31 Mart 2022 19:27
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin bu gün Azərbaycan və Ermənistanın siyasi liderləri ilə danışıb: tərəflər Qarabağdakı vəziyyəti müzakirə edib, 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl həyata keçirilməsinin vacibliyini təsdiqləyiblər;

Putinin telefon danışığının əsas səbəbi Əliyev və Paşinyanın aprelin 6-da Bresseldə Şarl Mişelin vasitəçiliyi ilə görüşməsidir: Rusiya xüsusilə Ukraynadakı müharibədən sonra Qərb cəbhəsində təşkil edilən belə görüşləri Cənubi Qafqazda “əsas vasitəçi” roluna riskli hesab edir və görüşdən öncə tərəflərin onun vasitəçiliyinə sadiqliyini yoxlayır;

Rusiya Qarabağda baş verən son hadisələrin də Qərb masasında müzakirə edilməsində maraqlı deyil. Hərçənd, bunun üçün razılaşmaların icrasında irəliləyiş olmalı, xüsusilə Qarabağda gərginliyə səbəb olan 4-cü bənd (erməni silahlı dəstələrin çıxarılması) yerinə yetirilməlidir. 4-cü bənd həm də 11 yanvar və 26 noyabr razılaşmalarının icrası önündə əsas əngəldir.

Paşinyanın son açıqlamaları isə bölgədə yeni eskalasiyanın anonsu hesab edilə bilər. 10 noyabr razılaşmasının 4-cü bəndini özünməxsus formada təhrif edən Nikol deyir ki, qondarma “Qarabağ müdafiə qüvvələrinin” çıxarılması ermənilərin Qarabağdan çıxarılması deməkdir.

Birincisi, razılaşmanın 4-cü bəndində “sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” sözləri qeyd olunur və bu, Paşinyanın iddia etdiyi kimi, erməni silahlı dəstələrinin Azərbaycan ərazisində geri çəkilməsi yox, bölgədən çıxarılmasını nəzərdə tutur;

İkincisi, Azərbaycan Ordusu müharibənin gedişində erməni dəstələrini hazırda olduqları mövqelərə qədər təmizləmişdi və razılaşmaya əsasən hansısa “geriçəkilmə” olmayıb;

Üçüncüsü, Paşinyan qondarma “Qarabağın müdafiə qüvvələri” deməklə hazırda Azərbaycan ərazisində olan erməni silahlı qüvvələrinin qalıqlarının da separatçıların “ordusu”na aid olduğunu göstərməyə çalışır; hərçənd, razılaşmada söhbət “erməni silahlı qüvvələri”ndən gedir və 4-cü bəndin icrasından sonra separatçılar, eləcə də onların terrorçu dəstələrinin təmizlənməsi Azərbaycanın daxili işidir;

Bu iddialar Ermənistan tərəfinin 4-cü bəndi icra etməkdən açıq mətnlə imtina etməsi deməkdir və erməni baş nazirin Brüssel görüşündən öncə bu mövqeyi təsadüfi deyil: İrəvan məsələləri Avropa masasına daşımaq niyyətindədir; Zəngəzur dəhlizi məsələsində Ermənistanın istədiyi “yol məntiqinin” də Brüssel masasında qəbul edilməsi Paşinyanın erməni silahlı dəstələri ilə bağlı məsələni də Rusiyasız masada qəbul etdirmək cəhdindən xəbər verir;

Bütün bunların kontekstində Fərruxda baş verənlərə görə Paşinyanın Rusiya sülhməramlılarını ittiham etməsi də diqqət çəkir.

Baş verənlər, xüsusilə Paşinyanın son mövqeyi 4-cü bəndin icrası üçün Bakını anti-terror əməliyyatından başqa çıxış yolu qoymur. Putinin hər iki tərəflə danışması və razılaşmaların icrasına sadiqliyin vurğulanması da Rusiyanın yaranmış əməliyyat zərurətindən narahat olduğunu və vəziyyəti sakitləşdirmək istədiyini göstərir.

Vəziyyətin uzun müddət belə davam etməyəcəyi də ortadadır və razılaşmalarda irəiləyin olmaması Moskvanın vasitəçiliyinə riskləri artırır. Mümkündür ki, Əliyev Putinlə söhbətdə 4-cü bəndin icrasının vacibliyini və bu edilmədiyi təqdirdə kommunikasiya, eləcə də sərhəd razılaşmalarının icrasının mümkünsüzlüyün izah edib.

Proseslər 4-cü bəndin yerinə yetirilməsinin aktual olduğunu deməyə əsas verir. Lakin əsas məsələ fərqlidir: erməni qoşunlar razılaşmaya əsasən bölgəni tərk edəcəklər, yoxsa buna məcbur ediləcək?!


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər