2 Aprel 2022 09:14
6 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şarl Mişel çalışır ki, Ermənistanı Rusiyanın nəzarətindən çıxarsın, buna görə də, növbəti dəfə bu addım atılır. Azərbaycan da beş bənddən ibarət olan şərtlərini irəli sürüb. Bunu cənab prezident də elan etdi. Bu şərtlər beynəlxalq hüququn on əsas prinsipindən beşini ehtiva edir. Yəni Azərbaycanın şərtləri BMT nizamnaməsi və digər beynəlxalq sənədlərdə də öz əksini tapıb. Yəni Azərbaycan özündən yeni nəsə icad etmir, beynəlxalq hüquq normaları əsasında sülh sazişinin imzalanmasını istəyir. Ermənistandakı müəyyən qüvvələri, xüsusən də Köçəryan-Sərkisyan dueti buna mane olmağa çalışır”.

Politoloq Cümşüd Nuriyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Brüsseldə Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. Bu görüşdən gözləntiniz nədir: dünyanın bütün diqqətinin Ukrayna-Rusiya müharibəsinə yönəldiyi bir vaxtda Brüsselin bu təşəbbüsü nədən irəli gəlir?

- Liderlər ötən ilin son aylarında da Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə görüşmüşdülər. Həmin görüşdən sonra Ermənistanın Qarabağla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi məsələsi gündəmə gəldi. Çünki Rusiyada elə qüvvələr var ki, onlar Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamasının əleyhinədirlər. Başqa bir məsələ budur ki, aprelin 10-da Gürcüstanın işğal edilmiş separatçı Cənubi Osetiya bölgəsində Rusiyaya birləşmək barədə referendum keçiriləcək. Bundan sonra Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyaya qarşı sanksiyalara qoşulduqlarını açıqladı. Belə bir durumda Cənubi Qafqazda yeganə açar dövlət Azərbaycan qalır. Azərbaycan Rusiya ilə həm ikitərəfli müttəfiqlik haqda bəyannamə, həm də Ermənistanın iştirak etdiyi iki üçtərəfli anlaşma imzalayıb. Həmin üçtərəfli bəyanatların bəndlərinin bəziləri yerinə yetirilməyib.

Şarl Mişel də çalışır ki, Ermənistanı Rusiyanın nəzarətindən çıxarsın, buna görə də, növbəti dəfə bu addım atılır. Azərbaycan da beş bənddən ibarət olan şərtlərini irəli sürüb. Bunu cənab prezident də elan etdi. Bu şərtlər beynəlxalq hüququn on əsas prinsipindən beşini ehtiva edir. Yəni Azərbaycanın şərtləri BMT nizamnaməsi və digər beynəlxalq sənədlərdə də öz əksini tapıb. Yəni Azərbaycan özündən yeni nəsə icad etmir, beynəlxalq hüquq normaları əsasında sülh sazişinin imzalanmasını istəyir. Ermənistandakı müəyyən qüvvələri, xüsusən də Köçəryan-Sərkisyan dueti buna mane olmağa çalışır.

Avropa Birliyi Paşinyanı yenidən xalça üzərinə dəvət edir. Hər halda bu dəfə qərar vermək mümkün olacaq.

- Görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderlərinə zəng etdi. Bəs bu nədən xəbər verir?

- Avropa Birliyi elan edəndə ki, Azərbaycan və Ermənistan rəhbərləri aprelin 6-da Brüsseldə görüşəcəklər, Putin dərhal dəstəyə əl atdı. Rusiya Avropa Birliyinin vasitəçiliyindən narahatdır. Amma bu telefon danışıqlarında nələrin gündəmə gətirildiyini bilmirəm. Yenə də burada söz sahibi Azərbaycandır.

Fərrux yüksəkliyi və eyniadlı kəndin azad olunması, üstəgəl, Pirlər kəndinin nəzarətə götürülməsi Azərbaycan üçün yeni kart-blanşdır. Hesab edirəm ki, Azərbaycan prezidenti Brüsselə çox arxayın şəkildə gedir. Baş verənlər də Putini narahat edir. Ola bilsin ki, imperiya ambisiyaları ilə bağlı planları istədikləri kimi getmir. Təbii ki, Ermənistana dediyi şeyin tam əksini Azərbaycana deyir. Ancaq ehtimal etmək olar, söhbətin nələrdən getdiyini demək çətindir.

- Rusiyalı deputat Mixail Delyagindən sonra onun sabiq həmkarı, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin keçmiş müavini Aleksandr Şerin də Azərbaycanı “İsgəndər” və “Kalibr”lə hədələdi. Rusiyadan gələn bu təhdidedici açıqlamaların arxasında hansı məqamlar var?

- Mixail Delyagini təsadüfən ortaya çıxarmayıblar. O, Rusiyanın növbəti Jirinovskisidir. Delyaginin Azərbaycandan istədiyi üzr də yarımçıqdır. Şerin də onun astarıdır. Əslində Delyaginin Bakının neft buruqlarının vurulması hədəsi bizə ünvanlanmayıb, bu, İngiltərəyə mesajdır. Yaxınlarda İngiltərənin silahlı qüvvələr naziri (Ceyms Hippi) Bakıya gəldi. O, cənab prezidentlə də görüşdü.

Azərbaycana sərmayə qoyan ən böyük şirkət BP-dir. Bu şirkət də İngiltərənindir. Yəni mesaj İngiltərəyə yönəldilib. Amma Delyagin Paşinyan kimi uğursuz danışdı, üz-gözünə bulaşdırdı. Rusiya da məcbur oldu ki, dövlət səviyyəsində bu bəyanatın üstündən keçsin.

