5 Aprel 2022 09:05
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında növbəti görüşün baş tutması gözlənilir. Yekun sülh üçün bu platformanın əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçiriləcək görüşdə məsələnin həlli gözlənilmir. Əslində Brüssel bu məkana qarışacaq imkana malik deyil. Ona yaxın dövlətlər daha çox Ermənistanın mövqeyindən məsələyə münasibət bildirir. Bu, ATƏT-in Minsk qrupunda yaşanan hala da oxşardır. Ona görə də onların hər hansı bir mövqeyini bölgədə əsas söz sahibi olan Azərbaycan qəbul etmir. Çünki ortada tam səmimi mövqe yoxdur. Sadəcə burada müəyyən öhdəliklərdən söhbət gedə bilər. Amma onlar öhdəliklərini bu gün Ukraynada yerinə yetirə bilmir. Avropa Birliyi Ukraynanın təhlükəsizliyini təmin edə bilmirsə, bu bölgədə də eyni imkana malik olacaq. Ümumilikdə isə Avropa Birliyi əhəmiyyətli bir qurumdur. Burada ən azı müəyyən fikirlərin müzakirə edilməsi və haqlı mövqeyimizin çatdırılması üçün platforma kimi vacibdir.

- Brüssel görüşü öncəsi Rusiya prezidenti ilə də müzakirələr aparılıb. Prosesin müsbət sonluqla bitməsi üçün bu cür təmaslar nə dərəcədə önəmlidir?

- Rusiya prezidenti ilə aparılan danışıqlar vacib idi. Çünki bu bölgədə hələ də Rusiyanın proseslərə müdaxilə etmək imkanı var. Reallıqda və diplomatik məsələlərdə də bu özünü göstərir. Bu baxımdan real proseslər tək Avropa Birliyi ilə həll olunacaq məsələ deyil. Hətta Avropa Birliyində əldə olunacaq razılaşmanın belə müəyyən dərəcədə Rusiya tərəfindən pozulması ehtimalı ola bilər. Çünki Rusiya öz iradəsindən kənarda bu proseslərin irəliləməsinə ciddi yanaşmayacaq. Ona görə də bu məsələ bir qütbdə həll olunsa idi açıq şəkildə söyləmək olardı ki, Brüssel görüşünün böyük əhəmiyyəti olacaq. Hazırda bu məsələlər bir qütbdə həll olunmur. Bu, Rusiya ilə münasibətlərdə həll edilən bir məsələdir. Bir sıra məqamlar var ki, bu platformadan sadəcə istifadə etməyimiz üçün addımlar atılır.

- ATƏT-in proselərdə yer almaq imkanı nə dərəcədə realdır?

- Ölkə Prezidenti ATƏT-in onsuzda fəaliyyətinin bütövülükdə obyektiv olmadığını qeyd edib. Maraqlısı isə odur ki, Minsk qrupunda bir-birinə düşmən olan iki dövlət və bir Rusiya yeganə Qarabağ platformasında “vahid mövqedən” çıxış edir. Məhz maraqlı olan cəhət də budur. Çünki bütün platformalarda “boşanmış statusda” olan üzvlər Minsk qrupunda da eyni mövqedədir. Bu isə o deməkdir ki, ATƏT-in Minsk qrupunun niyyəti bütövlükdə erməniləri necə xilas etməkdən ibarətdir. Prezident İlham Əliyev də bütün bunları çox yaxşı qiymətləndirir.

- Paşinyanın məntiqsiz “Qarabağda olan silahlılar oradakı erməni əsilli insanların təhlükəsizliyini təmin etmək üçündür” açıqlaması nəyə hesablanıb?

- Bu açıqlama 2020-ci il 10 noyabrda əldə edilmiş razılaşmaya ziddir. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələyə münasibət bildirib ki, oradakı erməni hərbi birləşmələri mütləq ərazidən çıxmalıdır. Əslində N.Paşinyan bu açıqlamalarını daha çox daxili auditoriya üçün nəzərdə tutur. Xarici auditoriyada isə o müəyyən məsələlərin yoluna qoyulması üçün təşəbüskar görünür. Bu yaxınlarda Milli Məclisin spikeri Sahibə Qafarova erməni parlamentinin sədrini susduranda, onu arqumentlərini darmadağın edəndə məhz bu prinsiplər əsas götürülmüşdü. Ona görə də erməni spiker açıqladı ki, biz Azərbaycanın 5 şərti ilə razıyıq. Hörmətli S.Qafarova əslində onu belə bir ifadəni işlətməyə məcbur etdi. Erməni parlamentinin sədri də etiraf etməli oldu ki, onlar sülhün olmasında maraqlıdırlar. Bu o deməkdir ki, Azərbaycanın verdiyi təklifin qəbul edilməsi əslində təşəbbüsün dəstəklənməsi deməkdir.

- Sizcə, erməni baş nazirin bu açıqlaması hansı məcburiyyətdən yarandı?

- Paşinyan revanşist erməni qruplaşmasının kifayət qədər olduğu bir zəmində hər məsələni də olduğu kimi söyləmək imkanına sahib deyil. Çünki o belə bir ifadə işlətsə Qarabağla olan bütün əlaqələri qopmalıdır. Bununla bağlı isə daha çox Rusiya tərəfi öhdəlik götürüb. Rusiya da bunu etməlidir. Təbi ki, Azərbaycan Ermənistanla danışıqlarda bu məsələni həll etmədən hansısa bir müqavilə imzalamağın mümkünsüzlüyünü ortaya qoyacaq.

- Silahlılar Qarabağdan necə çıxarılmalıdır?

- Proseslərin gedişi göstərir ki, Qarabağda olan erməni silahlı birləşmələrini təmizləyə biləcək qüvvə Rusiyadır. Paşinyanın bunu etməyə gücü çatacaq vəziyyətdə deyil. Məsələnin əsl mahiyyəti məhz bundan ibarətdir.

- ATƏT səviyyəsində erməni tərəfinin Azərbaycanın təkliflərinə cavabı ilə bağlı nə demək olar?

- Paşinyan açıq şəkildə Azərbaycanın 5 şərtini qəbul etdiyini söylədi. Ona görə də biz onun qapalı auditoriyada nə söylədiyini bilmirik. Onun açıq şəkildə söyləcəyi budursa, ən azından bu bizi qane edir. Bununla sülh müqaviləsi ətrafında işə başlamaq olar. Həmin şərtlərdə də hərbiləşmiş zonanın buradan birdəflik yox edilməsi məsələsi qoyulub. Ona görə də erməni hərbi birləşmələrinin buradan çıxması bizim üçün ən vacib bir şərtdir. Əvvvəl-axır sülh müqaviləsi olsa da, orada hərbi birləşmənin olması dinc yolla müzakirə aparmaq imkanlarını heçə endirir. Məhz buna təminat olmalıdır. Rus sülhməramlıları bu məsələdə aparıcı rol oynayır. Amma bütün bunlara rəğmən Azərbaycan 5 bəndlik təklifində daha çox israr etməlidir. Bununla da Ermənistanı buna əməl etməyə məcbur etmək mümkün olar.


Müəllif: Tapdıq Qurbanlı