5 Aprel 2022 15:07
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Azay Quliyev aprelin 2-dən 5-nə kimi Danimarkada səfərdə olub. Səfər çərçivəsində millət vəkili ATƏT PA-nın Büro iclası, qurumun məsul şəxslərinin məruzələri, beynəlxalq siyasi vəziyyət, xüsusilə Ukrayna böhranı ilə bağlı müzakirələrə qatılıb.

Teleqraf.com-un məlumatına görə, toplantıda məruzə ilə çıxış edən Azay Quliyev bildirib ki, büroda ATƏT PA-nın hər üç Komitəsinin hesabat və qətnamə layihələri, xüsusi nümayəndələrin hesabatları və iyul ayında keçiriləcək illik sessiyanın gündəliyi və digər təşkilatı məsələlər ətraflı müzakirə olunub. Ukraynada baş verən hadisələr, orada yaşanan humanitar fəlakət və mülki vətəndaşların qətlə yetirilməsi, milyonlarla insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə bağlı Büro üzvləri növbəti dəfə narahatlıqlarını ifadə edib. Büroda növbəti aylarda ATƏT PA-nın bu mövzuda qəbul edəcəyi qərarlarla bağlı müxtəlif istiqamətlərdə fikirlər səsləndirilib. Vurğulanıb ki, Azərbaycan hər zaman silahlı münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı olub: "Təəssüf ki, hazırda diplomatiya, o cümlədən parlament diplomatiyası Ukraynada yaşanan insani faciələrin durdurulması üçün yetərli deyil və baş verənlərin qarşısının alınmasında çox gücsüzdür. Buna baxmayaraq, ATƏT PA dialoq imkanlarını sona qədər istifadə etməyə çalışmalıdır. Əgər tərəflər razılıq versələr hər iki ölkənin ATƏT PA-dakı nümayəndə heyətlərinin Bakıda görüşünü təşkil etməyə hazırıq və Büronun bu barədə müvafiq qərarı var". Eləcə də Azərbaycanın Ukraynaya müxtəlif adda humanitar yardım etdiyini diqqətə çatdırılıb.

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və bu istiqamətdə atılan addımlar haqqında Büro üzvlərini məlumatlandıran A.Quliyev Azərbaycanın Ermənistana sülh müqaviləsini imzalamaq məqsədilə 5 bənddən ibarət baza prinsiplərini özündə əks etdirən təklif göndərdiyini bildirib. Azərbaycan hər iki ölkənin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı əsasında sülh müqaviləsi imzalamağa hazırdır. Ölkəmizin irəli sürdüyü baza prinsiplərində hər iki ölkənin bir-birinə qarşı ərazi iddialarından imtina etmələri, dövlət sərhədlərinin delimitasiya və demarkasiya olunması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və diplomatik münasibətlərin qurulması haqqında müddəlar əks olunub”.

Deputat qeyd edib ki, dövlətlərarası münasibətlərin normallaşması prosesində ATƏT PA müsbət rol oynamalı və Azərbaycanın sülh gündəliyini dəstəkləməlidir: “Aprelin 6-da Brüsseldə keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün müsbət nəticə verə biləcəyi haqqında müəyyən ümidlər var. Artıq beynəlxalq təşkilatlar Azərbaycanın yaratdığı reallığa anlayışla yanaşır və Cənubi Qafqazda daimi sülhün və barışın əldə olunması istiqamətindəki atılan addımları təqdir edirlər. Avropa İttifaqı ilə son zamanlar qurulan dialoq mühütü, 1-3 aprel tarixlərində ATƏT sədrinin Azərbaycan və Ermənistana etdiyi səfər çərçivəsində verdiyi pozitiv bəyanatlar Prezident İlham Əliyevin siyasi və diplomatik uğurudur və ATƏT PA-da bununla bağlı kifayət qədər aydın təsəvvür mövcuddur”.

Büro iclasında Azay Quliyev ATƏT PA-nın Cənubi-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi kimi Balkanlarda gedən siyasi proseslər, Türkiyə, Yunanıstan və Bosniya və Herseqovinaya etdiyi səfərlər və bu ölkələrin üzləşdiyi çağırışlar haqqında hesabatla çıxış edib. Deputatımız may ayında Albaniya, Monteneqro və Şimali Makedoniyaya, iyun ayında isə Serbiya və Bolqarıstana planlaşdırdığı səfərlərin məqsədi haqqında Büro üzvlərini məlumatlandırıb. Azay Quliyev Cənubi-Şərqi Avropa ölkələri arasında bariş və etimad tədbirlərinin, o cümlədən, təhlükəsizlik və əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi məqsədilə “Əməkdaşlıq və Dialoq üzrə Parlament Platforması”nın yaradılması təklifi ilə çıxış etdiyini və bu təklifin üzv ölkələr tərəfindən dəstəkləndiyini qeyd edib. Platformanın yaradılmasında əsas məqsəd parlamentlərarası əməkdaşlığı təşviq etmək, təhlükəsizlik məsələlərinin təmin olunmasına töhfə verməkdir. Çünki Balkanlarda qlobal və regional güclərin geosiyasi maraqları bəzən bu bölgənin tam inkişafına, Avopa institutlarına inteqrasiya olunmasına maneələr yaradır. Balkan ölkələrinin strateji seçimi Avropaya inteqrasiya yoludur və buna hörmətlə yanaşılmalıdır deyə xüsusi nümayəndə beynəlxalq təşkilatları bu regiona daha çox diqqət ayırmağa səsləyib”.


Müəllif: Tapdıq Qurbanlı