14 Aprel 2022 12:45
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın beynəlxalq miqyasda nüfuzu daha da artır, aparıcı təşkilatlarla əməkdaşlığımız güclənir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirəsində ölkəmizin xarici siyasətinin uğurları da diqqət mərkəzində oldu. Dövlət başçısı müşavirədə çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, müşavirədə dövlət başçısının diqqət yetirdiyi məsələlər sırasında postmüharibə dövrünün reallıqları, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması idi:

“Prezident bir daha dövlətimizin birmənalı və prinsipial mövqeyini, atılan addımları, Brüssel görüşünün nəticələrini bir daha nəzərə çatdırdı. Sülh sazişinin imzalanması məsələsinə və Azərbaycanın irəli sürdüyü beş maddədən ibarət baza prinsiplərinin mahiyyətinə toxunuldu”.

Millət vəkilinin sözlərinə görə, hazırda Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti məhz Azərbaycanın yaratdığı geosiyasi reallıqlar əsasında formalaşır: “Proseslər Bakının iradəsinə uyğun tənzimlənir. Bu, Prezident İlham Əliyevin qətiyyətli və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir. Azərbaycan münaqişənin başa çatmasını və yeni mərhələnin başlanması reallığını qəbul etdirib. Yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Ona görə də hətta 44 günlük müharibədən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən xarici mərkəzlər də bu cəhdlərdən imtina etmək məcburiyyətində qalıblar”.

Sevinc Fətəliyeva hesab edir ki, Azərbaycan postmüharibə dövrünün problemlərini mərhələ-mərhələ həll edir:

“Ən əsası, BMT-nin nizamnaməsində əks olunmuş “sülhə məcburetmə” əməliyyatını 44 gün ərzində uğurla həyata keçirməklə ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycan postmüharibə dönəmində diplomatiya müstəvisində mühüm strateji gedişlər edir. Dövlətimiz Ermənistana sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu buraxmır. Azərbaycan tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya xətlərinin bərpası ilə əlaqədar aydın yanaşma ortaya qoyur. Paralel olaraq Brüssel görüşündən sonra hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatların verilməsi irəliyə doğru mühüm addım atıldığını göstərir. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılması isə sülh razılaşmasının əsas komponentidir. Postmünaqişə dövrü Azərbaycanın müəyyənləşdirdiyi gündəliyə uyğun olaraq davam edir. Düşünülmüş siyasət isə dövlətimizin öz hədəflərinə çatmasında ən önəmli amildir və belə də olacaq”.


Müəllif: Tapdıq Qurbanlı