15 Aprel 2022 09:14
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Düşünürəm ki, bu əmri Rusiya sülhməramlılarının komandanlığı verib. Əlbəttə, onlar Kremllə məsləhətləşərək bunu edirlər. Təxminən bir ay əvvəl Rusiya Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini Aleksey Kim Bakıda oldu. Rusiyalı general burada Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı ilə danışıqlar apardı. Çox güman ki, burada müəyyən şərtlər də masaya qoyulub”.

Politoloq İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan sülh mesajı verdi, bildirdi ki, Bakı ilə sülh müqaviləsinin imzalanmaması onun ölkəsi üçün təhlükə vəd edir. Üstəgəl, o, Qarabağla bağlı danışanda, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün ona təzyiq etdiyini dedi. Mesajlar müsbət görünür. Bəs sizcə, Paşinyan praktikada bu yöndə addım atmaq istəyirmi?

- Görünən budur ki, Paşinyan sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir. Hər halda bunu istəməsəydi, belə açıqlamalar verməzdi. Hətta bir qədər də tələskən görünür. Düşünürəm ki, bu, daha çox daxili siyasi amillərlə bağlıdır, nəinki xarici siyasətlə. Daxili amillər isə daha çox iqtisadi məsələlərlə bağlıdır. Məsələn, Paşinyan Türkiyə və Azərbaycanla iqtisadi əlaqələrin bərpasında maraqlıdır. Amma sülh müqaviləsi imzalanmadan bu əlaqələrin bərpa olunması mümkün deyil. Ermənistanın daxili sosial-iqtisadi problemlərinin əsas səbəbi də, blokadada olması – Türkiyə və Azərbaycanla əlaqələrin olmaması ilə bağlıdır. Yəni bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Paşinyan da anlayır ki, sülh müqaviləsi imzalanmadan iqtisadi əlaqələrin bərpası mümkün deyil. Bu halda xarici investorların Ermənistana gəlməsi mümkün olmayacaq.

Siyasi məsələlərə gəldikdə, bu, ondan ibarətdir ki, Ermənistandakı revanşist qüvvələr hələ də köhnə gündəmi yeni reallığa gətirmək istəyir, mövcud durumla barışmaq istəmirlər. İndi onları neytrallaşdırmaq üçün Paşinyana o lazımdır ki, sülh müqaviləsi imzalansın. Beləliklə, Paşinyan onların revanşist hədəflərini daxili gündəmdən çıxarmağı hədəfləyir.

- Rusiya sülhməramlılarının erməni deputatları Qarabağa buraxmaması Ermənistan və separatçılarda sual yaradıb ki, bu əmri kim verib. Sizin bu haqda fikriniz nədir?

- Düşünürəm ki, bu əmri Rusiya sülhməramlılarının komandanlığı verib. Əlbəttə, onlar Kremllə məsləhətləşərək bunu edirlər. Təxminən bir ay əvvəl Rusiya Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini Aleksey Kim Bakıda oldu. Rusiyalı general burada Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı ilə danışıqlar apardı. Çox güman ki, burada müəyyən şərtlər də masaya qoyulub. Yəqin ki, o, bu şərtləri Kremlə çatdırıb. Nəticədə məsələ bu və digər şəkildə razılaşdırılıb ki, bölgədə əlavə gərginliyin yaşanmaması üçün müəyyən əlavə tədbirlər görülməli və siyasi şərtlər gözlənilməlidir.

Düşünürəm ki, bu addım Rusiya sülhməramlıların fəaliyyətinin fonuna təsir göstərməməsi üçün atılıb. Yəni bunu daha çox öz maraqları üçün ediblər. Əgər erməni deputatlar Qarabağa buraxılsaydı, onda Bakı və Moskva arasında növbəti gərginlik yaşana bilərdi. Bu gərginlik sülhməramlıların yerləşdiyi ərazilərə keçə bilərdi. Biz bilirik ki, Ukraynada müharibə gedir və bu fonda Rusiyaya əlavə gərginlik lazım deyil. Hesab edirəm ki, mövcud şərtlər nəzərə alınaraq bu addımlar atılır.

- Paşinyan hökuməti ilə əlaqələri gərginləşən separatçıların Moskvaya sığınacağı da müzakirə mövzusudur. Sizcə, Moskvanın separatçıların bu istəklərinə cavabı nə ola bilər, məsələn, Donbas, Dnestryanı, Abxaziya və Cənubi Osetiyada etdiklərini burada da edə bilərmi?

- Hesab edirəm ki, Moskva bunu etsə, Azərbaycanla bütün əlaqələri kəsmiş olur. Bununla Azərbaycanı itirmiş ola bilər. Yəni bu addımı ataraq separatçıları, heç kəsə lazım olmayan o “qurum”u qazanırlar, əvəzində bütün Azərbaycandakı nüfuzunu itirirlər. Bu halda başqa variant qalmayacaq. Rusiya bunu etsə, bütün regionda heç bir nüfuzu qalmayacaq. Yəqin Kremldə anlayırlar ki, bu addımın nəticəsi nə ola bilər. Hesab edirəm ki, bundan sonrası üçün nəzərdə tutulan addımlar bu istiqamətdə atılmayacaq.

- Azərbaycan və Ermənistanın sülh gündəmi ilə bağlı iki proses gedir: Brüssel və Moskva. Hər iki tərəflə də müəyyən anlaşmalar var. Sizcə, sonda kimin razılaşmaları kağız üzərində qalacaq, kiminki həyata keçəcək?

- Hər iki vasitəçilik lazımdır. Siyasi müstəvidəki gəlişmələr prosesə müsbət təsir edə bilər. Bu, məsələlərin çözülməsi istiqamətində daha təsirli addımların atılmasına yeni imkanlar yaradır.

Digər yandan, biz bilirik ki, Ermənistan tamamilə Rusiyadan asılıdır. Yəni Ermənistanın özü müstəqil deyil. İrəvan Moskvasız heç bir addım ata bilməz. İqtisadi asıllılıqla yanaşı, Ermənistan bütün enerji resurslarını Rusiyadan əldə edir. Digər yandan, Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya hərbçiləri qoruyur. Eləcə də, ortada sülhməramlı amili var. Ermənistan iqtisadiyyatı da Rusiyanın aparıcı şirkətlərinin əllərindədir. Təkcə dəmir yolu şəbəkəsinin Rusiyanın əlində olması Ermənistana təzyiq etmək üçün kifayətdir. Bu baxımdan, Rusiyanın rolu olmadan münasibətlərin tənzimlənəcəyini düşünmək çətindir.


Müəllif: Mənsur Rəğbətoğlu