1 Aprel 2022 15:20
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın Xarici İşlər naziri Zbiqnev Rau Bakıda səfərdə oldu. Bu səfər həm ölkəmiz, həm də region üçün çox önəmlidir. 30 il Ermənistanla Azərbaycan arasında münaqişənin (artıq keçmişdə qalan) həlli ilə məşğul olan və heç bir nəticə əldə etməyən bir qurumun rəhbərinin Bakıya səfəri, xüsusilə əhəmiyyət kəsb edirdi. Son günlər Ermənistanın Qarabağda törətdiyi təxribatların və onların qarşısının alınması istiqamətində Azərbaycanın atdığı qətiyyətli addımlar fonunda ATƏT sədrinin nə deyəcəyi, hansı bəyanatla çıxış edəcəyi maraqla gözlənilirdi.

Bunu Teleqraf.com-a Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev ATƏT-in sədrini qəbul edən zaman Ermənistanla imzalanacaq sülh müqaviləsinin baza prinsiplərini təşkil edən 5 müddəanı bir daha qeyd etdi: “Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasının şərtlərini diqqətə çatdırıldı. Münaqişənin həll olunduğu və post-münaqişə mərhələsinin əsas çağırışları vurğulandı. Rəsmi görüşlərdən sonra Zbiqnev Raunun mətbuata verdiyi açıqlamaların hazırki vəziyyətə adekvat olduğunu söyləmək olar.

ATƏT sədrinin bəyanatının əsas tezisləri ATƏT-ə etimadın artırılmasına və post-münaqişə dövründə fəaliyyətə çox böyük önəm verilməsini ehtiva edirdi. Təcavüz faktının ATƏT-in özünün mövcudluğu üçün təhlükə olduğu önə çəkildi. ATƏT-in Azərbaycan və Ermənistan arasında dialoqa, iki ölkə arasında dayanıqlı sülh sazişinin imzalanması işinə verəcəyi töhfə xüsusi vurğulandı. ATƏT sədri vurğuladı ki, “buradan İrəvana gedəcəyəm, orada çağırış edəcəyəm ki, onlar ehtiyatlı davransınlar və diplomatik həll yoluna üstünlük versinlər”. ATƏT həmçinin 4000-ə yaxın itkin düşmüş azərbaycanlıların taleyinin müəyyən edilməsinə, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinə töhfə verməyə hazır olduğunu bəyan edib”.

Azay Quliyev bildirib ki, ATƏT-in hazırkı sədri “ATƏT-in Minsk qrupu”, “Dağlıq Qarabağ”, “münaqişə” və ya “status” kimi öz əhəmiyyətini itirmiş söz və söz birləşmələrindən istifadə etmədi: “Tam əksinə, Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun, çox praqmatik və regionda sülhə və təhlükəsziliyə töhvə verə biləcək mesajlar səsləndirdi. Belə bir yanaşma son 30 ildə ATƏT-in tarixində, özü də sədr səviyyəsində ilk dəfə idi ki, sərgilənirdi. Hesab edirəm ki, bu bəyanat Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığın, Vətən müharibəsində əldə etdiyi şəksiz qələbənin, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstəyin ATƏT səviyyəsində ifadə olunması, tanınması və etirafı idi. Azərbaycan dövləti və xalqı bu ədalətli yanaşmanın təmini üçün 30 il mübarizə aparmalı oldu. Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Şanlı ordusu və qəhrəman xalqı Vətən müharibəsini qələbə ilə başa çatdırmaqla, Ermənistanın işğalına son qoymaqla, təkbaşına BMT TŞ qətnamələrini icra etməklə ədalətin təntənəsinə nail oldu”.

Millət vəkilinə görə, ATƏT sədrinin bu bəyanatı ATƏT -in bütün institutları üçün əsas kimi götürülməlidir: “Bu qurumdakı bəzi manipulyasiyalara, xüsusilə, Minsk qrupunu diriltmək istəyən həmsədr ölkələrin siyasi dairələrinə və Ermənistana açıq dərs olmalıdır. Bu, bəyanat heç şübhəsiz ki, digər beynəlxalq təşkilatlarda, özəlliklə ATƏT PA-da bizim mövqeyimizi daha da gücləndirəcək. Ermənistanın siyasi manevr imkanlarını və spekulyasiyalarını xeyli dərəcədə məhdudlaşdıracaq. ATƏT sədrinin verdiyi mesajlar 10 noyabr Üçtərəfli Bəyanatın strateji maraqlarımıza cavab verdiyini, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının hərbi-siyasi yollarının necə dəqiqliklə və uzaqgörənliklə müəyyən edildiyini bir daha təsdiq etmiş oldu. Zbiqnev Raunun 5 bənddən ibarət bugünkü açıqlamasından sonra bütün beynəlxalq təşkilatlardan əlini üzən, sadəcə, ATƏT-ə və onun həmsədrlik institutuna az da olsa ümid bəsləyən Ermənistanın ümidləri puç oldu”.

Deputat hesab edir ki, artıq çevrə qapandı və Azərbaycan hərb meydanında əldə etdiyi möhtəşəm qələbəni diplomatik müstəvidə də tam möhkəmləndirdi: “Başqa sözlə desək, Azərbaycan əməkdaşlıq və təhlükəsizlik səhəsində ixtisaslaşmış, Helsinki Yekun Aktının icrasına bir başa məsuliyyət daşıyan ATƏT-dən istədiyini ala bildi. Yenə də İlham Əliyev uzaqgörənliyi, siyasi müdrüklüyü və diplomatik bacarığı qalib gəldi! Aprelin 6-da Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Paşinyan arasında nəzərdə tutulan görüşdə “Fərrux zəfəri”ndən sonra əldə etdiyimiz siyasi üstünlüyə ATƏT sədrinin net mesajları da əlavə ediləcək. Bu görüş Azərbaycanın müəyyən etdiyi şərtlər çərçivəsində sülh müqaviləsinin hazırlanması və imzalanması üçün dönüş nöqtəsi olacaqdır”.


Müəllif: Tapdıq Qurbanlı