Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamı tarixi Zəfərdən sonra ölkəmizin keyfiyyətcə yeni strateji mərhələyə daxil olmasını şərtləndirir. Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsasən sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.
İnsan yaşayışının dəyişməsində texnologiyaların hər zaman böyük rolu olub
Biz artıq Dördüncü Sənaye İnqilabının ərəfəsindəyik. Dördüncü Sənaye İnqilabı indiyədək insanların əldə etdiyi bacarıqların, biliklərin tamamilə dəyişilməsi, onların özlərinə gələcəkdə hansı rol seçməsi ilə bağlı çox ciddi çağrışlar edir. Məsələn, insanın ənənəvi olaraq həmişə iki mühüm funksiyası olub. Bunlardan biri əkib-becərmək, digəri isə döyüşməkdir. Bugünkü texnologiyalar hər iki funksiyanı insanın əlindən alır. Yəni, bu gün diqqət yetirsək görərik ki, döyüşlərdə getdikcə daha çox texnologiyalar, robotlar, innovasiyalar kifayət qədər mühüm rol oynayır. Əkib – becərməkdə isə daha çox maşınlar, yenə də robotlardır. Sənayedə artıq deyirlər ki, bir robort insandan təxminən 26 dəfə artıq məhsuldar işləyə bilir. Sözsüz ki, bu baxımdan mühüm bir sual yaranır ki, əgər bəlli bir dövrdən sonra tam hər şey robotlaşacaqsa, onda insanın rolu nədən ibarət olacaq? İnsan nə ilə məşğul olmalıdır? Bu gün insanın rolunun nədən ibarət olacağı barədə düşünən mərkəzlər var. Bildiyimiz kimi, Dünya Bankı, Ümumdünya İqtisadi Forumu bu istiqamətdə ciddi araşdırmalar aparırlar. Azərbaycan da bir dövlət olaraq qarşımızda duran çağırışlara hazırlaşmaq baxımından düzgün yol seçib. Bildiyimiz kimi, Azərbaycan gələcək çağırışları qarşılamaq və buna uyğun addım atmaq baxımından dünyanın birinci onluğunda qərarlaşan dövlətlər sırasındandır. Bu, o deməkdir ki, bizim dövlətin baxışı kifayət qədər aydın və açıqdır. Hətta buna uyğun olaraq hökumətin bir sıra müxtəlif proqramları var. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi bu istiqamətdə atılan addımlardan biridir. Bu da dünyada baş verən çağırışlara cavab vermək, ölkəni, xalqı gələcəyə hazırlamaq məqsədi daşıyır.
Prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” tezisi artıq reallığa çevrilib
Dövlətimizin həyata keçirdiyi siyasətdə sosial layihələr necə önəmli yer tutursa, insan kapitalının hazırlanması və inkişaf etdirilməsi də iqtisadiyyatın inkişafı baxımından kifayət qədər mühüm əhəmiyyət kəsb edir. Ona görə də ötən dövr ərzində Azərbaycanda yüzlərlə yeni məktəbin, xəstəxananın tikilməsinin, təhsil sistemində islahatların aparılmasının, məzmunun dəyişilməsinin, infrastrukturun yenilənməsinin son məqsədi insan kapitalını hazırlamaq və buna uyğun ölkəmizdə alt platformanın hazır olmasıdır. İnsan, insan resursu və insan kapitalı terminlərinə ayrı-ayrılıqda baxsaq görərik ki, burada bir-birindən fərqli cəhətlərin nədən ibarət olduğuna, “hansı mərhələlərdə nəyi etməliyik” sualına cavab tapmaq asandır. Məsələn, insan özü-özlüyündə bir varlıqdır. İnsana əgər heç nə öyrətməsən iqtisadiyyat üçün onun heç bir dəyəri olmur. Lakin onu öyrətdiyimiz zaman artıq ona təhsil, vərdiş və bacarıqlar veririk. Bəlli bir prosesdə artıq o bir təcrübə qazanaraq insan resursuna çevrilir. XX əsrin iqtisadiyyatı ilə bağlı deyilirdi ki, insan resursu iqtisadiyyatın inkişafı üçün kifayət qədər yetərlidir. Amma XXI əsrin iqtisadiyyatı deyir ki, insan resursunun iqtisadi cəhətdən tam formalaşması yetərli deyil, bizə eyni zamanda, insan