11 Aprel 2022 17:11
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, Azərbaycan ərazisində hələ də qalmaqda olan separatçıların təxribatçı hərəkətləri davam edir və ordumuz da onlara daim layiqli cavab verir. Sizcə, Brüssel danışıqlarından sonra baş verənlər necə analiz edilməlidir?

- Bununla o mesaj verilir ki, hansı proses gedir-getsin Qarabağ Azərbaycanın nəzarət edəcəyi bir ərazidir. Müvəqqəti olaraq Azərbaycan ərazisində hansısa bir erməni ünsürünün yaşaması, o demək deyil ki, orada istənilən terrorçu qüvvə formalaşdırıb ölkəmizə qarşı addım atmaq mümkündür. Ona görə də son olanlar Azərbaycan tərəfindən açıq bir xəbərdarlıq idi. Hansısa təxribat xarakterli addımların olacağı təqdirdə Azərbaycan ən sərt cavab tədbirlərini görəcək. Bu məsələdə ölkəmizin mövqeyi barışmazdır. Rus sülhməramlısının burada olub-olmamasına baxmayaraq hər hansı bir şəkildə bölgə üzərində bu cür hallara Azərbaycan qətiyyən yol verməyəcək. Ona görə də istər Fərrux, istərsə də digər istiqamətlərdə Azərbaycan erməni terroruna qarşı mübarizədə qətiyyətli və qəti addımları atmağa istənilən vaxt hazırdır. Bu baxımdan son verilən mesaj da məhz bunu ehtiva edirdi.

- Qarşı tərəfin hesablaşmaq istəmədiyi məqamlar nədən ibarətdir?

- Ermənistan əslində bununla hesablaşır. Onlar da anlayır ki, artıq Qarabağ üzərindən Azərbaycana təzyiq göstərmək imkanı yoxdur. Sadəcə onlar bu sənədlərlə hər hansı bir şəkildə məsələləri qaydaya qoymağa çalışır. Düşünürlər ki, oradakı ermənilərin ən az şəkildə “hüquqlarının” qorunması üçün nəsə bir üstünlük əldə etsinlər.

- Bu necə mümkün olar bilər?

- Bunun mərhələləri çoxdur. Sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin açılması kimi vacib məsələlər var. Prosesin gedişi onu göstərir ki, Laçın dəhlizi Azərbaycan tərəfindən artıq nəzarətə götürüləcək. Bunun başqa yolu yoxdur. Erməni tərəfi Zəngəzur dəhlizini açmırsa, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçməlidir. Biz də bundan sonra dəhlizdən öz istədiyimiz şəkildə yararlana biləcəyik. Hər hansı bir xarici qüvvənin də buradan istifadəsinə imkan verilməyəcək.

- Təxribatlara əl atmaqla erməni tərəfi nəyə ümid edir?

- Onlar reallığı anlayır. Sadəcə olaraq beynəlxalq səviyyədə nələrinsə, dəyişəcəyinə ümid edirlər. Amma bunun da heç bir perspektivi yoxdur. Çünki bölgə tam olaraq Azərbaycanın nəzarətində olmalıdır. Bu proses də uğurla gedir.

- Nikol Paşinyan Brüssel görüşündə Fərrux məsələsini gündəmə gətirməyin mənasız olduğunu etiraf edib. O bu məsələni sülhməramlıların üstünə atmağa çalışır. Burada məqsəd nəyə hesablanıb?

- Bunu qarşı tərəf anlayır. Onlar bilir ki, belə bir məsələni qaldırmaq üçün hüquqi əsasları yoxdur. Eyni zamanda burada məsələni başqasının üstünə atmaq niyyəti də var. Rus sülhməramlıları da öz üzərinə düşən işi görməlidir. Sülhməramlı orada barışıq yaratmaq üçün yerləşdirilib. Amma bu gün həmin ərazilərdən bizə qarşı təhlükələr hiss olunur. Belə olan halda biz məcburi cavab tədbirləri görməliyik. Birmənalı mövqe məhz bundan ibarətdir. Əslində Paşinyan bu məsələni vurğulamaqla prosesdən mümkün qədər yayınmağa çalışır. Çünki bilmirlər erməni cəmiyyətinə nə cavab versinlər? Onlar cavabı verə bilməzlər ki, biz Azərbaycanın üstünə qoşunla gedəsi deyilik! Çünki atacaqları addımlara görə iki qat zərbə alacaqlar.

- Qarabağdakı erməniləri silahlandırmaq hansı məntiqdən yaranır?

- Orada bir qurp terrorçuya, 5-10 qadına silah verib düşünürlər ki, bununla Azərbaycan Ordusunun qarşısını kəsə bilərlər. Bu da mümkün olan deyil. Sülhməramlıların arxasında da gizlənə bilməyəcəklər. Bəlkə də, sülhməramlıların özü də ermənilərin bu davranışından bezib. Çünki prosesə tam nəzarət edə bilməmək, sülhməramlıları da Azərbaycan qarşısında cavab vermək imkanlarını məhdulaşdırır. Çünki biz məsələyə real razılaşmalar əsasında yanaşırıq. Özbaşına yanaşmalara biz yol verə bilmərik. Ərazi bizimdir. Geci-tezi onlar da bizim dövlət suverenliyimizi qəbul etməlidir.


Müəllif: Tapdıq Qurbanlı