8 Aprel 2022 10:03
2 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şarl Mişelin bəyanatındakı sətraltı mənalardan biri də budur ki, bölgədə situasiyanı gərginləşdirən əsas tərəf Ermənistandır. Nə qədər paradoksal olsa da, müharibədə uduzan, tam kapitulyasiyaya uğrayan, iqtisadiyyatı və sosial siyasəti pis gündə olan Ermənistan sanki yeni müharibə arzusundadır. Təsadüfi deyil ki, Brüsseldəki görüş ərəfəsində İrəvanda mitinq keçirən erməni müxalifəti Rusiyanın iştirakı ilə imzalanmış üçtərəfli bəyanatların ləğvini tələb etdi. Bu, mümkün olan şey deyil. Hüquqi bisavadlıq, ermənilik beynini və emosiyaları bir kənara qoyuram, artıq Ermənistan rəhbərliyi anlayır ki, Avropa mühitinə daxil olmaq, heç olmasa, “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Avropa Birliyi ilə əməkdaşlıq etmək üçün bu aqressiv ritorikaya, revanşist bəyanatlara son qoymaq lazımdır”.

Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Brüsseldə Avropa Birliyi şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri – İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirildi. Bu görüş və razılaşdırılmış məsələlər haqda təəssüratınız necədir?

- Bu, artıq Şarl Mişelin vasitəçiliyi ilə keçirilən ikinci görüşdür. Bunun bir neçə önəmli əsası var. Birincisi, artıq Avropa Şurası anlayır ki, Azərbaycanın formalaşdırdığı yeni reallıqlar çərçivəsində əvvəlki səmərəsiz strukturlara artıq yer yoxdur. Söhbət ATƏT-in Minsk qrupundan gedir. Həmin qrup dünya siyasətinə “turizm diplomatiyası” terminini gətirmişdi. Minsk qrupu ötən otuz il ərzində tamamilə yararsız, heç bir dönüş nöqtəsi yarada bilməyən struktur olduğunu göstərdi.

Şarl Mişelin ikinci məqsədi Cənubi Qafqazdakı tənzimlənmə prosesində Rusiya və Türkiyənin aktiv aktor və moderator rolunu bir qədər səngitmək və Avropa Şurasını önə çəkməkdir. ATƏT-in Minsk qrupu vasitəçilik missiyasını itirdiyindən, Avropa Şurası anlayır ki, onun yerini ya ABŞ, ya da Rusiya və Türkiyə tutmalıdır. İnnən belə ATƏT-in Minsk qrupunun bərpası ümumiyyətlə mümkün deyil. Çünki fevralın 24-də Ukraynada müharibənin başlamasından sonra ABŞ, Fransa və Rusiyanın həmsədr qismində bir araya gələcəyi siyasi marazm təsiri bağışlayır.

Başqa bir məsələ bundan ibarətdir ki, Azərbaycanın Ermənistana təklif etdiyi və böyük sülh müqaviləsində yer alacaq beş prinsip Avropa Şurası tərəfindən də təqdir edilib. Brüsseldəki danışıqlar da bu beş prinsip əsasında aparıldı.

Faktiki olaraq, Ermənistan Azərbaycanın bu prinsiplərini qəbul etdiyini etiraf edib. Bu nə deməkdir? Birincisi, sərhədlərin delimitasiya və demarkasiyası məqsədilə qurulacaq işçi qrupuna kənar qüvvə, yaxud üçüncü dövlət və ya struktur daxil olmayacaq. Bu məsələni Azərbaycan və Ermənistan öz aralarında çözəcək. Yəni dövlət sərhədlərini ikimiz müəyyənləşdirəcəyik. Daha dəqiq desək, Ermənistan Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığını tanıyacaq. Bu isə əvvəllər “Dağlıq Qarabağ münaqişəsi” kimi tanınan, sonra isə Qərbin “Qarabağ problemi” kimi qələmə verməyə çalışdığı, əslində isə Azərbaycanın vətəndaşlarının bir qisminin separatizmə meyillənərək yerli qanunverici və mərkəzi hakimiyyətini tanımamaq cəhdlərinin qarşısının alınmasıdır.

Digər məsələ, Azərbaycan və Ermənistan arasında böyük sülh sazişinin imzalanması istiqamətində etimad mühitinin yaradılması yönündə konkret addımların atılmasının vaxtının çatdığının Avropa Şurası tərəfindən etirafıdır. Bir məsələ də, Avropa Şurasının moderator rolunu yox, baş verən prosesləri müəyyən mənada nəzarətdə saxlayacaq funksional orqan rolunu oynamaq istəməsidir.

