10 noyabr 2020-ci il razılaşmasından sonra Azərbaycan ərazisində qalmaqda olan separatçıların qalıqları, Ermənistana məxsus qanunsuz silahlı birləşmlər dərhal buranı tək etməlidir. Bu proses rus sülhməramlılarının əraziyə daxil olması ilə paralel şəkildə icra edilməli idi. Amma Ermənistan hakimiyyəti həmişə olduğu kimi indi də öz üzərinə düşən vəzifələri icra etməkdən boyun qaçırır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Onun fikrincə, hər bir dövlətin suveren hüququdur ki, öz ərazisində hansısa qanunsuz silahlıların olmasına imkan verməsin:
“Ona görə də, Ermənistana aid silahlı qüvvələrin Azərbaycan ərazisində qalması qəbuledilməzdir. Bununla bağlı dövlətimiz beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əsaslanaraq qanunsuz silahlıların suveren ərazimizdən çıxarılmasına nail olacaq”.
Millət vəkili bildirib ki, ermənilərin uzun illər olduğu kimi son dövrlər də Fərrux kəndi və həmin ərazidə yerləşən yüksəkliklərdən silahlı qüvvələrimizə qarşı təxribatlar edirdi: “Fərrux yüksəkliyinin Azərbaycanın nəzarətinə keçməsi və qanunsuz erməni silahlılarının ərazilərimizdən çıxarılması ilə bağlı atılan addımlar hələ başlanğıcdır. Ağdam Əsgərən yolu istiqamətində olan ərazilərə nəzarət etmək üçün bu mövqelərin bizim əlimizdə olması mühüm əhəmiyyət kəsb edir. Buradan həmçinin Xaçın çayı istiqamətində olan ərazilərə də nəzarət etmək mümkündür”.
Elman Məmmədova görə, Ermənistanı narahat edən, təşvişə salan məsələlər də məhz bundan ibarətdir: “Bu ölkə artıq anlamalıdır ki, Azərbaycan öz ərazilərini terrorçulardan tam təmizləyəcək. Çıxış yolları qanunsuz silahlıları ərazimizdən tez müddətdə çıxarmaq və Azərbaycanla qısa zamanda sülh müqaviləsi imzalamaqdan ibarətdir. Onlara şimaldan, qərbdən dəstək verənlər də bu reallığı dərk etməlidir”.