14 Aprel 2022 18:42
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldə təşkil edilmiş görüşündə ölkəmiz üçün mühüm siyasi, diplomatik uğurlar əldə edildi. Bu mənada Brüssel görüşlərində əldə olunmuş nəticələr Prezident İlham Əliyevin dünyada nüfuzunun göstəricisi hesab edilir. Əldə olunan müsbət nəticələr Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində dövlət başçısının həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor qeyd edib ki, bu görüşlərdəki danışıqların nəticəsində post-müharibə dövründə yeni format, Brüssel sülh gündəliyi yaranıb:

“Brüsseldə ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib. Bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib. Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb.

Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan XİN-lərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyü prinsipidir. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə mümkün gərginlik aradan qaldırılır. Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi görüşün nəticəsində əldə edilən razılaşmada öz əksini tapıb”.

Millət vəkili hesab edir ki, Brüssel görüşünün nəticəsi olaraq həmçinin nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınıb:

“Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT Minsk Qrupunun həmsədrlik institutuna istinad yoxdur. Bu, göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır. Həmçinin, münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. İndiki reallıqda Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb. Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir. Azərbaycan və Ermənistan bu təşkilata etimad göstərir. Avropa İttifaqının məqsədi Azərbaycan-Ermənistan münasibətlərinin qısa zamanda normallaşmasına nail olmaqdan ibarətdir. Edilən təşəbbüslər məhz buna hesablanıb”.

Deputat son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsindən bəhs edib: “Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi də diqqətdən kənarda qala bilməz. Avropa İttifaqının Prezidenti ilə Azərbaycan Prezidenti arasında intensiv dialoq və təmaslar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımlar atılması üçün mühüm şərtdir”.

Eldar Quliyev xatırladıb ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məqsədilə Soçi bəyanatına (26 noyabr 2021-ci il) uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının iclasının çağırılması qərara alınıb: “Birgə Sərhəd Komissiyasının mandatı Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq. Bu mənada Brüssel görüşünün nəticələri, görüşlər və danışıqlar ölkəmizin postmünaqişə dövründə əldə etdiyi növbəti siyasi, diplomatik uğuru hesab edilir.

Erməni tərəf keçən ilin 14 dekabrında keçirilən Brüssel görüşündən sonra da uduzduğunu etiraf edib. Bu dəfəki görüş isə qarşı tərəf üçün daha böyük məğlubiyyətlə yadda qalıb. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılması prinsipial amil kimi qəbul edilir. Sözügedən sənəddə əsas məqam Azərbaycanın prioritet hesab etdiyi ərazi bütövlüyüdür. Sözsüz ki, Azərbaycanın sülh istiqamətdə atdığı addımlar nəticə verməsə, Azərbaycan özü Xankəndidə, Xocalıda bayrağımızın dalğalandırılmasını təmin edəcək.

Ermənilərin Brüssel görüşündən bir gün qabaq İrəvanda mitinq və aksiyalar təşkil etməklə Avropa ittifaqının rəhbərliyinə hansısa bir mesaj ötürüəcəklərini və bununla da öz çirkin məqsədlərionə çatacaqlarını da düşünürdülər. Amma Azərbaycanın növbəti diplomatik zəfəri qarşısında aciz qaldılar. İndiki real şəraitdə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm ATƏT-in Minsk Qrupunun lazımsız bir təşkilat kimi tarixin arxivinə göndərildiyinin əyani sübutudur.

Bununla bağlı Rusiyanın xarici İşlər naziri Sergey Lavrov da Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündəki açıqlamasında məlumat verib. S.Lavrov qeyd edib ki, artıq Minsk Qrupu ölü bir quruma çevrilib. Bununla yanaşı Rusiya XİN rəhbəri üçtərəfli razılaşmaya əsasən Azərbaycan Rusiya və Ermənistan baş nazirlərinin iştirakı ilə keçirilən görüşlərin əhəmiyyətinə toxunub. Bu gün Minsk Qrupunun həmsədrləri arasında böyük problem var. Rusiya Qərblə müharibə vəziyyətindədir. Amma bütün bunlara baxmayaraq Rusiya tərəfi Ermənistana mümkün dəstəkdən danışır.

Lavrov da erməni həmkarı ilə görüşündə onlara edilən hərbi yadımlardan bəhs edib. Hələ də Qarabağda qalmaqda olan erməni silahlılarının çıxarılması gündəmdədirsə erməniləri yenidən silahlandırmaq heç bir məntiqlə izah oluna bilməz. Rusiya tərəfi Fərrux dağı ətrafında da müzakirələr aparmaq istəyir. Görünür Rusiya tərəfi Ukrayna cəbhəsindəki məsələlərlə paralel burada da özünün mövcudluğunu saxlamaq niyyətindədir. Amma Ermənistanda və kənarda olan prosesləri doğru-düzgün analiz edən hər kəs anlayır ki, Qarabağ Azərbaycan ərazisidir. Erməni əsilli rejissor Karen Şahnazarov Rusiya mətbuatına müsahibəsində bu məsələ ilə bağlı öz mövqeyini səsləndirib.

O qeyd edib ki, “sülh sazişinin, həm də iki ölkə arasında bütün əlaqələrin iqtisadi, mədəni və ümumiyyətlə, dostluq əlaqələrinin qurulmasının tərəfdarıyam. Ermənistan və Azərbaycan iki kiçik respublikadır, əlbəttə, onlara mehriban qonşuluq münasibətləri gərəkdir. Mənə elə gəlir ki, son nəticədə hər şey buna doğru gedir” deyib.

Şahnazarovun fikrincə, “Ermənistan tərəfi etiraf etməlidir ki, Qarabağ Azərbaycanın bir hissəsidir. De-fakto nə varsa, de-yure təsdiq edilməlidir. Ermənilərə bununla barışmaq lazımdır”. Bütün bunlar açıq şəkildə ifadə edildiyi halda çox təəsüf ki, bu gün bəzi anti-milli qüvvələr dövlətimizin bu uğurlarına qarşı qısqanclıqla yanaşır. Yerli və xarici media seqmentlərində Azərbaycan əleyhinə danışanlar və sosial şəbəkələrdə dövlətimizin uğurlarına dırnaqarası yanaşmağa çalışanlar heç bir ciddi arqumentə sahib deyil”.


Müəllif: Tapdıq Qurbanlı