Son olaraq onu deyim ki, əslində Brüssel görüşü indiyədək paraflanmamış, amma tərəflər arasında razılaşdırılmağa yaxın olan müddəaların daha qabarıq, daha konkret və daha anlaşılan tərzdə gündəmə gətirilməsidir.

- Bəs bu şifahi anlaşma masadakı məsələlərin həlli baxımından dayanıqlı və işlək olacaqmı?

- Dünyada heç bir anlaşma, razılaşma və ya saziş nə dayanıqlı, nə də davamlı olur. Hər şey tərəflərin davranış və niyyətindən asılıdır. Brüssel görüşündə isə konkretləşdirmənin təzahürünün işartıları görünür. Birincisi, yekun bəyanatda nə status, nə də Dağlıq Qarabağ ifadəsi yer alıb. Bu isə Avropa Şurası, ümumiyyətlə Pan-Avropa siyasəti tərəfindən Azərbaycanın bölgədə formalaşdırdığı yeni reallıqları tanımasıdır. Avropa Şurası yaxşı anlayır ki, indiyədək faktiki olaraq nə hansısa münaqişənin həlli yönündə hesablanmış dəqiq addımlar atıb, nə də konfliktli bölgələrdə sülhyaratma və sülhməramlı missiya həyata keçirə bilib. Avropa Şurasının belə bir fəaliyyəti yoxdur.

Sadəcə olaraq, Avropa Şurası Avropa və post-sovet ölkələrinin problemlərinin sadalandığı, həmin dövlətlərə bu və ya digər şəkildə siyasətin yürüdülməsi niyyətinin bildirildiyi, yaxud məsləhətlərin verildiyi amorf strukturdur. Bu amorf strukturda həyat görüntüsü yaratmaq üçün Şarl Mişel müəyyən cəhdlər edir. Bu cəhdlər arasında Azərbaycan və Ermənistana maddi yardımlar, hər iki ölkənin siyasi konversiyasının ortaya gətirilərək, sxematik də olsa danışıqların konturlarının cızılması var.

Təbii ki, bu şifahi anlaşma deyil, tərəflər arasında ikinci görüş olduğundan, Avropa Şurasının bəyanatına əsaslanacaq fəaliyyətin elan edilməsi idi. Eyni zamanda, birgə komissiyanın yaradılması, məsləhətləşmələrin aparılması, bölgədə fasiləsiz ritorikadan çıxış edən və revanşist meyillərinin olduğunu etiraf edən Ermənistanın qarşısının alınması və digər məsələr var.

Şarl Mişelin bəyanatındakı sətiraltı mənalardan biri də budur ki, bölgədə situasiyanı gərginləşdirən əsas tərəf Ermənistandır. Nə qədər paradoksal olsa da, müharibədə uduzan, tam kapitulyasiyaya uğrayan, iqtisadiyyatı və sosial siyasəti pis gündə olan Ermənistan sanki yeni müharibə arzusundadır. Təsadüfi deyil ki, Brüsseldəki görüş ərəfəsində İrəvanda mitinq keçirən erməni müxalifəti Rusiyanın iştirakı ilə imzalanmış üçtərəfli bəyanatların ləğvini tələb etdi. Bu, mümkün olan şey deyil. Hüquqi bisavadlıq, ermənilik beynini və emosiyaları bir kənara qoyuram, artıq Ermənistan rəhbərliyi anlayır ki, Avropa mühitinə daxil olmaq, heç olmasa, “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Avropa Birliyi ilə əməkdaşlıq etmək üçün bu aqressiv ritorikaya, revanşist bəyanatlara son qoymaq lazımdır. Əks halda, “status”, yaxud “Qarabağ ermənilərinə müstəqillik” kimi absurd məsələlərin gündəmdə saxlanılması davam edərsə, təbii ki, danışıqlar dayandırılacaq, Azərbaycan öz sərhədlərini və vətəndaşlarını qorumaq üçün adekvat addımlar atacaq.

- Rusiyanın Brüssel prosesinə və ya son anlaşmaya müdaxilə ehtimalı varmı?

- Yoxdur. Ümumiyyətlə, bu dəqiqə Rusiyanın ayrı-ayrı ölkələrin, xüsusilə də Avropa Birliyinin yürütdüyü xarici siyasətə hansısa formada müdaxilə imkanı yoxdur. Rusiyanın indi başlıca başağrısı başladığı və necə bitirəcəyini bilmədiyi Ukrayna müharibəsindən mümkün qədər az itkilərlə çıxmaqdır. Artıq Rusiya siyasi, diplomatik, iqtisadi və geosiyasi baxımdan Avropa Birliyinə uduzub. Rusiya bunu anlayır. Dediyim kimi, Moskva bu məğlubiyyətdən mümkün qədər az itkilərlə çıxmağın yollarını axtarır. Belə bir şəraitdə Avropa Birliyi ilə yeni münaqişəyə girmək və ya diplomatik qarşıdurmaya getmək Rusiyanın marağında deyil.

