30 Mart 2022 14:10
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix boyu ermənilər dəfələrlə Azərbaycan xalqına qarşı amansız qətliamlar törədiblər. Bu qətliamlar arasında 1918-ci il martın 31-də törədilmiş qırğınlar xüsusi amansızlığı ilə fərqlənib. Minlərlə insan yalnız azərbaycanlı olduqları üçün ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilib.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, sovet dönəmində bu qanlı tarix təhrif edilsə də, əsl həqiqətləri gizlətmək mümkün olmayıb: “Belə ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra soyqırımı həqiqətlərinin üzə çıxarılması istiqamətində sistemli tədbirlər görülməyə başlandı. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdı. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdi”.

Millət vəkilinə görə, Quba şəhərində kütləvi məzarlığın aşkarlanması 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir: “2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımlar atıldı. Prezidentin 30 dekabr 2009-cu il tarixli Sərəncamı və birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verildi. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilib və 2013-cü il sentyabrın 18-də açılışı olub”.

Sevinc Fətəliyeva hesab edir ki, erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən digər bir addım isə Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalaması oldu: “Azərbaycan xalqı olaraq bu məsələni hər zaman diqqətə saxlamalı, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərimizi daha da gücləndirməliyik. Bu prosesdə təkcə dövlət qurumları deyil, bütövlükdə cəmiyyətimiz, o cümlədən xaricdəki diaspor təşkilatlarımız hər zaman fəallıq göstərməlidir. Dünya xalqları ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğınlar haqqında məlumatlı olmalıdır. Bu amil ermənilərin saxta iddialarının ifşa olunmasında çox önəmlidir”.


Müəllif: Tapdıq Qurbanlı