10 Aprel 2022 09:11
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, müstəqil Azərbaycan Parlamentinin tarixində ilk dəfə paytaxtdan kənar - tarixi Şuşa şəhərində iki komitənin iclası keçirildi. Bunun tarixi, siyasi mahiyyətini, verilən mesajların əhəmiyyətini necə şərh edərdiniz?

- Parlament komitələrinin birinin iclasının işğaldan azad edilmiş tarixi Şuşa şəhərində keçirilməsi ideyası çoxdan səslənirdi. Milli Məclis rəhbərliyi də bu məsələni dəstəkləyirdi və bunun üçün bir münasib vaxt gözlənilirdi. Beləliklə qərara alındı ki, iki komitənin iclası Şuşada keçirilsin. Burada iki mühüm məsələnin müzakirəsi öz əksini tapdı. Bunlardan biri Azərbaycan, Türkiyə və Gürcüstanla birgə hərbi təlimlərin keçirilməsinin müzakirəsi idi. İkincisi isə qanunların birinə redaktə xarakterli dəyişikliklər oldu. Şuşaya səfər edən deputatların müəyyən bir hissəsi ilk dəfə idi ki, ora gedirdi. Bir qismi isə vaxtilə Şuşada olmuşdu və bu səfəri səbirsizliklə gözləyirdi.

- Yəqin ki, bu sizin Şuşaya ilk səfəriniz deyildi?

- Mən özüm birinci və sonuncu dəfə Şuşaya 1987-ci ildə getmişdim. Bu səfərim 35 illik fasilədən sonra baş tuturdu. Şuşaya çatana qədər işğaldan azad edilən ərazini keçmək bizlərdə böyük bir təəssürat yaratdı. Əgər keçmiş Ermənistan-Azərbaycan cəbhə xəttinə qədər yolun sağı və solu əkin sahələri ilə göz oxşayırdısa, həyata qaynayırdısa, böyük tikililər, obyektlər var idisə, keçmiş cəbhə xəttindən o tərəfə biz ermənilər tərəfindən viran qoyulmuş bir ərazi gördük. Bir dənə də olsun salamat bina qalmayıb. Heç bir sosial obyekt, kommunikasiyaya rast gəlmək mümkün deyil. Barbarcasına gözəgörünən nə varsa, ermənilər tərəfindən darmadağın edilib. Onların ikinci erməni dövləti yaratmaq ideyasının əslində vəhşilik demək olduğunu bu baxışdan müəyyən etmək mümkündür. Hətta özlərinin az sayda yaşadığı kəndlərdə və Şuşanın özündə də bir dənə olsun yeni tikiliyə, hansısa bir təmir izinə rast gəlmədik. Özünü dünya axarına qarşı qoyan, qonşu dövlətlərlə müharibəni özünün dövlət ideologiyası seçən bir cəmiyyətin heç bir zaman inkişafı ola bilməz.

- Komitə iclaslarınız necə keçdi?

- İclaslarımız Şuşadakı Qarabağ hotelində keçirildi. Hotel yüksək səviyyədə təmir edilib. Oradakı iclasda çıxış edən parlamentarilərin hər biri gündəlikdə olan məsələyə münasibət bildirməklə, həm də öz təəssüratlarını bölüşdülər.

- Bunun Azərbaycan parlament tarixi üçün əhəmiyyətini necə xarakterizə etmək olar?

- Ümumiyyətlə parlament tarixində ilk dəfə olaraq onun iclaslarından biri paytaxtdan kənarda keçirilirdi. Bunun ilkinin Şuşada olması tarixi əhəmiyyət kəsb edir. Bu bizim torpaqlarımıza olan suveren hüququmuzun bir daha təsdiqi idi. Şəhidlərimizə, qazilərimizə, əsgərlərimizin qəhrəmanlığına verilən yüksək siyasi qiymət kimi də dəyərləndirilir. Bu eyni zamanda Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətə cəmiyyət tərəfindən verilən növbəti yüksək bir qiymət idi. Böyük bir ruh yüksəkliyi vardı. Orada bir sıra təkliflər səsləndi. Deputatlar nə vaxtsa, parlamentin ümumilikdə bütöv iclasının Şuşada keçirilməsi təklifini irəli sürdü. Bu təklif parlament rəhbərliyinə çatdırılacaq. İclasdan sonra Şuşa şəhərinin bir neçə yerində olduq. Şəhərin girəcəyində əzəmətli Şuşa sözünün yazıldığı qala divarının önündə dayandıq. Cıdır düzünə getdik. Qəhrəman əsgərlərimizin sıldırım qayalara qalxaraq Cıdır düzündə döyüşə atılmasının söhbətlərini eşitdik. Bunu kənardan eşitmək, telekanallardan görməklə yanaşı, yerində - o sıldırım qayalardan əsgələrimizin necə qalxmağını təsəvvür etmək insanda böyük ruh yüksəkliyi formalaşdırır. Əsgərlərimiz bu yüksəkliklərə döyüşərək, qalxaraq şəhərimizi azad edib. Amma şəhərə heç bir ziyan vurulmayıb. Biz orada Vaqifin məqbərəsini, üç böyük dahi azərbaycanlının Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün büstlərini ziyarət etdik. Dağıldıqdan sonra yarımçıq qalmış qala divarlarına baxdıq. Şuşanın küçələrində gəzərkən binaların üzərində “yoxlanılmışdır, mina yoxdur” yazısına rast gəldik. Bəlkə də nə vaxta qədərsə, bu yazıları götürməyə ehtiyac yoxdur. Bu əslində tarixdir. Torpaqlarımızdan qovulan düşmən nəinki xalqımızın maddi varidatını dağıdıb hətta geri çəkilərkən bizlərə ziyan vurmağa çalışıb. Şuşanı ermənilərin tam şəkildə minalamağa sadəcə olaraq vaxtları çatmayıb.

