10 noyabr 2020-ci il Bəyanatına uyğun olaraq Azərbaycan öz üzərinə düşən öhdəlikləri doğru və düzgün icra edir. Dövlətimizin hər zamanki kimi sözü və əməli birdir. Ermənistan tərəfi isə yalanı və riyakarlığı özü üçün milli “strategiyaya” çevirib. Öz “siyasətini” böhtanlar üzərində quran Ermənistan hələ də razılaşmaların icrasından yayınır. Eyni zamanda bu ölkə razılaşmaların icra vəziyyətini təmin etməmək üçün təxribatlara əl atır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, son günlər rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə ermənilərin təxibatları çoxalıb:
“Onlar qaz xətti ilə bağlı yalan informasiyalar yaymağa çalışdılar. Amma bu cəhdləri uğursuz alındı. Çünki erməni tərəfi unutmamalıdır ki, Xankəndiyə gedən qaz xətti Qarabağ və Şərqi Zəngəzur rayonlarının ərazisindən keçir. Bura Azərbaycanın suveren ərazilədir. Ölkəmiz lazımi məqamlarda bu ərazilərin də qazlaşma prosesini icra edəcək”.
Millət vəkilinə görə, bu gün lobbi təşkilatları Ermənistanda öz “maraqları” naminə müəyyən bəyanatlar səsləndirir:
“Məqsəd öz təxribatlarına siyasi don geyindirmək cəhdidir. Azərbaycan Xarici İşlər Nazirliyinin bu təxribatlara qarşı mövqeyi ortadadır. Eyni zamanda ABŞ Dövlət Departamentinin anlaşılmaz və həqiqətə uyğun olmayan erməni lobbisinin təsiri altında verilən bəyanatı heç bir əsasa malik deyil”.
Vüqar İskəndərov hesab edir ki, Ermənistanın bu gün sərgilədiyi mövqe anlaşılmazdıır:
“Bu günlərdə Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Amma bundan sonra da qarşı tərəfdən təxribatlara yol verilib. Amma erməni tərəfi yenə də unutmamalıdır ki, o ərazilər Azərbaycana məxsusdur. Sülhməramlıların arxasında gizlənən erməni terrorçuları qısa zamanda ərazini tərk etməlidir. Əks halda onların bu ərazilərdən sağ çıxması mümkün olmayacaq. Qarşı tərəf Azərbaycan Ordusunun gücünə bələddir. Erməni tərəfi Azərbaycanın növbəti hücum əmrindən ehtiyyat etməlidir. Çünki belə bir qərar onlar üçün sonun başlanğıcı demək olacaq”.