kapitalı da lazımdır. İnsan kapitalının insan resursundan fərqi ondan ibarətdir ki, əgər insan əldə etdiyi resursu pula çevirə bilirsə o zaman bunun adına deyirlər insan kapitalı. Pula çevirmək üçün də təbii ki, inovvativ mühit, innovativ məkan lazımdır. Onu da qeyd edək ki, bu gün məktəblərin, xəstəxanaların insanlara yaxşı təhsil, vərdiş və bacarıqları öyrətməsinə baxmayaraq, bu, hələ də tam insan kapitalının formalaşması anlamına gəlmir. Əgər biz buna uyğun olaraq innovativ mühit yarada bilməsək, onda həmin insan resurslarını başqa dövlətlər istifadə edəcəklər. Necə ki, biz bu gün dünyada insan kapitalının ciddi miqrasiyasını görürük. Məsələn, Rusiyadan böyük sayda insan resursları Amerikaya, Almaniyadan böyük sayda insan resursları Yaponiyaya köçür. Yəni, bu miqrasiyanı biz daim görürük. Azərbaycanda da müəyyən sayda insan resurslarının miqrasiyasını müşahidə edirik. Ölkədən gedənlər və ya ölkəyə gələnlər də var. Göründüyü kimi, ölkə Prezidentinin imzaladığı sənəddə də hər üç ardıcıllığın qurulması sonda insan kapitalının inkişafına gətirib çıxaracaq.
“Ağıllı şəhər” və “Ağıllı kənd”in özünün sakinlərinin bu texnologiyaları qəbul etmələri nə dərəcədə ola bilər?
Artıq “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyaları üzərində işlərə start verilib. Demək olar ki, bu istiqamətdə işlər gedir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş sənəddə də bu məsələ xüsusi qeyd edilib. Yəni, məkan tam formalaşmasa, insan, cəmiyyət olaraq bunu istəməsə, heç bir halda innovasiyalar tətbiq etmək mümkün deyil. Məsələn, gəlin ilk öncə ixtira ilə innovasiyanın fərqinə baxaq. İxtira ondan ibarətdir ki, bir yenilik kəşf edilir. Əgər bu kəşf insanlara lazımdırsa və insanlar bundan istifadə edirsə, demək bu da innovasiyaya çevrilir. Yəni, ola bilər ki, siz bir kənddə, bir şəhərdə hər hansı bir yenilik tətbiq edirsiniz. Amma insanlar bunu istifadə etməyə hazır deyilsə, onda bu innovasiyaya çevrilməyəcək. Tətbiq etdiyimiz konsepsiyanın son nəticəsindən bəhrələnən məhz insanlar olmalıdır.
Dövlət tərəfindən 2000-ci ilin əvvəlindən etibarən insan kapitalına qoyulan böyük investisiya 30 ildən sonra Qarabağı işğaldan azad etdi
Bir tərəfdən baxsaq görərik ki, innovasiya yalnız dövlətin funkisyası deyil, eyni zamanda, cəmiyyətin də yaşam tərzi olmalıdır. Əgər kimsə, dövlət, hökumət bu istiqamətdə innovativ addımlar üçün proqramlar qəbul edirsə, bunun icra və tətbiq mexanizmləri olmaqla yanaşı, yerlərdə innovasiyaya açıqlıq da tələblər sırasında yer almalıdır. Hətta təhlillər onu göstərir ki, Azərbaycan xalqı bölgədə və dünyada ən çox yeniliklərə açıq olan xalqdır. Bizdə konservatizm qonşu ölkələrlə müqayisədə daha az olduğu üçün yeniliklərin tətbiqi üçün də münbit şərait mövcuddur. Dövlətimiz tərəfindən 2000-ci ilin əvvəlindən etibarən insan kapitalına qoyulan böyük investisiya illər sonra Qarabağı işğaldan azad etdi. Azərbaycan Ordusunun gücü, qüdrəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, Azərbaycan xalqının birliyi, eyni zamanda, yeni texnologiyaların tətbiqi ilə bu Zəfəri qazandıq. İnnovasiyalar, yeni texnologiyalar insanların yaşam tərzi olmaqla yanaşı, yüksək rifahın təmin edilməsi baxımından da çox mühüm rol oynayır.
Tahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-dən irəli gələn məsələlərin həllində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində çap olunur