31 Mart 2022 09:14
1 730
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Krım və Donbas Ukrayna üçün həyati məsələlərdir. Qənaətimə görə, Kiyev güzəştə getməyəcək. Sadəcə olaraq, Ukrayna Rusiya ilə sülh müqaviləsi imzalamaq üçün beynəlxalq zəmanət istəyir. Yəni burada Finlandiya və ya İsveç modeli həyata keçirilə bilər. Ukrayna modelini isə bunlardan fərqləndirən məqamlar var. Bu modelə görə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də daxil olmaqla, 11 qarant ölkə hərbi müdaxilə olacağı təqdirdə, dərhal Ukraynaya hərbi yardım etməlidir”.

Politoloq Natiq Mirinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Türkiyədə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilmiş görüş haqda təəssüratlarınız necədir? Həm Kiyev, həm Ankara, həm də Moskvadan görüşlə bağlı müsbəq siqnallar verildi.

- Əvvəllər də demişdik ki, bu müharibənin bitməsində vasitəçilik edən ölkələr arasında ən inandırıcısı Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğandır. Türkiyə yeganə dövlətdir ki, sözün həqiqi mənasında bu müharibənin qarşısını almaq istəyir. Həm Rusiya, həm də Ukrayna Türkiyəyə inanır. Fikir verin ki, Türkiyə Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmadı. Hətta buna görə Türkiyəni ittiham edənlər də tapıldı. Əgər Türkiyə sanksiyalara qoşulsaydı, tərəflər arasında bu səviyyədə vasitəçilik edə bilməzdi, ona inanmayacaqdılar. Vasitəçilik etmək üçün tərəflər arasında bərabər məsafə saxlamaq lazımdır. Türkiyənin etdiyi də budur. Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanımaqla, Krım və Donbasın işğalını qəbul etməməklə yanaşı, Rusiya ilə strateji tərəfdaşlıq münsibətlərini də qoruyur.

Hesab edirəm ki, Türkiyənin vasitəçiliyi ilə İstanbulda keçirilmiş görüş dünyada müharibənin bitəcəyi ilə bağlı ümid yaradıb. Eyni zamanda, görüş yerinin Belarusdan Türkiyəyə dəyişdirilməsi Ukraynanın böyük uğurudur. Çünki perspektivdə sülh müqaviləsi imzalanarsa, Ukraynanın təhlükəsizliyi ilə bağlı qarant ölkələrdən biri məhz Türkiyə olacaq.

- Bəs Türkiyənin vasitəçi olduğu proses müharibənin başa çatması və sülh müqaviləsinin imzalanması ilə sonlana bilərmi?

- Bəzi məqamlar var ki, hələlik bunlara aydınlıq gətirilməyib. Məsələ budur ki, Rusiya lideri hələ də özünün hərbi-siyasi hədəflərinə çata bilməyib. Artıq Rusiya “ildırımsürətli müharibə” planından imtina edərək, B variantına üstünlük verir. Bu o deməkdir ki, Kiyev və digər böyük vilayətlərin işğal edilməsi ehtimalı sıfıra yaxın olduğu üçün Rusiya B planına keçir, bununla da “müharibənin birinci mərhələsi”nin bitdiyini elan edir. Əslində, Rusiya “birinci mərhələ”də hədəflərinə nail ola bilmədi. Yəni Xerson istisna olunmaqla, heç bir böyük şəhəri işğal etməyi bacarmadılar. Ayrıca, perspektivdə paytaxt Kiyevin işğal edilməsi ehtimalının sıfıra bərabər olduğunu nəzərə alaraq, eyni zamanda, daha çox itkilərdən qaçmaq və gələcəkdə “Pirr qələbəsi”ni rus cəmiyyətinə sırımaq üçün Rusiyanın “uğur hekayəsi”nə ehtiyacı var.

- Bu “uğur hekayəsi”ni necə yarada bilərlər?

- Hesab edirəm ki, bu, Donbasda hansısa bir qələbədən ibarət ola bilər. Bilirsiniz ki, Rusiya bir aydan çoxdur davam edən müharibədə Donetsk və Luqanskdakı separatçı rejimlərin inzibati sərhədlərinə çata bilməyib. Ən əsası da, strateji şəhər Mariupolu işğal edə bilmirlər. Mariupolun işğalı Donbasın inzibati sərhədlərinə çatmaq anlamına gələcək. Bu, eyni zamanda, Krımla Ukraynanın işğal edilmiş şərq vilayətləri arasında quru əlaqəsinin yaradılması deməkdir.

Rusiya savaşdan əvvəl də bəyan etmişdi ki, bu, müharibə yox, xüsusi hərbi əməliyyatdır, əsas məqsəd Donbasın inzibati sərhədlərinə çatmaqdan ibarətdir. Çünki Donetsk və Luqansk separatçıları öz müstəqilliklərini elan ediblər, artıq Rusiyaya birləşmək üçün müraciət olunub. Buna görə də, Rusiya çalışacaq ki, bütün Donbas bölgəsini işğal etsin. Bununla da, həmin ərazilərin sonradan Rusiyaya birləşdirilməsinə zəmin hazırlamaq istəyirlər. Rusiya hələlik bu hədəfinə də çata bilmir.

Düşünürəm ki, müharibədəki itkiləri və beynəlxalq sanksiyalar Rusiyanı ciddi şəkildə sarsıtdığı üçün Moskvada bu savaşın perspektivdə ölkə üçün hansı nəticələri verəcəyini görmürlər. Amma İstanbulda keçirilən son görüş göstərdi ki, Rusiya nümayəndə heyəti bu müharibədə uduzduqlarını anlamağa başlayıb. Artıq bu müharibədə dönüş nöqtəsi yaratmaq Rusiya üçün mümkünsüzdür. Buna görə də Rusiyanın “Pirr qələbəsi”nə ehtiyacı var. Bu baxımdan, B planı – Donbasın inzibati sərhədlərinə çatmaq variantı baş tutarsa, düşünürəm ki, müharibənin bitməsinə zəmin yaranacaq.