Bu məsələdə Azərbaycan mediası, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin müsbət rolu danılmazdır. Parlamentdə də öz mövqeyini bildirənlər oldu. Yəni Azərbaycan 44 günlük müharibədən sonrakı siyasi birliyi qoruyub-saxlayır. Həm Delyagin, həm də Şedrinin açıqlamaları gündəmdədir. Hesab edirəm ki, Azərbaycana qarşı təxribat aparan kanallara qadağa qoyulmalıdır. Niyə biz Rusiyanın bu kimi kanallarına baxmalıyıq? Yüksək Texnologiyalar Nazirliyi bu məsələlərə diqqət etməlidir.

Azərbaycanı təxribata çəkmək istəyirlər, ona qarşı informasiya müharibəsi aparırlar. Buna sakit baxmaq lazım deyil, qabaqlayıcı tədbirlər görülməlidir. Biz onların nə deyəcəyini gözləməməliyik. Bu baxımdan, AZTV fəaliyyətini yüksək səviyyədə aparır, digər telekanallar da fəaliyyətlərini gücləndirməlidirlər.

- Türkiyə ilə imzalanmış müttəfiqlik haqda Şuşa Bəyannaməsi Rusiyadan gələn hədələri dəf etmək üçün nə qədər effektlidir?

- Ən təhdidedici və hədələyici çıxışı Satanovski etdi. O, Rusiyanın dərin dövlətinin ən güclü siyasi şərhçilərindən biridir. Adam Ərdoğanı, Türkiyəni və Azərbaycanı təhdid edir. Azərbaycan mediası ona cavab verməlidir. Satanovski Şuşa bəyannaməsinə görə Azərbaycan və Türkiyəni hədələyir. Bundan narahatdırsa, cəhənnəmə olsun, söhbət onun narahatlığından getmir. Adam Azərbaycanı hədələyir ki, Rusiya Türkiyəni vurmalıdır. Guya Azərbaycan qurtarıb, Türkiyəyə keçiblər. Satanovski öz soyadını da doğruldur, o, Rusiyanın “ən böyük şeytanlar”ından biridir və bir nömrəli ermənipərəstdir. Hesab edirəm ki, bu məsələ də gündəmə gəlməlidir.

Şuşa bəyannaməsinə gəldikdə, birmənalı şəkildə bu, Rusiya və digər təhlükələrin qarşısının alınmasında effektlidir. Eyni zamanda, fevralın 22-də Rusiya ilə müttəfiqlik haqda anlaşmanın imzalanması da Azərbaycanı bu təhlükədən (Rusiya – red.) sığortalayır. Azərbaycan prezidenti onu qabaqladı. Türkiyə faktoru isə danılmazdır. Buna görə də, çalışırlar ki, Azərbaycan-Türkiyə qarşıdurması yaratsınlar. Amma buna nail ola bilməyəcəklər, Türkiyə qardaş ölkədir. Rusiya 200 ildən çox Azərbaycanı öz əsarətində saxladı, indi bizi oradan çıxmağa yardım edən ölkəyə düşmən olaq? Bu mümkün deyil, buna heç cəhd də etməsinlər. Daxildə də bu müttəfiqliyə və qardaşlığa kölgə salmağa çalışan adamları ifşa etməliyik.

- Rusiyanın Azərbaycan-İngiltərə münasibətlərindən qıcıqlanmasına da diqqət çəkdiniz. Həmişə İngiltərə haqda danışanda onu “Azərbaycanın görünməyən dəstəkçisi” adlandıranlar da var. Yəni İngiltərə ilə əlaqələrimiz Rusiyanı qəzəbləndirəcək səviyyədədirmi?

- İngiltərə ilə münasibətlərimiz olduqca yüksək səviyyədədir. Bilirsiniz ki, dünyada siyasi-iqtisadi məsələləri transmilli korporasiyalar həll edir. Bu baxımdan, dünyada ilk beşliyə girən BP Azərbaycandadır. Bu “dövlət içində dövlət” deməkdir. BP-nin illik gəlirləri Belçika, Niderland, Danimarka və İspaniyanın qazanclarından çoxdur. Belə bir transmilli korporasiyanın Azərbaycanda olması onları narahat edir.

Azərbaycan-İngiltərə münasibətləri çox yüksək səviyyədədir. Onu da bilin ki, dünyanın siyasi oyunlarını quranlar ingilislərdir. Rusiya heç vaxt siyasi oyun qura bilməyib, o icaraçıdır. Amma Rusiyanın imperiya ambisiyası bu dəfə Rusiyanın başına bəla olacaq.

Azərbaycanın yanında təkcə dünyanın İngiltərə kimi ağıllı dövləti yoxdur, Türkiyə və Pakistan kimi güclərlə yanaşı, İsrail kimi dünya mediası və maliyyəsinə nəzarət edən dövlət də yanımızdadır. Bunu unutmaq olmaz.

- Bəs ABŞ? Vaşinqtonun Azərbaycana ayırdığı maliyyə vəsaitini artırması, Ermənistan üçün isə azaltması diqqət çəkdi. Co Bayden administrasiyası niyə Ermənistanı belə “vurdu”?

- Bu ondan irəli gəlir ki, Paşinyan Amerikanın maraqlarını satdı. ABŞ-ın dünyada ən böyük dörd səfirliyindən biri İrəvanda yerləşir, iki mindən çox işçisi var, çoxu da ermənilərdir. ABŞ onun maraqlarını satan Paşinyanı bağışlamayacaq. Buna görə də, ABŞ Ermənistanla müqayisədə təxminən 7 dəfədən çox Azərbaycana vəsait ayırdı. Bəli, ABŞ düzgün seçim etdi – Cənubi Qafqazda Azərbaycanı seçdi. Bu, Azərbaycan prezidenti və dövlətinin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir. Yeni reallıq budur.


Müəllif: Mənsur Rəğbətoğlu