Birləşmiş Ərəb Əmirliklərində Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentin (TSBP) Beynəlxalq əlaqələr komitəsinin ilk iclası baş tutub.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva iclasda iştirak edərək, fikir və düşüncələrini bölüşüb.
Dünyada tolerantlıq və sülh dəyərlərinin qorunmasının vacibliyini vurğulayan deputat bu məsələdə TSBP-nin məsuliyyətini xatırladıb, yeni təsis edilmiş komitənin dəqiq fəaliyyət planının hazırlanması, təşkilatın beynəlxalq hüdudlarının genişləndirməsi istiqamətində təkliflər irəli sürüb.
Könül Nurullayeva Azərbaycanın 2020-ci ildə qazandığı Böyük Qələbəni də xatırladıb, 4 günə 30 illik işğala son qoyulması tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda azad olunmuş ərazilərdə mina təhlükəsi də gündəmə gətirilib.
TSBP üzvlərinin də işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsinin qarşısının alınması istiqamətində göstərəcəyi dəstək və vətəndaşlarımızın qısa zaman kəsiyində öz ata-baba yurdlarına geri dönməsinə verəcəyi töhfənin olduqca önəmli olduğu bildirilib.
Qeyd edək ki, Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentin IX plenar sessiyası çərçivəsində keçirilən silsilə görüşlər mart ayının 29-u başa çatacaq.