4 Aprel 2022 21:26
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Azərbaycanın sülh təkliflərinə Ermənistan tərəfindən müsbət mesajlar eşidilir. Sizcə, prosesin qısa zamanda yekunlaşmasında bu yanaşmalar nə dərəcədə təsirli ola bilər?

- Bəli, Ermənistan tərəfindən müsbət mesajlar eşidilməkdədir. Əvvəl Ermənistanın Xarici İşlər Nazirliyi tərəfindən bu cür mesajlar səslənirdi. İndi artıq baş nazir Nikol Paşinyan da Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarını bəyan edib. Milli Məclisin spikeri Sahibə Qafarova MDB Parlament Assambleyasının 30 illik tədbirindəki çıxışında bununla bağlı öz mövqeyini bildirdi. Orada iştirak edən Ermənistanın parlamentinin sədri də bildirdi ki, Azərbaycanın təkliflərinə müsbət yanaşırlar. Əslində Azərbaycanın irəli sürdüyü bu təkliflərlə razılaşmamaq mümkün deyil. Çünki bu təkliflər beynəlxalq hüququ, nizamı tənzimləyən prinsiplərdir. Azərbaycan bir dövlət olaraq beynəlxalq hüquqdan heç vaxt kənara çıxmır. Bu mənada Ermənistana edilən təkliflər də bu prinsiplərə əsaslanır. İlkin olaraq erməni tərəfi də bu təklifləri qəbul edir. Amma bütün bunlara baxmayaraq Ermənistan yenə də özünün riyakarlığını gizlədə bilmir.

- Əsas prinsiplər nədən ibarətdir?

- Vacib məsələ hələ də Azərbaycan ərazisində qalmaqda olan erməni silahlı birləşmələrinin çıxarılması ilə bağldır. Çox təəssüf ki, bəzən ekspertlər Azərbaycan ərazisində hələ də qalmaqda olan Ermənistanın qanunsuz silahlı birləşmələri - kimi terminlərdən istifadə edir. Burada qanuni və qanunsuz heç bir silahlı birləşmədən söhbət gedə bilməz. 2020-ci ilin 10 noyabr Bəyanatının 4-cü maddəsinə uyğun olaraq rus sülhməramlılarının ərsaziyə daxil olması ilə erməni silahlı birləşmələri oradan çıxmalı idi. Ona görə də burada hansısa bir qanuni və qanunsuz silahlı birləşmə terminindən istifadə uyğunsuzdur. Azərbaycan ərazisində heç bir erməni silahlı birləşməsi ola bilməz. Ora bizim suveren ərazimizdir. Həmin ərazi Azərbaycan sərhədləri daxilindədir.

- Orada yaşayan ermənilərin taleyi ilə bağlı qarşı tərəfin səsləndirdiyi iddialar nəyə əsaslanır?

- Azərbaycan ərazisində yaşayan ermənilərin təhlükəsizliyi ölkə qanunları ilə tənzimlənə bilər. O insanlar Azərbaycan vətəndaşlığına qəbul edildikdən sonra bu məsələlər ölkəmizin öhdəliyinə aid olacaq. Bu gün Azərbaycan ərazisində erməni əsilli insanlar yaşayır. Heç bir ayrı seçkilik və diskriminasiya ilə də üzləşmirlər. Bu məsələlər də həll edildikdən sonra beynəlxalq və ölkəmizin özünün hüquq və imkanları səviyyəsində o insanların da normal yaşaması üçün zəruri işlər görüləcək. Sadəcə olaraq orada olan terrorçular, separatçılar ərazini tərk etdikdən sonra bu məsələlərin həllinə qısa zamanda nail olmaq mümkündür.

- Aprelin 6-da Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə Prezident İlham Əliyev və erməni baş nazir Nikol Paşinyan arasında növbəti görüşün keçirilməsi gözlənilir. Bu görüşdən gözləntilər nədən ibarətdir?

- Brüssel görüşündə bir sıra məsələlərə aydınlıq gətirilə bilər. Erməni tərəfinin iddia etdiyi Qarabağdakı erməni əsilli vətəndaşların taleyi ilə bağlı da burada müzakirələr keçirilməsi də mümkündür. Hamı da bilir ki, Azərbaycan ərazisində yaşayan hər erməninin yanına bir təhlükəsizlik əməkdaşı yerləşdirmək mümkün deyil. Biz sadəcə olaraq təhlükəsizlik zəmanəti veririk. Geridə qalan məsələlər onların öz ixtiyarındadır. Keçmiş sovet dövründə bu iki xalq birlikdə normal şəkildə yaşayıb. Bundan sonra da o şərtlərlə yaşaya bilərlər. Bunu istəmirlərsə, ərazini tərk edə bilərlər. Ərazi Azərbaycana məxsusdur. Biz dövlət olaraq bütün vətəndaşların təhlükəsizliyinə zəmanat veririk.

- Nikol Paşinyanın ATƏT-in Minsk qrupu səviyyəsində Azərbaycanın təkliflərinə cavab vermək istəməsi nədən qaynaqlanır?

- Paşinyanın dərdi odur ki, ATƏT-in Minsk qrupunu bu proseslərə cəlb etsin. Amma Bakıda səfərdə olan ATƏT sədri Prezident İlham Əliyevlə görüşdə Minsk qrupu, “status”, “Dağlıq Qarabağ” anlayışlarından danışmadı. O da başa düşür ki, bu terminlər artıq bitib. Ona görə də o da Bakıda əsl ATƏT sədri kimi danışdı. Əvvələr isə başqa situasiya idi. Hər addımda ATƏT-in Minsk qrupundan danışırdılar. İndiki şəraitdə Minsk qrupu üzvləri arasında olan münasibətləri yəqin ki, hər kəs görür. Ona görə də burada Paşinyanın və ona havadarlıq edənlərin başlıca məqsədi prosesi mümkün qədər uzatmaqdan ibarətdir. Amma bunlar baş tutmayacaq. Çünki Azərbaycanın dövlət başçısı indi elə bir şərait formalaşdırıb ki, bundan kənara çıxmaq mümkün deyil. Sözsüz ki, Ermənistan və ona havadarlıq edənlərin bu gedişləri tamamilə perspektivsizdir. Bunu özləri də anlamalıdır. Yeganə çıxış yolları Azərbaycanın təkfilərinə müsbət yanaşmaqdan ibarətdir. Bundan başqa yolları da yoxdur. Prezident İlham Əliyevin qətiyyəti sayəsində bütün iddiaları da növbəti dəfə alt-üst olacaq.


Müəllif: Tapdıq Qurbanlı