13 Aprel 2022 17:16
1 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elman müəllim, ötən gün Ermənistan parlamentində hərbi cani, cinayətkar Seyran Ohanyan səs-küy salmağa çalışsa da, elə öz həmkarları tərəfindən susduruldu. Sizcə, bu yanaşmaları artıq erməni cəmiyyətinin, siyasi elitanın “Qarabağ klanından” qurtulması kimi də izah etmək olarmı?

- İkinci Qarabağ müharibəsində biz təkcə Nikol Paşinyanın rəhbərlik etdiyi orduya qarşı döyüşüb qalib gəlməmişik. Vaxtilə Qarabağda soyqırımı, qətillər törədən, quldurlar, canilər olan Serj Sərkisyanlara, Robert Köçəryanlara qalib gəlmişik. Hərbi cani olan Seyran Ohanyanları məğlub etmişik. Bu gün Ermənistanda özlərini “qəhrəman” kimi göstərməyə çalışanlar 44 günlük müharibədə döyüş meydanından qaçanlardır. Çünki o hərbi canilər işğal müddətində Azərbaycanlılara aid maddi nemətləri, tarixi, dini abidələri, məzarlıqları belə talan edib, sataraq külli miqdarda çirkli pullar əldə ediblər. Bu qaniçənlər erməni cəmiyyətində də arzuolunmaz şəxslər kimi qarşılanır. Vaxtilə tutduqları vəzifələrdən istifadə edərək korrupsiya əməllərinə yol vermiş bu canilər indi Ermənistan parlamentində hay-küy salmaqla yenidən diqqət mərkəzində olmağa can atırlar. Ermənistanda həmişə olduğu kimi bu gün də bir neçə qütblülük hökm sürür. “Qarabağ klanı” hələ də Ermənistanda öz mövcudluğunu saxlamağa çalışır. Ermənistan ordusunda, siyasi müstəvidə də bu klanın qalıqları var. Çünki onlar bəlkə də qaytardılar - xülyası ilə yaşayır. Erməni xalqını yenidən məhv etmək üçün faşist ideologiyasına əsaslanıb absurd çağırışlar edirlər. Amma erməni xalqı bu gün nəhayət düşünməlidir ki, cinayətkarların arxasınca gedən Ermənistan dövlətinin gələcəyini məhvə aparan hərəkətlərə imza atmış olur. Çünki Azərbaycanın bugünkü real gücü siyasi, iqtisadi, diplomatik imkanları qarşısında Ermənistan çox aciz və cılızdır. İndiki şəraitdə onların hay-küyü sadəcə olaraq kütlə üçündür. Digər məqsədləri isə Nikol Paşinyanı hakimiyyətdən salmaq niyyətidir. Bu amildən də maksimum yararlanmağa çalışırlar. N. Paşinyanın qərbyönümlü siyasi xəttindən ona qarşı istifadə etmək cəhdləri var. Düşünürlər ki, bu yolda Rusiya onlara maksimum dəstək verəcək. 1988-ci ildən başlayaraq sovet agenturasının muzdluları olan Sərkisyan və Köçəryan cütlüyü etməyə çalışdıqları təxribatlara rus sülhməramlılarının onlara dəstək verəcəyini düşünürlər. Məqsədləri Qarabağda olan separatçılara mümkün dəstək verməklə öz maraqlarını reallaşdırmaqdan ibarətdir.

- Ermənistan üçün də Qarabağdakı ermənilərlə bağlı məsələnin bir yük olması faktdır. Erməni cəmiyyətinin bu yükdən qurtulmaq cəhdləri haqqında nə demək olar?

- Erməni cəmiyyətində bu məsələ ilə bağlı fərqli zamanlarda çağırışlar edilib. Ermənistandakı ermənilər “Qarabağ bizim övladlarımızın ölümünə səbəb olub, Qarabağ bizə lazım deyil” kimi vaxtaşırı bəyanatlar səsləndirirlər. 30 ildir ki, erməni cəmiyyəti Qarabağ məsələsinə görə zülm çəkdiyini mütəmadi olaraq vurğulayır. Məhz Qarabağ məsələsinə görə, bu gün hər şeydən məhrum olmuş Ermənistan artıq bu problemin özləri üçün bir yük olduğunu qəbul edir.

- Bu yükdən xilas olmağın yolu necədir?

- Erməni cəmiyyəti üçün bu yükdən xilas olmağın yeganə yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaq və ərazi iddialarından imtina etməkdən ibarətdir. Çünki Qarabağ heç vaxt onların olmayıb və olmayacaq. Bunu 30 ilə yaxın Azərbaycanın ortaya qoyduğu hərbi siyasi güc də nümayiş etdirdi. Erməni cəmiyyəti də 2020-ci ilin 44 günlük müharibəsinin ağır nəticələrini unutmamalıdır ki, Azərbaycan Qarabağ məsələsində heç bir vaxt güzəştə getməyib və getməyəcək.

- Brüssel görüşündən sonra bölgədə müəyyən aktivlik müşahidə olundu, xüsusilə Ağdərə ilə bağlı. Prosesləri necə qiymətləndirirsiniz?

- Azərbaycan ərazisində olan bütün yüksəklillərə biz özümüz nəzarət edəcəyik. Üçrəngli bayrağımız suveren ərazilərimizin hə bir güşəsində dalğalanacaq. Xankəndində də Azərbaycan bayrağının dalğalanacağına hər birimiz inanırıq. Qarabağda bu gün qalmaqda olan silahlılar da buradan birdəflik qovulacaq. Orada hələ də qalmaqda olan terrorçular rus sülhməramlılarının onları müdafiə edəcəyinə ümid bəsləməsin. Çünki Azərbaycan Ordusunun keçirəcəyi antiterror əməliyyatları nəticəsində onları heç kəs müdafiə edə bilməyəcək. Bu yaxınlarda Fərrux, Daş Başı yüksəkliklərində Azərbaycan Ordusununun mövqeləndiyi yüksəklikərdə bayrağımızın dalğalanmasına da heç kəs maneə ola bilmədi. Rus sülhməramlılar da buna əngəl olmaq iqtidarında deyil. Çünki ərazi bizimdir və suveren torpaqlarımızda harada post qurmağımız üçün heç kəsdən icazə və razılıq alası deyilik. Bu bizim beynəlxalq hüquq tərəfindən tanınan haqqımızdır. Ona görə də, Azərbaycan əsgəri öz ərazisində istədiyi yerdə dayana bilər. Ağdərə yüksəkliklərində Ordumuzun hansı mövqedə dayanması ilə bağlı bəzilərinin narahatçılığı da ancaq özləri üçündür. Biz öz işimizlə məşğuluq.


Müəllif: Tapdıq Qurbanlı