Digər yandan, unutmayaq ki, Azərbaycan Rusiya ilə strateji müttəfiqdir. Bəli, Ermənistan Rusiyanın forpostudur, buna görə də onu heç vaxt əldən vermək istəməyəcək, eyni zamanda, heç vaxt istəməyəcək ki, İrəvan Avropa Şurası və Avropa Birliyinin təlimatı ilə hərəkət etsin, lakin bu seçim olarsa və artıq bu seçim var, Moskva heç bir halda Azərbaycanın maraqlarını görməzdən gələrək, Ermənistana aşkar şəkildə dəstək verməyəcək. İstəsə belə, Rusiya bunu edə bilməyəcək.

- Brüssel görüşündən əvvəl İrəvanda Paşinyan əleyhinə mitinq keçirildi. Radikal müxaliflət ondan Azərbaycanla anlaşmadan qaçmağı tələb edir. Sizcə, Paşinyan müxalifətin bu tələbləri ilə razılaşacaqmı?

- Paşinyan indiyədək müxalifətin heç bir tələbi ilə razılaşmayıb. Ümumiyyətlə, Ermənistanda hakimiyyətin bu və digər məsələlərlə bağlı müxalifətlə razılaşması o iqtidarın çökməsi deməkdir. Ermənistanın reallığı budur. Nə Robert Köçəryan, nə Serj Sərkisyan, nə də Nikol Paşinyan dönəmində hakimiyyət müxalifətlə bir araya gəlib. Bəzi hallarda isə müəyyən məsələlərdə görüntü xatirinə konsensusun olduğu görüntüsünü yaradıblar.

İndi Paşinyanın müxalifətin tələblərini yerinə yetirməsi nə deməkdir? Üçtərəfli bəyanatların ləğvi, Ermənistan və Azərbaycan arasında elan olunmamış müharibənin yenidən alovlanması və Azərbaycan ərazisində olan erməni silahlı dəstələri və separatçılara tam siyasi dəstəyin verilməsi deməkdir. Bu isə Ermənistanla yeni müharibə deməkdir.

- Necə düşünürsünüz, bütün bu prosesləri nəzərə aldıqda, nəhayət sülh sazişinin imzalanması yönündə anlaşmaq mümkün olacaqmı?

- Ermənistan rəhbərliyinin sülh sazişini imzalamaqdan başqa yolu yoxdur. Bu nə bizdən, nə də bizim planlarımızdan asılıdır, bu, Ermənistanın özünü saldığı vəziyyətin doğurduğu şəraitdir. Ermənistan bu dəqiqə bataqlıqdan çıxmaq üçün vasitələr axtarır. Amma bu o demək deyil ki, sabah, bir və ya üç aydan sonra Ermənistan normal dövlətə çevriləcək, belə olmayacaq. Ermənistan bundan sonra da çox uzun müddət təxribatlara əl atacaq, sərhəddə atəşkəsi pozacaq, mövqelərimizi atəşə tutacaq, sülhməramlıları mümkün qədər çox Qarabağda saxlamağa çalışacaq, Azərbaycanın diplomatiyasını mümkün qədər çox sınamağa çəkməyə cəhd edəcək. Əfsuslar olsun ki, bütün bunların hamısı olacaq.

Beləliklə, Ermənistan böyük sülh sazişinə gedən yolu mümkün qədər uzatmağa çalışacaq ki, müəyyən siyasi və iqtisadi dividentlər qazansın. Amma məsələyə tam baxsaq, məlum olur ki, Ermənistan həm taktiki, həm də strateji baxımdan məğlubdur. Bundan sonra Ermənistanın prosesi nə qədər uzatması onun əleyhinə olacaq. Bu dəqiqə zaman Ermənistanın əleyhinə işləyir. Bu, Ermənistanın ağıllı siyasətçilərinin də başa düşdüyü həqiqətdir ki, vaxt nə qədər uzanırsa, itkiləri də o qədər artacaq.

Paşinyan Ermənistanda yenidən “xəyanətkar” adını almamaq üçün çalışacaq ki, vaxtı mümkün qədər uzatsın. Buna görə də, bu prosesin yaxın bir-iki ayda başa çatacağını düşünmürəm. Amma bitəcək, Ermənistanla yeni hərbi toqquşma olmayacaq. Çünki Ermənistanda bunun üçün güc yoxdur. Biz Ermənistanın qarşısına şərt qoymamışıq, ona normal həyata qayıtmağın yollarını təklif etmişik. Ermənistan da bunu qəbul edəcək, de-fakto edib, de-yure də edəcək. Proses məhz bu məcrada gedir.


Müəllif: Mənsur Rəğbətoğlu