Azərbaycanın diplomatik uğurları və son dövrlər artan siyasi çəkisi böyük güclərin ölkəmizə diqqətini artırıb. Vətən müharibəsi getdiyi zaman Birləşmiş Ştatlarda prezident seçkilərinə hazırlıq işləri gedirdi. Seçki kampaniyası çərçivəsində bir çox adlarını çəkməyəcəyimiz siyasətçilər Azərbaycana qarşı məhdudlaşdırıcı tədbirlərin tədbiq edilməsini təklif edirdilər. Bu təzyiqlərə rəğmən 44 günlük müharibədə qələbə qazanan Azərbaycan 100 illik regional geosiyasi arxitekturanı dəyişdi və ölkəmiz bu gün bölgədə yeni nizam yaradır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan bu mənada xüsusilə fərqlənir. Bu baxımdan, Bakı ilə strateji təmasların gücləndirilməsi çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi güc mərkəzləri üçün müstəsna əhəmiyyətə malikdir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Azərbaycan yeni geosiyasi reallıq yaradıb və bu reallığı böyük dövlətlərə qəbul etdirib:
“Bunun ən bariz nümunələrindən birini ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidentinə Novruz bayramı münasibəti ilə ünvanladığı təbrik məktubunda görə bilərik. Əslində C.Bayden təbrik məktubunda bir çox vacib mesajlar verİB və təkliflər irəli sürüb. Baydenin məktubda ifadə etdiyi tezis ABŞ-ın əməkdaşlıq və sülhə sadiqliyini yenidən təsdiq edilməsi ilə bağlı idi. Başqa sözlə desək, Birləşmiş Ştatlar regionda əməkdaşlıq layihələrinə qoşulmaq və sülh prosesində iştirak etmək niyyətini ifadə edir. Azərbaycan Prezidenti isə C.Baydenə göndərdiyi məktubda bu təkliflərə diplomatik formada cavab verir. Əməkdaşlıq layihələrində iştirak etmək təklifinə cavab bu cümlələrlə verilir: “İşğaldan azad edilmiş torpaqlarımızda postmünaqişə dövründə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz ABŞ-dan olan şirkətlərin də bu prosesdə iştirakını görməkdən məmnun olardıq”.
Deputatın fikrincə, Azərbaycan Prezidenti bildirmək istəyir ki, regional əməkdaşlıq layihələrində iştirakın yeganə yolu münaqişənin bitdiyini etiraf etmək və azad edilmiş ərazilərdə bərpa işlərində iştirak etməkdir:
“Bu istiqamətdə addımlar Birləşmiş Ştatların vaxtaşırı özünü büruzə verən qərəzli siyasətindən imtina etdiyinin sübutu olacaq. Birləşmiş Ştatların sülh prosesində iştirak niyyətinə isə dövlətimizin başçısı mövqeyi aydındır. "Biz sülhün tərəfdarı olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq. Gələcəyə köklənmiş baxış əsasında ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq”, - burada Prezident Azərbaycanın sülh prosesində prinsipial mövqeyini ortaya qoyur. Ermənistan ilə sülh müqaviləsi yalnız tərəflərin qarşılıqlı sürətdə bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini tanımaq şərti ilə imzalana bilər. Başqa sözlə dövlətimizin başçısı bildirir ki, sülh yalnız Qarabağ və Şərqi Zəngəzur üzərində bizim suveren hüquqlarımızın tanınması kontekstində mümkündür”.
Tamam Cəfərova vurğulayıb ki, C.Baydenin Azərbaycan Prezidentinə Novruz bayramı münasibəti ilə ünvanladığı təbrik məktubu ilə bağlı xarici mediada yer alan təhlil xarakterli məqalələrdə, analitiklərin şərhlərində iki məqama xüsusi diqqət yetirilir:
“İlk növbədə C.Baydenin Azərbaycanla 30 illik diplomatik münasibətlərin qeyd olunmasını xüsusi diqqətə çatdırması, ikincisi isə, tərəflər arasında əməkdaşlığın təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi sahəsində genişləndirilməsinin diqqət mərkəzində olmasıdır. Azərbaycan Prezidentinin Baydenə məktubunda ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində birgə fəaliyyətin təqdirəlayiq olması vurğulanıb. Xüsusilə də, enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizənin tərəfdaşlığımızı səciyyələndirən aparıcı sahələr sırasında olması diqqətə çəkir”.
Millət vəkili hesab edir ki, regional və beynəlxalq miqyasda enerji təhlükəsizliyi sahəsində Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması və qəbul edilməsi təsadüfi xarakter daşımır, bir sıra amillərlə şərtlənir:
“Əsas amillərdən biri ölkəmizin müsbət təcrübəsi, mütərəqqi nümunəsidir. Bu gün yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən Azərbaycan regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə strateji əhəmiyyətli layihələrin reallaşdırılması, yeni tərəfdaşlıq platformalarının yaradılması regionda təhlükəsizliyin möhkəmləndirilməsinə, əməkdaşlığın dərinləşməsinə mühüm töhfədir. Bütövlükdə dünyanın böyük dövlətləri, o cümlədən ABŞ da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu da Azərbaycanın indiki çətin dövrdə həm region, həm də dünya siyasətində mühüm aktor olduğunu göstərir”.