9 Aprel 2022 14:07
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyasınn sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Sərdar bəy, Brüssel görüşündə əldə edilən razılaşmaların qısa zamanda icrasının mümkünlüyü gündəmdədir. Erməni tərəfi bundan öncə də əldə edilən razılaşmalara riayət eməyib. Bu xəttin davam edəcəyi təqdirdə hansı addımlar atıla bilər?

- İndiki beynəlxalq konyukturada müəyyən məsələlərin həlli qaçılmazdır. Avropa İttifaqı burada təşəbbüsü ələ alıb. Rusiya buradan mümkün qədər kənarda saxlanılıb. Bu da imkan verir ki, Ermənistanla Azərbaycan Rusiyanın iştirakı olmadan Cənubi Qafqazda münasibətlərin yoluna qoyulmasında iştirak etsin. Bu çox ciddi və vacib bir məsələdir. Rusiyanın Ukraynaya qarşı işğal siyasətinə görə, artıq bu ölkə ilə əməkdaşlıq edən heç bir Avropa dövləti yoxdur. O cümlədən ATƏT-ə üzv olan dövlətlər də Rusiya ilə hər hansı bir əməkdaşlıq etmir. Bu baxımdan indiki şərtlər daxilində ATƏT-in Minsk qrupunun da fəaliyyəti mümkün deyil. Belə bir fürsətdən istifadə edib daha tez bir zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması istənilir. Amma Rusiya hər halda bu məsələyə əngəl olmağa davam edəcək.

- Sergey Lavrovun ötən gün ATƏT-in Minsk qrupu ilə bağlı açıqlaması nəyə hesablanıb?

- Bu çox ciddi bir mesaj idi. Çünki Ukrayna cəbhəsində Rusiya çox ağır məğlubiyyətə uğrayıb. Ukraynanın qələbəsi elə Avropa ölkələrinin ABŞ-ın, Fransanın bu ölkəyə verdiyi dəstəklə bağlıdır. Yəni, Ukrayna müharibəsini nəzərə almaqla ABŞ-Rusiya və yaxud Avropa-Rusiya münasibətlərini dəqiq qiymətləndirmək lazımdır.

- Azərbaycan prosesləri sürətləndirmək üçün hansı təsirli addımlar ata bilər?

- Azərbaycanın Ermənistana hər hansı bir təsir etməsinə ehtiyac yoxdur. Çünki artıq Xankəndi Rusiyanın məsələsidir. Ermənistan tərəfi əgər Azərbaycanla hər cür sülhə razıdırsa, nəyə görə, bu ölkəyə hər hansı bir təzyiq etməlidir. Bir halda ki, Ermənistan rəhbərliyi Azərbaycanın bütün şərtlərini qəbul edib, sülh müqaviləsinin imzalanmasına razıdırsa, başqa heç bir addıma ehtiyac yoxdur. Çünki Xankəndi məsələsində Rusiya söz sahibidir. Burada Ermənistanın heç bir rolu yoxdur.

- Ermənistanda Brüssel görüşü öncəsi aksiyaların keçirilməsi ilə nəyə nail olunmaq istənilirdi?

- Bu əslində daxili, siyasi məsələlərdir. Nikol Paşinyana qarşı da müxalifət var. Rusiyanın da “5-ci kolonu” mövcuddur və s. Bunlara çox da diqqət etmək lazım deyil. Hər bir cəmiyyətdə belə halların olması da normaldır. Çünki cəmiyyətdə hamı elə istənilən ideyanı dəstəkləyəsi də deyil. Ermənistanda baş verən hadisələrə də bu konteksdən yanaşmaq lazımdır. Burada əsas Ermənistan hakimiyyətinin mövqeyinin nədən ibarət olması maraqlıdır. N.Paşinyan müharibədəki məğlubiyyətdən sonra dəstək alıb və yenidən hakimiyyətini davam etdirir. Bu mənada Paşinyan legitim adam kimi erməni xalqının adından danışmaq hüququna malikdir. Ermənistanda kiçik qrupların hansısa bir hadisəyə etiraz etməsinin məsələyə heç bir aidiyyatı yoxdur.

- Avropa İttifaqının, ABŞ-ın və digər beynəlxalq qurumların Cənubi Qafqazda indiki şəraitdə aktiv rol almaqda məqsəd nədir?

- Bu son zamanlar olan bir hal deyil. Cənubi Qafqaz, xüsusən də Azərbaycan dünyanın strateji, geopolitik məkanlarından biridir. Ona görə də bölgədə əsrin əvvəllərində də bu istiqamətdə mübarizə gedirdi. Azərbaycana bu və ya digər formada təsir etmək üçün addımlar atılırdı. Ermənistanın isə burada elə bir yeri yoxdur. Amma Azərbaycana münasibətdə Ermənistan əhəmiyyət kəsb edir. Əsas məsələ Azərbaycanla bağlıdır. Böyük strateji və beynəlxalq əhəmiyyətli layihələr Azərbaycandan keçir. Azərbaycan Qərblə-Şərq, Şimalla-Cənub arasında əlverişli kommunikasiya yollarının kəsişdiyi ərazidədir. Bu baxımdan Azərbaycan hər zaman super güclərin marağında olub. Bu gün də bu belədir. Sadəcə olaraq xristian təəssübkeşliyinə və lobbi fəaliyyətinə görə, müəyyən zamanlarda Qərb bəzən Ermənistanın da maraqlarını müdafiə edir. Amma son nəticədə Azərbaycan qətiyyətli bir mövqe nümayiş etdirəcəyi təqdirdə ölkəmiz daha real dəstək alacaq.


Müəllif: Tapdıq Qurbanlı