- Ukrayna bu işğalla barışacaqmı?

- Zənn etmirəm. Krım və Donbas Ukrayna üçün həyati məsələlərdir. Qənaətimə görə, Kiyev güzəştə getməyəcək. Sadəcə olaraq, Ukrayna Rusiya ilə sülh müqaviləsi imzalamaq üçün beynəlxalq zəmanət istəyir. Yəni burada Finlandiya və ya İsveç modeli həyata keçirilə bilər. Ukrayna modelini isə bunlardan fərqləndirən məqamlar var. Bu modelə görə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də daxil olmaqla, 11 qarant ölkə hərbi müdaxilə olacağı təqdirdə, dərhal Ukraynaya hərbi yardım etməlidir.

Artıq Avropa da özünün gələcək təhlükəsizliyi ilə bağlı hərəkətə keçib. Bu hərəkətlilikdə də avanqard ölkə məhz Ukraynadır. Hesab edirəm ki, Ukrayna modeli həyata keçsə, bu həm də Avropanın yeni təhlükəsizlik sisteminin qurulması anlamına gələcək. Qənaətimə görə, müharibənin bitməsi və sülh müqaviləsinin imzalanması üçün çox ciddi zəmin var. Bu zəmini də Türkiyə yaradıb. Bu baxımdan, yaxın gələcəkdə Türkiyədə Rusiya və Ukrayna prezidentləri – Vladimir Putin və Volodimir Zelenski arasında görüşün keçirilməsi mümkündür. Çünki sülh müqaviləsinin mətni hər iki dövlət tərəfindən işlənib və hüquqi cəhətdən hazırlanıb. İndi bu sənədlərin razılaşdırılması və imzalanması üçün iki ölkənin liderinin iradəsinə ehtiyac var.

Hiss olunur ki, artıq müharibənin sonuna yaxınlaşırlar. Rusiya rəhbərliyi reallığı qəbul etsə, müharibəyə son qoymaq mümkün olacaq. Müharibənin sülhlə bitməsində qardaş Türkiyənin əvəzolunmaz rolu olacaq ki, bu da Ankaranın bölgədəki rolu və nüfuzunu daha da artıracaq. Bu, Azərbaycanın mövqeyini də gücləndirəcək.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri də diqqət çəkdi. Bu səfər çərçivəsində iki ölkə arasında hərbi saziş imzalandı, Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti müzakirə olundu. Necə düşünürsünüz: Rusiyanın Ukraynada atdığı addımlar türk dövlətlərini sıx inteqrasiya məsələsində bir daha düşündürəcəkmi və Ərdoğandan bu yöndə fəal addımlar gözləmək olarmı?

- Türkiyənin dərhal hərəkətə keçməsi, yaranmış boşluğu doldurmaqdan ibarətdir. Çünki Ukraynaya hərbi müdaxilə Rusiyanın “hərb maşını”nı darmadağın etdi, yəni rus ordusunun təqdim edildiyi qədər güclü olmadığını üzə çıxardı. Eyni zamanda, Ukraynaya təcavüzdən sonra heç kimin Rusiyanın “təhlükəsizlik çətiri” altında özünü təhlükəsizlikdə hiss etmədiyi məsələsini gündəmə gətirdi. Bu baxımdan, Türkiyə də digər türk ölkələri ilə hərbi-siyasi inteqrasiyanı gücləndirmək istəyir. Söhbət həm də iqtisadi inteqrasiyadan gedəcək.

Hər halda Orta Asiyanın türk ölkələri reallıqları anladılar, onlar başa düşdülər ki, Rusiyanın “təhlükəsizlik çətiri” altında təhlükədədirlər. Hesab edirəm ki, Rusiyanın atdığı addım onun orbitində mərkəzdənqaçmanı sürətləndirəcək. Bu da Türkiyəni hərəkətə gətirir, bunun da nəticələrini görəcəyik.

- Bəs Ukrayna prosesi fonunda Türkiyə-Azərbaycan münasibətlərini nə gözləyir, əlaqələrin daha da dərinləşdirilməsi yönündə nə kimi gəlişmələr ola bilər?

- Bu prosesdən güclü çıxan tərəf Türkiyədir. Növbəti dəfə Türkiyənin geosiyasətinin nə qədər doğru olduğu bir daha bütün dünyaya bəyan oldu. Halbuki bura qədər NATO üzvü olan Avropa Birliyi dövlətləri və digər regional ölkələr Türkiyənin addımlarını tənqid edirdilər. Amma Türkiyə göstərdi ki, tərəflər arasında məsafə saxlamaqla müharibənin başa çatmasına nə boyda zəmin yaratdı. Bu, Türkiyənin region və dünyada mövqelərinin güclənməsi deməkdir.

Düşünürəm ki, Türkiyənin Ukrayna-Rusiya prosesindən daha da güclənərək çıxması Qarabağla qalan məsələlərin Azərbaycanın lehinə həll olunmasına da ideal zəmin yaradacaq. Baş verənlər iki qardaş ölkənin bir-birinə daha da yaxınlaşmasına şərait yaratmaqla bərabər, qlobal miqyasda Türkiyə və Azərbaycanın nə qədər strateji əhəmiyyətə malik olduğunu göstərdi. Bu da qlobal gücləri Türkiyə və Azərbaycanla daha yaxından işləməyə sövq edir. Baş verənlər bundan sonra Türkiyənin siyasətinin NATO və digər qlobal səviyyələrdə dəstəklənməsi zərurətini yaradıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər