26 Mart 2022 15:04
2 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elman müəllim, Xankəndində qaz xəttində problem var, Azərbaycanın qanunsuz silahlıların ərazidən çıxarılması ilə bağlı tələbləri ortadadır. Avropa İttifaqı isə qazın kəsilməsi ilə bağlı “narahat” görünür. Sizcə, prosesin bu səviyyəyə çatmasına səbəb nədir?

- Avropa, Qərb dəyərlərinə bir o qədər də güvən yoxdur. Onlar tarix boyu nümayiş etdiriblər. Vaxtilə Amerikanı işğal edən, orada yerli əhaliyə qarşı soyqırımı həyata keçirən elə avropalılar olub. Yəni bu “xarakterə” görə ermənilərlə yaxınlıqları var. Fakt odur ki, elələri də həmişə bir-birini müdafiə edir. Burada qəribə heç nə yoxdur. Həmçinin Xankəndinə qaz xəttinin gələn istiqamətlərini avropalılar bilmir. O qaz xətti sərt dağlıq ərazilərdən keçib Xankəndinə gəlir. Son 10 gündə təbiətin sərt üzü, şaxta, qar sözsüz ki, qaz kəmərini də zədələyib. Bu normal bir haldır. Azərbaycanın digər bölgələrində vaxtaşırı belə hallar yaşanır. Hətta Xankədinə gələn elektrik xətlərinin də havaların belə sərt keçməsi ucbatından sıradan çıxması mümkündür. Həmçinin Ermənistandan Xankəndinə və digər ərazilərə gələn qaz və elektrik xətləri dayandırılmalıdır. Azərbaycan digər bölgələrinə olduğu kimi bu əraziyə də qaz çəklişini təmin edəcək. Orada hələ də qalmaqda olan cinayətkar ünsürlər tam çıxdıqdan və yerdə qalan əhali Azərbaycan qanunlarını qəbul etdikdən sonra zəruri təminatları da olacaq. Əks halda bunun heç bir perspektivi yoxdur.

- Hansı təsirli addımları atmaq olar ki, proses qısa zamanda yekunlaşsın?

- İşğalçı ölkədən bizim ərazimizə heç bir təminat gətirilə bilməz. Bizə qarşı hansısa iddialarla çıxış edib nəticədə də burada öz maraqlarına uyğun hərəkət etmək heç bir məntiqlə uzlaşmır. Bu məsələlər gec-tez həll edilməlidir. İndiki proses də bunun tərkib hissəsidir. Digər kommunikasiya xətləri kimi Laçın dəhlizini də eyni aqibət gözləyir. Bu gün-sabah biz bura da tam nəzarət edəcəyik. Çünki sərhəd bizimdir. Orada olan rus sülhməramlısı bizim sərhədçimiz ola bilməz. Azərbaycanın özünün Dövlət Sərhəd Xidməti var. Sərhəddə də öz sərhədçilərimiz dayanacaq. Ona görə də, Avropa təşkilatlarının və digər beynəlxalq qrumların nə deməsindən asılı olmayaraq biz sərhədlərimiz daxilində istədiyimiz işi görməkdə sərbəstik.

- Qərbin və digər Avropa ölkələrinin separatçılara dəstəyi nədən qaynaqlanır?

- 30 il Azərbaycana qarşı işğalçılıq edən Ermənistana heç bir söz deməyən Qərb dairələri indiki halda “fəallıq” göstərməklə öz iç üzlərini açır. Ona görə də, indiki halda hansısa bir işğalçı dövlətə qahmar çıxmaq, separatçılar üçün göz yaşı tökmək mənasızdır. Ora Azərbaycan ərazisidir. Ölkə sərhədləri daxilində də qaz və digər kommunal xidmətləri Azərbaycan hökuməti həyata keçirir. Burada ikinci bir iştirakçı ola bilməz və olmayacaq.

- 10 noyabr 2020-ci il Bəyanatının 4-cü bəndi ilə bağlı prosesin icra vəziyyəti gündəmdədir. Sizcə, qısa zamanda bunun icrası real görünürmü?

- Bu yaxınlarda Rusiya Quru Qoşunlarının komandanlığının rəsmi şəxsləri Azərbaycanda səfərdə oldu. Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə görüşdülər. Görüşdə 2020-ci il 10 noyabr Bəyanatında əksini tapan müddəaların icrası ilə bağlı məsələ bir daha diqqətə çatdırıldı. Amma təəssüf ki, il yarımdan çoxdur bu icra edilmir. Ona görə də, Bəyanata imza atmış tərəflərin öz üzərinə götürdüyü öhdəlikləri qısa zamanda icra etmələri artıq bir tələb kimi qoyulub.

- Fərrux dağı və digər ərazilərdə Azərbaycan Ordusunun yerdəyişməsi qarşı tərəfdə niyə narahatlıq yaradır?

- Fərrux dağı Ağdamın yüksəklikdə yerləşən ərazilərindən biridir. Bu dağ Ağdamın başının üstü hesab edilir. Pirlər kəndi, Fərrux dağı, Daş Başı adlanan ərazilər Azərbaycana məxsusdur. Biz də Azərbaycan tərəfi, əsgəri olaraq öz ərazimizdə istədiyimiz yerdə post qura bilərik. Bunun üçün heç kəsdən icazə almalı da deyilik. Çünki ərazi bizimdir. Özümüz bilərik harada, necə dislokasiya təşkil edirik. Heç bir dövlətin ərazisində post qurmuruqsa, burada digər dairələrin və tərəflərin narahatlığı da əsassızdır. Qarşımızda əsas hədəf ərazimizdə hələ də qalmaqda olan separatçıların tör-töküntülərinin çıxarılmasıdır. Proses artıq başlayıb. Bundan sonra da üzü yaz fəslinə doğru bu davam edəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər