Qırğızıstan parlamentinin-Joqorku Keneşin sədri Talant Mamıtov bu ölkədə səfərdə olan Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla görüşüb.
Teleqraf.com parlamentin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, bu məsələdə ağsaqqalların rolu istiqamətində müzakirə aparılıb.
Talant Mamıtov deyib ki, ölkələrimizi və xalqlarımızı təkcə qardaşlıq münasibətləri və strateji tərəfdaşlıq deyil, həm də ümumi tarixi və mədəniyyət birləşdirir.
Parlamentin sədri bildirib ki, Qırğızıstanla türk dövlətlərinin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi ölkənin xarici siyasətinin prioritet istiqamətlərindəndir və bu il Qırğızıstanda Türkdilli Dövlətlərin Parlament Assambleyasının növbəti iclasının keçirilməsi planlaşdırılır.
Binəli Yıldırım Türkiyə ilə Qırğızıstan arasında bütün sahələrdə əlaqələrin durmadan inkişafından danışıb, əməkdaşlığın bundan sonra da yüksələn xətlə davam edəcəyini vurğulayıb. O deyib ki, bu ilin iyulunda Qırğızıstanda TDT Ağsaqqallar Şurasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
B. Yıldırım Talant Mamıtovu bu il sentyabrın 29-dan oktyabrın 2-dək Türkiyədə keçiriləcək IV Dünya Köçəri Oyunlarına dəvət edib.
B.Yıldırımın Qırğızıstana səfəri davam edir.