“Hesab edirəm ki, rəsmi şəkildə əlaqələrimiz olmasa da, Ermənistana nota verməli və bildirməliyik ki, Azərbaycan ərazilərindən qoşunlarını çıxarsın. Əks təqdirdə Azərbaycan üzərinə düşəni yerinə yetirəcək, ərazi bütövlüyünü təmin edəcək. 30 ildir Azərbaycan torpaqlarının işğalı, dağıdılması və indi də Ermənistanın oyunlar oynaması, manevrlər etməsini kənara qoymaq lazımdır. Azərbaycanın bölgədə kommunikasiyasının açılması ilə bağlı qəti mövqe bildirməlidir”.
Bunu Teleqraf.com-a Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Qarabağda baş verən son olaylar haqqında danışarkən deyib.
Partiya sədri qeyd edib ki, Ermənistan özünü bölgədə marağı olan mərkəzlərin vasitəsinə çevirməməli, bu kimi fəaliyyətlərinə son qoymalıdır. Onun fikrincə, əks təqdirdə Ermənistan uzun müddət davam edə bilməyəcək: “Bunu indi yaranan situasiya da ortaya çıxarır. Ermənistan bilməlidir ki, oyun oynamaqla heç nəyə nail ola bilməyəcək. Biz də onu əmin etməliyik ki, belə oyunlar və manevrlərlə heç nə əldə edə bilməyəcək, əvəzində bizim tərəfimizdən layiqli cavabını alacaq. İrəvan əmin olmalıdır ki, Azərbaycan tərəfindən layiqli cavab ala bilər”.
Partiya sədri xatırladıb ki, indiyə qədər müharibə Azərbaycan ərazilərində gedib: “Azərbaycanda separatizmin yaradılmasının mümkün olmayacağı, bu prosesin ləğv edilməsi və Azərbaycanın itirilən tarixi torpaqlar uğrunda mübarizə aparacağı bir daha Ermənistana bildirilməlidir. Ermənistan da nəticə çıxarmalıdır. Əks təqdirdə Azərbaycan üzərinə düşəni yerinə yetirməlidir”.