11 Aprel 2022 19:57
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Fransada prezident seçkilərinin ilk turu başa çatdı. Bu seçkilərin Cənubi Qafqazdakı proseslərə təsiri necədir?

- Fransızlar kimi seçməklə bağlı özü qərar verməlidir. Onların bizə münasibətinə gəldikdə isə Fransadakı prezident seçkilərindən sonra bu bölgəyə və Azərbaycana o qədər də diqqətin olması gözlənilmir. Daxili siyasətlərində hansısa diasporun təsiri ilə nə isə etmək olar. Amma hamı başa düşür ki, Fransa və Avropanın özündə problemlər daha çoxdur. Bu prolemlər də azalmağa doğru getmir, daha da çoxalır. Ona görə də, bizim münasibətimiz Fransadakı seçkilərə və ondan sonrakı proseslərə adekvat olaraq formalaşa bilər. Ümumiyyətlə isə Azərbaycan hər cür münasibətə hazırdır.

- Fransada seçiləcək prezidentin Azərbaycan-Ermənistan münasibətlərinə təsiri haqqında fikirləriniz nədən ibarətdir?

- Azərbaycanla Ermənistan arasındakı məsələlər nə Le Pendən, nə də ki Makrondan asılıdır. Onlar sadəcə olaraq prosesə haradasa cüzi formada mənfi, yaxud müsbət təsir göstərə bilərlər. Çünki artıq həll olunası məsələlər həll edilib. İndi Azərbaycanın hər bir sahədə üstünlüyü var. Biz öz məqsədlərimizə doğru gedirik.

- Fransanın Avropa Birliyinə sədrliyi fonunda seçkidən sonra Cənubi Qafqaz siyasətinin arxa plana keçəcəyi kimi yanaşmalar nə qədər məntiqlidir?

- Anti-islam, anti-türk “trendlərini” istənilən Avropa dövlətində tapmaq olar. Multikulturalizmə qarşı bəyanatlar tək Fransada deyil, ümumiyyətlə bir çox Avropa ölkələrində səslənir. Şovinist, millətçi dalğanı təkcə Le Penlə və ya Makronla bağlamaq düzgün deyil. Bu, ümumi Avropa İttifqının “trendidir”. Bunun əleyhinə dəfələrlə bəyanatlar verilib. Prezident İlham Əliyev də bir neçə dəfə bu məsələyə münasibət bildirib. Amma yanaşmaların nə olmasından asılı olmayaraq mövzuya bizim öz baxışlarımız var. Azərbaycan multikulturalizm konsepsiyasının əsas meyarlarını ortaya qoyur. Bu ölkəmizin daxili siyasətində olan vacib elementlərindən biri hesab edilir. Həmçinin xarici siyasətdə də təbliğat üçün bu amil güclü faktor kimi qəbul edilir. Ona görə də, Fransadakı seçkidən sonra kəskin şəkildə nəyinsə dəyişəcəyini güman etmək olmaz.

- Brüssel görüşündən sonra Ermənistan tərəfi növbəti təxribatlara əl atmağa çalışır. Sizcə, razılaşmaların mürəkkəbi qurumamış ermənilərin bu cür siyasi təxribatları nəyə hesablanıb?

- Biz öncəki söhbətlərimizdən sonra da ermənilərdən belə ritorikaların eşidiləcəyini deyirdik. Bu, unikal bir yanaşma deyil. Sadəcə gözlənilən nəticə idi. Əminik ki, Azərbaycanda aktiv siyasətlə məşğul olan adamlar da bunu dərk edir. Söhbət ondan gedir ki, Qərb və Rusiya arasında bu məsələ ətrafında rəqabət gedir. Ümumiyyətlə, rəqabət şəraiti bizim xeyrimizədir. Belə bir ifadə var ki, “hansısa kiçik ölkənin böyük dövlət tərəfindən işğal niyyəti varsa, burada kiçik dövlət üçün heç bir ümid yoxdur. Amma bu kiçik ölkəni iki böyük dövlət işğal etmək istəyirsə, burada onun azad qalmaq şansı var”. Ona görə də, bu gün Avropa və Qərbdəki güclər bu bölgəni tutmaq istəyirlərsə, real yanaşma məhz burada özünü göstərəcək. Biz də, bu rəqabət mühitindən istifadə edərək xeyrimizə olan məsələləri həll edirik. Həm Moskva, həm də Qərblə bu məsələdə atacağımız addımları müzakirə edirik. Amma bu da o demək deyil ki, biz onların dediklərinin hamısına əməl edəcəyik. Sözsüz ki, bizə məqbul olmayan məsələləri qəbul etməyəcəyik. Bu baxımdan Brüssel görüşünü böyük diplomatik gedişlərin bir elementi kimi xarakterizə etmək olar.


Müəllif: Tapdıq Qurbanlı