14 Aprel 2022 17:16
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Sərdar bəy, Ermənistan parlamentində baş verən məlum qalmaqaldan sonra Qarabağa qanunsuz səfər etmək istəyən deputatların niyyəti baş tutmadı. Sizcə, son zamanlar bu cür təxribat xarakterli addımların atılması nə ilə bağlıdır?

- Düşünmək olmaz ki, bu, birbaşa Nikol Paşinyanın arzu və ya göstərişi ilə baş verib. Çünki o, hazırda Azərbaycanla sülh sazişi imzalamağa daha çox meyilli görünür. Ona görə də Paşinyanın Azərbaycanla münasibətləri gərginləşdirməkdə maraqlı olduğunu düşünmək olmaz.

Qarabağa qanunsuz gəlmək istəyən Ermənistan parlamentinin deputatları Paşinyana müxalif olan şəxslərdir. Onlar daha çox patriotçuluqla məşğul olan revanşist qüvvələrdir. Əslində Qarabağa gəlmək istəyən erməni deputatlar Azərbaycanla Ermənistan arasında münasibətlərin qaydasına düşməsini istəməyənlərdir. Bu baxımdan belə hallar avantüradan başqa bir şey deyil.

- Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret mövqe olsa da, Qarabağla bağlı hansısa “hüquqi qaydalar” ortaya atılır. Bu məsələdə əsas məqsəd nədən ibarətdir?

- Rus sühməramlı qüvvələrinin ermənilərlə bağlı səsləndirdikləri fikirlər əhəmiyyətsizdir. Bunu sülhməramlının guya üçtərəfli bəyanata riayət etməsi kimi yozmaq məntiqsizdir. Sadəcə olaraq Rusiya burada fərqli mövqe sərgiləyir. Çünki Rusiya zaman-zaman bu ərazilərin nə Ermənistana, nə də Azərbaycana aid olduğu ilə bağlı informasiyalar yayır. Orada yaşayan ermənilər də Ermənistanla birləşmək ideyasından çoxdan imtina ediblər. Ermənistanı mümkün qədər bu prosesdən kənarda saxlamaq niyyəti var.

Məqsəd Türkiyə və Azərbaycanla əlaqələrin bərpasına nail olmaqdır. Bununla da Qarabağı Azərbaycandan qoparmaq haqqında fikirlərini daha asan reallaşdıra biləcəklərini düşünürlər. Çünki Qarabağdakı ermənilər özlərini Rusiyaya birləşdirmək, onun təsir dairəsində qalmaq kimi ideyalara köklənib.

- Rus sülhməramlılarının yenidən “Dağlıq Qarabağ”, “Furux”, “erməni silahlı qüvvələri” kimi açıqlamalar yayıb. Anlaşılmayan və aydın olmayan hansı məsələlər var ki, sülhməramlı kontingent hələ də o çərçivədən çıxa bilmir?

- Ola bilsin ki, rus dilindəki yazılışa və tələfüzə görə Fərrux “Furux” kimi qeyd edilir. Burada həmçinin sülhməramlıların üzərinə Qarabağdakı erməni silahlılarının çıxarılması kimi öhədliklər də qoyulub. Eyni zamanda addım-addım oradakı ərazilərin Azərbaycanın suverenliyinə qaytarılması öhdəliyi mövcuddur.

Amma bu gün Azərbaycan öz gücü ilə suverenliyini təmin edir. Bu dəfə rus sülhməramlıları buna maneə olmağa çalışır. Ona görə də, sülhməramlıların üçtərəfli bəyanata tamamilə zidd bir mövqe nümayiş etdirdiyi faktı ortadadır. Əslində Rusiya Azərbaycanın Xankəndində nəzarəti ələ almasında maraqlı olmalıdır. Buna mane olmaqla heç nə əldə etmək mümkün olmayacaq.

Azərbaycan dinc yolla öz suverenliyini təmin edir. Ordumuzun ardıcıl olaraq oradakı postlara nəzarəti ələ keçirməsi və qanunsuz silahlıları çıxarması başqa cür başa düşülməməlidir.

- Xankəndinin qaz məsələsi ətrafında yaradılan siyasi manipuliyasiyalarla bağlı az qala beynəlxalq birliyin yanaşmaları 15 ilə yaxın qazsız qalan Naxçıvana olan münasibət fonunda görünən real yanaşmalar nədən qaynaqlanır?

- Bu xristian təəsübkeşliyi məsələsidir. Ona görə də, Avropanın Ermənistanın yanında olması təəcüblü olmamalıdır. Onlar da yaxşı bilirlər ki, ərazilər Azərbaycana məxsusdur. Ona görə də, xristian təəsübkeşliyi burada ikili standartların ortaya çıxmasına səbəb olur. Çünki onlar aqressoru beynəlxalq hüquqa əsasən cilovlamadılar.

Aqressora görə Azərbaycana dəyən ziyanın ödənilməsində belə maraqlı olmalıdılar. Əslində beynəlxalq hüquqa əsasən bütün dünya dövlətləri aqressora qarşı çıxmalı idi. Amma bunun əksi baş verdi. Bu da açıq şəkildə ikili standartlardan yaranan bir haldır.


Müəllif: Tapdıq Qurbanlı