Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi dislokasiya işləri nəticəsində mart ayının 24-də ordumuz Xocalı rayonunun Fərrux kəndini öz nəzarətinə alıb. Fərrux zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun növbəti uğurudur. Bununla da bütün Azərbaycan xalqı bir daha əmin oldu ki, Prezident nəyi, nə vaxt, necə etməyi yaxşı bilir. Səbr və təmkinlə bütün məsələlər öz həllini tapır və tapacaq.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Azərbaycan hərbçilərinin Fərrux kəndində və dağında mövqe tutması tam qanunidir:
“Fərrux dağı strateji cəhətdən mühüm əhəmiyyətə malikdir. Burada Ağdam rayonunun bəzi kəndlərinə nəzarət etmək mümkündür. Gələcəkdə buraya köçürüləcək sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün strateji əhəmiyyəti var. Əsgərandan Xankəndinə gedən yola nəzarət etmək baxımından da Fərrux dağı böyük önəm kəsb edir. Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsinə daxil olan bu yer Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. 1988-ci ildə Qarabağ hadisələri başlayandan qısa vaxt sonra Fərrux kəndində yerləşmiş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə isə kənd və yaxınlığındakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. Bütün bunlar Fərrux kəndinin tarixi və coğrafi baxımdan əhəmiyyətini göstərir və həmin yerə nəzarət edilməsi Azərbaycanın növbəti hərbi-siyasi qələbəsidir”.
Millət vəkilinə görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalanmasından sonra Fərrux kəndi Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazidə idi:
“Bəyanatın 4-cü bəndi erməni silahlı qüvvələrinin bölgədən çıxarılmasını nəzərdə tutur. Razılaşmaya görə, rus sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Lakin, Bəyanatın imzalanmasından bir ildən çox vaxt keçməsinə baxmayaraq həmin bənd yerinə yetirilməyib”.
Tamam Cəfərova xatırladıb ki, 2022-ci il fevralın 22-də "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb:
“Bəyannamənin 1-ci bəndində qeyd edilib ki, Rusiya ilə Azərbaycan öz münasibətlərini müttəfiqlik, qarşılıqlı fəaliyyət, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurulur. Bəyannamənin 18-ci maddəsində də göstərilir ki, Rusiya və Azərbaycan terrorçuluğa, separatçılığa qarşı birgə mübarizəni özündə ehtiva edir”.
Deputat bildirib ki, Prezident İlham Əliyev hər zaman Ermənistanla sülh sazişi bağlamağa hazır olduğunu bəyan edib: “Əgər Ermənistan tərəfi başqa fikirlərə düşərsə, Azərbaycan masa üzərindən bu şərtləri geri çəkəcəyi halda onları hansı aqibət gözləyəcəyini başa düşməlidir. Dəmir Yumruq yerindədir”.