6 Aprel 2022 16:01
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni faşistlərinin törətdiyi soyqırımılar haqqında danışmaq, Kəlbəcərin işğal gününü, Ağdaban kəndindəki erməni vəhşiliyini yada salmaq çox ağrılıdır. Çünki 1992-ci ilin aprelin 7-dən 8-ə keçən gecə ermənilərin Kəlbəcərin Ağdaban kəndində törətdiyi qırğınlar, vəhşiliklər, amansızlıqlar insanlıq dramı idi.

Bunu Teleqraf.com-a Milli Məclisin Ağdabandan olan millət vəkili Aqil Məmmədov deyib.

O qeyd edib ki, Kəlbəcərin Ağdaban kəndindən olan bir millət vəkili kimi orada yaşanan faciələrdən danışmaq çox çətindir:

“Mənim uşaqlıq, gənclik illərim Ağdabanda keçib. Bu kənd hər zaman qəlbimizdə, ruhumuzda olub. Ağdaban kəndi 130 təsərüffatdan ibarət idi. Çayqoşan və Ağdaban kəndi bir nümayəndlikdə birləşmişdi. Kənddə 735 nəfər əhali yaşayırdı. Kənd rayon mərkəzindən 35 km-lik məsafədə yerləşirdi. Məlum hadisələr başlayandan Ağdərə və ermənilərin yaşadığı Çapar kəndi tərəfdən Ağdabana, Kəlbəcərə təzyiqlər, silahlı basqınlar edilirdi. 1988-ci ildən başlayaraq Ağdabanlılar basqınlardan qorunmaq üçün özünümüdafiə dəstələri yaratmışdı. 1989-cu ilin iyulunda 7-i erməni kəşfiyyatçısı kənd camaatı tərəfindən tutularaq rayon mərkəzinə təhvil verilmişdi. Kəşfiyyatçıları aparmaq üçün göndərilən helikopterlər də faciəyə səbəb olmuşdu. Məktəbin stadionuna eniş edən helikopterə baxmaq üçün yaxınlaşan 8 uşaq faciəli şəkildə ölmüşdü. Bütün bunlar ermənilərin başlatdıqları təzyiqlərin tərkib hissəsi idi”.

Millət vəkili xatırladıb ki, 1990-cı ildə Ağdərə Kəlbəcər istiqamətində gedən maşın karvanına ermənilər silahlıları basqın edərək dinc insanları qətlə yetirmişdilər:

“Həmin dövrlərdə erməni tərəfi bu cür qanlı hadisələri tez-tez təkrar etməklə bir növ təzyiq etməyə çalışırdı. 1992-ci ilin aprelin 7-dən 8-ə keçən gecə ermənilər Kəlbəcərin Ağdaban kəndinə hücuma keçdilər. Amma qarşı tərəf bilirdi ki, Ağdaban camaatı hər zaman özünümüdafiə etməyi bacarır. Ona görə də ermənilər kəndin xarakterini nəzərə alaraq daha genişmiqyaslı hərbi hücüm əməliyyatına başlamışdılar. Həmin vaxt kəndin özünümüdafiə dəstələri ayıq-sayıq olmasaydı, bəlkə qırğının miqyası böyük olardı. Ağdərə istiqamətindən Çapar kəndinə tərəf ağdabanlıların postlar qurması insanların qismən də olsa xilasına kömək etmişdi. 1992-ci ilin aprelin 8-i səhər tezdən kəndin ətrafında postalarda olanların demək olar ki, əksəriyyəti şəhid oldu. Yaralılar və sağ çıxanlar qaçaraq kəndə erməni hücumu haqqında xəbər verə bilmişdi. Ermənilər Ağdabanın mühasirəsini başa çatdırmamış kənd camaatı artıq təhlükəsiz yerə çıxmışdı. Təəssüflər olsun erməni hücumuna inanmayan və çıxmaq imkanı olmayan kənd sakinlərinə qarşı amansız divan tutulmuşdu. Misli görünməmiş işgəncələrə əl atılmışdı. Erməni vandalaları ələ keçən kənd sakinlərini diri-diri yandırmışdılar. 33 nəfər kənd sakini xüsusi amansızlıqla qətlə yetirilmişdi. 7 nəfər diri-diri yandırılmışdı. Kənddəki evlərin 80 faizinə od vurulmuşdu. Çünki bu, məqsədli şəkildə həyata keçirilən bir terror hadisəsi idi. Kənd camaatının bütün var-dövlətini talan edib, yağmalayıb aparmışdılar. Həmin dövrdə ordumuz tam formalaşmamışdı, həmçinin siyasi rəhbərlikdə hərcmərclik hökm sürürdü. Buna baxmayaraq qeyrətli oğullarımız kəndə köməyə gəldi. 1992-ci ilin aprelin 8-i günorta saatlarına qədər demək olar ki, ermənilərin kənddən qovulmasına nail olundu”.

Aqil Məmmədova görə, Ağdaban kəndi iki dəfə erməni işğalına məruz qalıb:

“Erməni vəhşiliyinə, dağıntılara baxmayaraq kənd camaatı yenidən öz yurd-yuvasına qayıdıb yaşayışını bərpa etdi. Amma kənd bir il sonra 1993-cü ilin mart ayının 25-də yenidən erməni təcavüzünə məruz qaldı. O vaxtki rəhbərliyin Kəlbəcərin müdafiəsini təşkil edə bilməməsi nəticədə erməni işğalına şəriat yaratdı. Ağdabanda edilən erməni talançılığı zamanı milli-mənəvi, tarixi, ədəbi külliyatımız, Dədə Şəmşirin, şair Qurbanın, Misgin Abdalın əlyazmaları, arxivi məhv edildi. Yüz illərlə toplanmış olan zəngin arxiv erməni barbarları tərəfindən yandırılaraq yoxa çıxarıldı. Həmçinin Ağdabanın işğala məruz qalması Kəlbəcərin asanlıqla təcavüzünə yola açdı. Çünki Ağdərə istiqamətindən Ağdaban kəndi ermənilər üçün böyük bir sədd hesab edilirdi. Ağdabanın işğalı ilə Murovdağ yolunun kəsilməsi nəticəsində rayon blokadaya düşmüşdü”.

Ağdabanlı deputat işğala baxmayaraq kəlbəcərlilərin heç vaxt ümidini itirmədiyini vurğulayıb:

“Hər zaman inanırdıq ki, öz torpaqlarımıza qayıdacayıq. Ulu öndər Heydər Əliyevin kəlbəcərlilərlə görüşü, bizlərə dediyi sözlər, əminlik yaratmışdı ki, mütləq Kəlbəcərə qayıdacayıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanmaqla bütün şəhidlərimizin ruhu şad oldu. Artıq Kəlbəcər azaddır. Biz bu gün Kəlbəcərin, Ağdabanın işğal gününü ruh düşkünlüyü ilə deyil, döyüş meydanında düşməni məğlub etmiş xalq kimi yad edirik”.


Müəllif: Tapdıq Qurbanlı