- Şuşadan Xankəndiyə baxanda hansı hisləri keçirdiniz?

- Cıdır düzündən və Şuşanın bir neçə yerindən Xankəndinə və Kərkicahan istiqamətinə baxdıq. Ora bizim ərazimizdir. Bizim suverenliyimiz olan tarixi bir yerdir. Heç birimizdə şübhə qalmadı ki, çox çəkməz həmin o ərazilərdə də Azərbaycan bayrağı dalğalanacaq, ölkəmizin qanunları orada da hökm sürəcək.

Şuşanın çıxacağında biz Laçın dəhlizini və orada keşik çəkən rus sülhməramlılarını da gördük. Düzdür, biz ermənilərə aid maşınlara rast gəlmədik. Prezident İlham Əliyevin vurğuladığı kimi rus sülhməramlılarının müvəqəti nəzarətində olan ərazilərdə çox az sayda insan yaşayır. Elə bizim bir anlıq baxışımızda bunun şahidi olduq.

- Şuşanın yeni siması haqqında nə deyə bilərsiniz?

- Şuşada çox böyük quruculuq, abadlıq işləri icra edilir. Xüsusi qoruq idarəsinin rəhbəri və Prezidentin xüsusi nümayəndəsi ilə görüşümüz oldu. Onlar görülən işlər və planlar barəsində danışdılar. Binalar, yollar təmir edilir, parklar abadlaşır. Şuşanın baş planının təsdiqindən sonra görüləcək işlərin cəhbəsi daha da genişlənəcək. Bu səfərimizdə həm işğaldan azad edilən ərazidən keçərkən biz Füzuli Beynəlxalq aeroportunda olduq. Möhtəşəm, qürur doğuracaq bir layihə icra edilib. Zəfər yolu çox əzəmətlidir. Artıq yeni bir yol da çəkilir. Bu yol daha geniş və əzəmətli olacaq. Hətta sərt qış dövründə belə o dağlardan keçməyə imkan verən yeni bir yol çəkilişi həyata keçirilir.

- Azad edilmiş ərazilərdə Azərbaycan dövlətçiliyi ilə Ermənistanın işğalçı mahiyyəti arasındakı fərqi hansı təsəvvürü formalaşdırır?

- Hamımızda belə bir fikir oyandı ki, Azərbaycan dövləti ilə Ermənistanın fərqi Şuşada və işğaldan azad edilən ərazilərdə konkret görünürdü. Azərbaycan olduğu hər yeri qurmağa, abadlaşdırmağa, yeniləməyə, Ermənistan isə dağıtmağa, sökməyə vəhşiliyə, viran qoymağa çalışıb. Qısa bir zamanda Şuşada böyük işlər görülüb. Artıq burada iki hotel fəaliyyət göstərir. Üçüncü hotelin tikintisi gedir. Şuşada ticarət obyektləri, internetə çıxış, bir neçə bankomatlar mövcuddur. Əhali Şuşaya geri qayıtmasa da orada çalışanlar və görülən işlərin mahiyyətindən yenidən canlanan bir həyatın şahidi olduq. İnanırıq çox çəkmədən şuşalılar geri qayıdacaq. Onlar öz dədə-baba torpaqlarında əbədi yurd salacaqlar.

- Şuşadan hansı hansı təəsüratlarla döndüz?

- Bir var oxumaq, eşitmək bir də var ki, yerində görmək. İnsanın təsəvvürü, bilikləri analitikası dəfələrlə artır, həddən artıq genişlənir. Bizi müşahidə edən xüsusi nümayəndlik, Şuşa Dövlət Qoruğunda çalışan insanların demək olar hamısının ya valideyni, ya da yaxud da babaları Şuşalıdır. Bir neçəsi avtobusla Şuşa küçərlərində keçərkən “bax o sökülmüş ev mənim babamın olub. Üç mərtəbəli böyük bir mülk idi” kimi sözləri eşitdik. Ona görə də, bizim ora səfərimiz sadəcə olaraq bir komitə iclası deyildi. Bu, Azərbaycanın öz torpaqlarına, suveren sahibliyinin bir nümunəsi idi. Xoşbəxtik ki, bu bizə qismət oldu. Orada olarkən hər bir söhbətimizdə, baxışımızda vurğulayırdıq ki, şəhidlərimizin ruhu əzizdir və şaddır. Ali Baş Komandana, qazilərimizə, əsgərlərimizə qəhrəmanlıqlarına görə təşəkkür edirdik. Orada bir neçə yerdə ordumuzun əsgərləri, zabitləri ilə görüşdük. Çox böyük qürur hissi keçirdik. Onları qorxmadan, əzəmətlə verilən tapşırığı yerinə yetirməyə hazır olan bir formada gördük. Bir çox millət vəkillərimiz əsgərlərimizi, zabitlərimizi qucaqlayıb, bağırlarına basıb onlara öz sevgilərini göstərirdilər. Ona görə də təəssürat həddən artıq böyükdür. Bu, dövlətçiliyimizlə, Prezident İlham Əliyevin gördüyü tarixi işə, torpağımıza olan sevgi təəsüratı idi. Biz belə səfərlərin bundan sonra daha çox olacağına inanırıq.


Müəllif: Tapdıq Qurbanlı