Fərrux dağı yüksək strateji əhəmiyyətə malikdir. Bu ərazilərin artıq bizim nəzarətimizə keçməsi xüsusi önəm kəsb edir. Səbr və təmkinlə istədiklərimizə nail oluruq. Bu strategiya da özünü doğruldur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Abbas deyib.
O qeyd edib ki, Fərrux dağı Kolanı məhəlləsindən başlamış Ağdərə, Xankəndi yolunu nəzarətdə saxlayan bir yüksəklikdir: “Həmçinin buradan keçmiş Əsgəran, Xocalı Xankəndi yoluna da nəzarət etmək mükündür. Yeddi Xırman bu yüksəklik çox vacib strateji məntəqlərdir”.
Millət vəkili bildirib ki, Fərrux kəndi tarixi Azərbaycan torpağıdır və heç kimin bununla bağlı narahatlığına ehtiyac yoxdur: “Son zamanlar müvəqqəti olaraq ərazidə yerləşmiş sülhməramlılar da öz missiyalarını icra edə bilmir. Ard-arda baş verən qanunsuz erməni silahlılarının təxribatları bunu bir daha təsdiq edir. Amma Azərbaycan dövləti özünün siyasi, hərbi, diplomatik gücünü ortaya qoyaraq strateji yüksəkliklərə nəzarəti ələ aldı. Buna da heç kəs söz deyə bilmədi”.
Aqil Abbasa görə, biz Ermənistanın ərazisinə daxil olmamışıq: “Fərrux dağında I Qarabağ müharibəsi zamanı ağır döyüşlər gedib. Azərbaycanın cəsur oğulları burada düşmənə öz hünərini göstərib. Əgər Qarabağda hələ də qalmaqda olan insanlar bundan narahatdırlarsa, ərazini tərk etsinlər.
Ermənilər bilir ki, Fərrux dağından Xankəndini vurmaq çox asandır. Sadəcə olaraq onlar unudurlar ki, biz faşist deyilik və dinc əhaliyə güllə atmırıq”.