13 Aprel 19:51
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsində kimyəvi və kütləvi qırğın silahlarının istifadəsi ilə bağlı təhlükəli tendensiyalar gündəmdədir. Çünki burada kütləvi qırğın silahlarına aid kimyəvi, bakteroloji və nüvə silahının istifadəsi ilə bağlı fərqli fikirlər var. Ukraynanın Mariupol şəhərində Rusiya tərəfindən istifadə edilən kimyəvi silah haqqında olan məlumatlar isə tam təsdiqlənməyib. ABŞ tərəfindən 300 və ondan artıq bakteroloji, bioloji laboratoriyaların olduğu haqda məlumatlar yayılır. Belə laboratoriyalar bədnam qonşumuz Ermənistanda da var.

Bunu Teleqraf.com-a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

O qeyd edib ki, beynəlxalq konvensiyalara, qadağalara baxmayaraq hələ də böyük dövlətlər bu istiqamətdə öz tədqiqatlarını davam etdirir: “Daha dağıdıcı, zərərverici, zəhərləyici silahların istehsalı ilə bağlı işlər davam etdirilir. Çox təəssüf ki, bu tədqiqatlara da ciddi maliyyə dəstəyi var”.

Ehtiyatda olan polkovnikə görə, I Dünya müharibəsində kütləvi qırğın silahlarından, zəhərli qazların istifadə edilib: “II Dünya müharibəsinin sonunda ABŞ-ın Yaponiyanın Xirosimo və Naqasaki şəhərlərinə atdığı atom bombalarının ağır nəticələri bu gün də davam edir. Sonrakı lokal müharibələrdə isə bu silahın tətbiqi ilə bağlı məsələlər daha çox siyasi xarakter daşıyıb. Buna baxmayaraq kimyəvi və bakteroloji silahın açıq tətbiqi, istehsalı ilə bağlı faktlar aşkara çıxmayıb. Eyni zamanda COVID-19 virusunun da bioloji silah istehsal edilən laboratoriyalardan yayılması ilə bağlı da fərziyyələr var idi. Bu virusun yayılması ilə də kütləvi insan qırğınlarının baş verəcəyi düşüncəsi hakim kəsilmişdi”.

Ekspertin fikrincə, kütləvi qırğın silahlarının böyük dövlətlərdə olması və bunun tətbiqi ilə bağlı vaxtaşırı verilən açıqlamalar da təhlükəli tendensiya formalaşdırır: “Görünən odur ki, beynəlxalq konvensiyalar kağız üzərində qalıb. Bu baxımdan da lokal və digər müharibələrdə dövlət rəhbərlərinin kütləvi qırğın silahlarının tətbiqi ilə bağlı məsələlərə həssaslıqla yanaşması vacibdir. Bu gün hər kəs bilir ki, dünyanı bir neçə dəfə məhv etmək gücündə olan kütləvi qırğın silahları mövcuddur. Çünki silahlar nə qədər müasirləşirsə, bir o qədər də təhlükənin çoxalması deməkdir”.

Şair Ramaldanova görə, hazırkı müharibəyə tək Rusiya-Ukrayna savaşı konteksindən baxmamalıyıq: “Bu, Qərb-Rusiya müstəvisində olan müharibədir. Çox təəssüf ki, hər iki tərəfin də əlində kifayət qədər dağıdıcı gücə malik kütləvi qırğın silahları mövcuddur. Təhlükəlisi isə odur ki, Rusiya məqsədlərinə nail olmaq üçün nüvə silahına əl atacağı haqqında vaxtaşırı açıqlamalar verir. Hətta nüvə başlıqlarının hazırlıq vəziyyətinə gətirilməsi barədə Rusiya Silahlı Qüvvələrinin ali baş komandanı tapşırıq verib. Bu mənada kütləvi qırğın silahlarının növlərindən asılı olmayaraq onun daha çox dövlətlərdə olması riskləri artırıb”.


Müəllif: Tapdıq Qurbanlı