Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi peşəkarlıq, döyüş qabiliyyəti, malik olduğu müasir silahlar və qazandığı qələbə hələ də beynəlxalq ictimaiyyətin, hərbi-siyasi dairələrin və mətbuatın diqqət mərkəzindədir. ABŞ kimi supergüclər, digər dövlətlər 44 günlük müharibədə Azərbaycanın apardığı hibrid müharibənin, eyni zamanda istifadə olunan taktika və strategiyanın nədən ibarət olduğunu bu gün bir sıra hərbi məktəblərdə təlim kimi tədris edirlər. Azərbaycanın yazdığı şanlı tarixlə bağlı təhlilin ABŞ-ın məşhur “Vaşinqton Post” qəzətində dərc olunması da bunun növbəti sübutudur.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, bu yazı bir daha göstərir ki, Azərbaycan bu müharibədə həm səhra şəraitində, həm suda, həm quruda, həm də havada ciddi müharibə apara bildiyini sübut edib:
"Azərbaycan ən müasir texnikadan, ən müasir vasitələrdən istifadə edərək özünü qorumaqla yanaşı, həm də hücum taktikasını yüksək səviyyədə icra edir. Buna görə də bütün dövlətlər məhz Azərbaycanın apardığı haqq mübarizəsində istifadə etdiyi ordunun nəyə qadir olduğunu dünyaya göstərdi.
Azərbaycanın Ermənistanın tanklar daxil olmaqla ağır texnikasını effektiv surətdə məhv etməsi taktikası dünya hərb tarixində yenilik idi. Müəllif Maks But yazır ki, Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatları (TB2 PUA-ları) və İsrail istehsallı silahlar Azərbaycanın 2020-ci ildə qazandığı qələbədə mühüm rol oynayıb. Onun sözlərinə görə, İkinci Qarabağ savaşı zamanı Ermənistanın hərbi texnikasının 47 faizi məhv edilib və ya zədələnib. Amma real rəqəm bunun 80 faizdən çox olduğunu göstərir.
Eyni zamanda, Azərbaycanın humanist addımları, əsir və girovlara qarşı aparılan siyasəti də mühüm əhəmiyyət kəsb edir. Döyüşə-döyüşə, müharibələri keçə-keçə məhz dünyanın 50 ordusundan biri olduğumuzu sübut etdik. Böyük dövlətlər var ki, onlar öz ərazisində və yaxud da ərazisindən kənarda heç bir müharibə aparmayıblar. Lakin Azərbaycan bunu etdi və qalib, üzü ağ ordu kimi sübut etdi ki, həqiqətən də bu ada layiqdir. Göstərdi ki, öz xalqının arxasında duran və təhlükənin qarşısını ala bilən silahlı qüvvələri var".
Millət vəkili müəllifin məqaləsində PUA-ların fəaliyyətinə yer ayırmasından da söz açıb: "Məqalədə, həmçinin “Armi Tayms” qəzetində dərc olunan bir materialdan sitat gətirilərək göstərilir ki, PUA-ların dəqiq zərbələri düşmən tanklarını tamamilə məhv edir və ya onların hərəkətlərinə mane olurdu. Maks But Rusiya-Ukrayna müharibəsi barədə yazır ki, ukraynalılar indi də Türkiyənin “Bayraktar” PUA-larından istifadə edirlər: “Açıq mənbəli hesabatlar göstərir ki, ruslar 300-ə yaxın tank və 500-dən çox zirehli texnika daxil olmaqla 1600-dən çox maşın və texnika itirib”. Burada ABŞ-ın Ukraynaya dəstəyi ilə yanaşı, Türkiyə istehsallı silahların istifadəsinin əhəmiyyəti də xüsusi vurğulanır.
Mən deyə bilərəm ki, Azərbaycanın bu yeniliyi döyüşlərdə ağır texnikadan istifadə məsələsini gündəmə gətirdi və onun səmərəliliyi məsələsinə yenidən baxılmasını zəruri etdi".