Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Razi bəy, Qarabağda baş verən hadisələrin əsas istiqamət xətti və səbəbləri haqqında nə demək olar?
- Bu gün Qarabağda olan proseslər onun göstəricisidir ki, Azərbaycan qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizin suveren ərazisindən çıxarılmasında israrlıdır. Bu günə qədər rus sülhməramlılarının da orada apardığı siyasətdən Azərbaycan dövlətinin və xalqının narazı olduğu mesajı Moskvaya verilib. İrəvan və Moskva bu məsələdə özlərinə aid olanı götürə bilib. Onlar artıq başa düşdü ki, 10 noyabr 2020-ci ildə imzalanan bəyanatın bütün bəndləri yerinə yetirilməyənə qədər Ermənistana rahatlıq yoxdur. Rusiya da bu razılaşmadan irəli gələn məsələləri icra etmədiyinə görə, tənqid hədəfi olacaq. Bu baxımdan da Azərbaycan Ordusu israrlı siyasəti yerinə yetirməlidir. Rusiya tərəfi və sülhməramlılar başa düşməlidir ki, onlar burada əbədi deyil. Onlar bura Ermənistan silahlılarını çıxarmaq üçün gəlib. Həmçinin sülhməramlılar Azərbaycan ərazisində yaşayan ermənilərin inteqirasiyasına kömək etməlidir. Amma bu günə qədər onlar orada ayrıca separat erməni dövlətinin yaradılmasına köməklik etməyə çalışıb. Bu baxımdan o bizim üçün qəbul edilməz idi. Ona görə də Azərbaycan Ordusu Fərrux kəndində nəzarəti təmin etdi. Ordumuz artıq hərbi hazırlıq vəziyyətinə gətirilib. Bununla bağlı müdafiə naziri müşavirə də keçirib. Nazir orduya yeni daxil olmuş silahların tətbiqi ilə bağlı da tapşırıq verib. Bu isə o deməkdir ki, Ermənistan bizim ərazimizdə qalmış olan silahlı birləşmələrini mütləq çıxarmalıdır.
- Nikol Paşinyanın sülh danışıqlarına dərhal hazırıq bəyanatı indiki dövr üçün nə dərəcədə ciddi qəbul edilə bilər?
- Təbii ki, N.Paşinyan Ermənistan daxilində olan məsələləri nəzərə almağa çalışır. Çünki onun özünə ölkə daxilində böyük təzyiqlər var. Sözsüz ki, o öz yanaşmaları ilə bunları kənara atmalıdır. Ona görə də, N.Paşinyan Qarabağdan birdəfəlik imtina edirəm məsələsini də qəti olaraq deyə bilməz. Amma onun səhvi orasındadır ki, bu məsələləri tez həll edə bilmir. Çünki istənilən halda Ermənistanda hər zaman Qarabağla bağlı iddiada olanlar olub, bu fikirdə qalanlar da olacaq. Hətta mümkün olmayan bir “status” olsa belə bununla da qane olmayacaqlar. Yenidən Paşinyana qarşı hücumlar təşkil ediləcək. Bu baxımdan əsas güc Paşinyanın üzərinə düşür. O özü belə bir qərar verməlidir. Çünki kommunikasiyaların açılması ilə regionda yeni bir canlanma yaranar. Ardınca isə sülh müqaviləsi imzalamaq mümkün olar. Bununla da Ermənistan başqa bir inkişaf yoluna qədəm qoyar. Bütün bunlar Paşinyana bağlı məsələlərdir. O öz qorxaqlığını davam etdirib Azərbaycan qarşı ərazi iddiası irəli sürəcəksə, bunun nəticəsində də erməni əsgəri Azərbaycan ərazisində öləcək. Çıxış yolu isə erməni silahlılarının oradan çıxması və dinc ermənilərin azərbaycanlılarla birgə yaşamaq hüququ qazanmasıdır. Başqa alternativ bir yol yoxdur. Azərbaycan tərəfi də hər dəfə bunu vurğulayıb. Onlar isə başqa havalarda çıxış edir.
- Rusiyanın və rus sülhməramlıların bu məsələlərdəki davranışları nədən qaynaqlanır?
- Onların nə bəyanat verməsinin, hansısa bir addım atmasının Azərbaycana təsiri olmayacaq. Rusiya hazırda Ukrayna ilə müharibə vəziyyətindədir. Onun Qarabağa ayırmaq istədiyi diqqət ən sonda dayanır. Çünki Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyalar bu ölkəni ağır bir vəziyyətə salıb. Bir tərəfdən də Ermənistan Rusiyaya təsir göstərməyə çalışır ki, Qarabağa daha çox diqqət ayırsın. Amma nə olmasından asılı olmayaraq Azərbaycanla Rusiya arasında birgə fəaliyyət haqqında Bəyanat imzalanıb. Bu ölkə Azərbyacanın ərazi bütövlüyünü birmənalı olaraq qəbul edib, suverenliyinə hörmət nümayiş etdirib. Bu baxımdan Qarabağda başqa cür siyasət apara bilməz. O zaman gərək Rusiya Azərbaycanla olan müqavilələrdən çıxsın və münasibətlər pozulsun. Rusiya isə bunu istəməyəcək. Çünki Azərbaycanla Rusiyanın münasibətlərinin pozulması, Türkiyə ilə eyni vəziyyətin yaşanması deməkdir. Rusiya bu gün Türkiyə ilə münasibətlərin pozulmasına heç bir halda razı deyil. Bu Rusiyanın çöküşünü daha da sürətləndirən hal olar. Azərbaycan Rusiya münasibətlərini nəzərə alan, Türkiyə Rusiya əlaqələrini də mütləq amil kimi qəbul etməlidir. Rusiya Azərbaycanla hansı bir addımı atan zaman mütləq şəkildə Türkiyəni nəzərə alır. Ona görə də, bundan sonra Azərbaycan daha israrlı davranaraq Ermənistana aid silahlı birləşmələrin buradan çıxarılmasına nail olacaq. Silahlı ermənilər Qarabağdan çıxarıldıqdan sonra orada onların ayağının altına daş qoyan olmayacaq. Bundan sonra yeganə çıxış yolları Azərbaycan inteqrasiya etməkdən ibarət olacaq. Əks halda buranı tərk edəcəklər.