15 Aprel 2022 14:52
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük müharibədən sonra Azərbaycan tarixi ədaləti bərpa etməklə yanaşı bölgədə və qlobal miqyasda separatizmə sarsıdıcı zərbə vurub. Dövlətlərin ərazi bütövlüyü məsələsinin prinsipiallığı bir daha açıq şəkildə nümayiş olunub. 30 ilə yaxın beynəlxalq hüququ heçə sayan Ermənistan separatizmə açıq dəstək verən ölkə kimi bu gün bunun mənfi nəticələrini yaşayır. Çünki qonşu dövlətin ərazisinə iddia etmək, beynəlxalq birlik tərəfindən tanınan bir ölkənin suverenliyinə qarşı çıxmaq qəbuledilməzdir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili hesab edir ki, artıq Cənubi Qafqazda separatizmin yenidən baş qaldırması bunun üçün hansısa bir formada təbliğatın aparılması yolverilməzdir:

“Amma görünən odur ki, 44 günlük müharibədə Azərbaycanın separatçılara və işğala haqq qazandırmaq istəyənlərə vurduğu zərbə bir çoxları üçün hələ də dərs olmayıb. Amma bütün bunlar əsas vermir ki, yenidən hansısa bir təhlükəli tendensiyalar ayaq aça bilər. Azərbaycan dövləti bundan sonra da öz ərazisində hansısa bir separatizm meyillərinə qətiyyən yol verməyəcək. Bununla bağlı ortada siyasi iradə və qətiyyət var”.

Deputatın fikrincə, son zamanlar Qarabağdakı separatçı rejimin qalıqları və Ermənistanın Rusiyadakı Marqarita Simonyan kimi uzantıları absurd məsələləri gündəmə gətirməyə çalışırlar:

“Məqsəd Azərbaycanla Rusiya arasında olan münasibətlərə mümkün qədər kölgə salmaqdan ibarətdir. Hərbi cani Azərbaycan qanunları ilə beynəlxalq axtarışa verilmiş terrorçu Araik Arutunyanın öz çirkin hərəkətlərinə əsas yaratmaq üçün bir sıra məsələlərdən istinad kimi istifadəyə cəhd etməsi mənasızdır. Çünki onun “iddiaları” heç vaxt baş tutmayacaq. Terrorçuların rəhbərinin yardım kimi istinad etdiyi Rusiya dövləti ilə Azərbaycan arasında müttəfiqlik haqqında müqavilə var. Yəqin bu terrorçu unudur ki, həmin müqavilənin müddəlarında iki dövlətin bir-birinin ərazisində suverenliyə qarşı olacaq hər hansı bir təhdidə qarşı birgə hərəkət etmək haqqında məsələlər əksini tapıb”.

Cavid Osmanova görə, Rusiya-Azərbaycan münasibətlərinə, iki ölkə arasında müttəfiqlik müqaviləsinə tamamilə zidd hərəkətlərə heç bir halda əsas yaratmaq olmaz: “Bu baxımdan verilən bu cür açıqlamalar Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik hesab edilir. Qarabağdakı ermənilər, erməni şovinistləri, revanşistlər, Simonyan, Qabreilyanov, Kesoyan və digər bu kimi ünsürlər də anlamalıdır ki, Azərbaycan heç vaxt öz ərazisində yeni pozuculuq cəhdlərinə yol verməyəcək. Buna cəhd edənlər kimliyindən asılı olmayaraq layiqli cavablarını alacaqlar və cəzalandırılacaqlar. Ermənilər başa düşməlidirlır ki, belə təxribatların sonu yaxşı bitməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı