26 Mart 2022 18:28
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər ayrı-ayrı rəsmi qurumların, məsul şəxslərin və Ermənistan Xarici İşlər Nazirliyinin 24 mart tarixli bəyanatı göstərir ki, bu dövlət növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltməyə cəhd edir. Onların əsassız bəyanatında guya Azərbaycanın bölgədə vəziyyəti gərginləşdirdiyi ilə bağlı ittihamlar yer alıb. Sözsüz ki, bu erməni mənbələri tərəfindən uydurulmuş və heç bir əsası olmayan fikirlərdir. Məqsəd vəziyyəti süni şəkildə şişirtmək və gərginlik yaratmaqla öz havadarlarının diqqətini bölgəyə çəkmək niyyətidir.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, bu Ermənistanın Azərbaycana qarşı növbəti təxribatıdır:

“Azərbaycan Müdafiə Nazirliyi bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparıldığını açıqlayıb. Bu o deməkdir ki, əsassız hər hansı panikaya ehtiyac yoxdur. Ermənistan tərəfi isə növbəti dəfə dezinformasiya ilə məşğuldur. Sərt və ağır hava şəraiti ilə əlaqədar qaz xətlərində yaranmış texniki problemlərdən siyasi manipulyasiya aləti kimi istifadə etməklə Ermənistan əsl niyyətini bir daha nümayiş etdirir. Qarşı tərəf bölgədə təhlükəsizliyin təmin olunmasına hər vasitə ilə maneə olmağa çalışır. Əfsuslar olsun ki, erməni lobbisinin dezinformasiyalarına əsaslanan bəzi dairələr, xüsusilə də ermənilərə havadarlıq edən xarici qüvvələr məsələnin əsl mahiyyətini bilmədən məsuliyyətsiz bəyanatlar verir”.

Millət vəkili bildirib ki, Ermənistan uzun illər 400 mindən çox əhalisi olan Naxçıvanı qaz blokadasında saxlayanda həmin qərb təşkilatları nədənsə səslərini çıxarmadılar:

“30 ilə yaxın Sərsəng su anbarını qışda açıb, yayda bağlamaqla Azərbaycanın kənd təsərrüfatını məhv etməyə çalışan, su terroru törədən Ermənistana bir söz deyilmədi. Yüzlərlə insanın həyatına və sağlamlığına son qoyan minaların xəritələrinin mövcudluğunu Ermənistan uzun müddət inkar etdi. Birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4000-dək azərbaycanlının taleyi ilə bağlı da Ermənistan heç bir məlumat təqdim etmir”.

Hicran Hüseynova hesab edir ki, Ermənistan 30 ilə yaxın çaylarımızı çirkləndirib, meşələrimizi məhv edib, tarixi-mədəni-dini irsimizi dağıb, saxtalaşdırıb bunlar azmış kimi indi beynəlxalq hüquqdan, norma və prinsiplərdən bəhs edir:

“Sadəcə olaraq Ermənistan siyasi riyakarlıq edərək sülh yaratma prosesinə əngəl törədir. 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan müddəaların icrasını yerinə yetirmir. Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməklə Azərbaycan ərazisində qalmış qanunsuz silahlılarını bölgədən çıxarmalıdır. Çünki beynəlxalq hüquq və prinsiplər əsasında münasibətlərin normallaşması bölgədə sülhün, sabitliyin təmin edilməsinin yeganə yoludur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər