər beynəlxalq arenada qiymətlidir. Türkiyə də ABŞ-la yaxşı münasibətlər istəyir. Amma bundan sonra Türkiyənin ABŞ-la münasibətləri üçün S-400 mövzusunda edə biləcəyi maksimum şey yeni S-400 paketi sifariş etməmək ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər