16 Aprel 2022 09:16
1 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hesab edirəm ki, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün kifayət qədər imkanlar var. Bütün hallarda əldə edilmiş razılaşmaya uyğun olaraq, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı birbaşa təmaslar davam edəcək. Bu çərçivədə müvafiq komissiya və işçi qruplarının yaradılması da nəzərdə tutulub və bu proses aprelin sonuna qədər başa çatdırılmalıdır. Yəni ayın sonunda bütün mənzərə aydın şəkildə görünəcək ki, buna da çox uzun müddət qalmayıb”.

Politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- İlk dəfə Azərbaycan və Ermənistan arasında birbaşa telefon danışığı baş tutdu. Bundan sonra Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı mesajını verdi, Qarabağa əsassız iddialarından əl çəkə biləcəyinə eyham vurdu. Üstəgəl, sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsinin imzalanması ilə bağlı prosesin başladığı açıqlandı. Belə bir məqamda Rusiyanın iki ölkə arasındakı normallaşma prosesi üçün xüsusi nümayəndə təyin etməsinini necə başa düşək – bu, irəli getməyə başlayan prosesi tormozlaya bilərmi?

- Qənaətimə görə, bu, irəli getməyə başlayan prosesin tormozlanmasına yox, sadəcə hadisələrin gedişatı haqqında məlumatlı olmaq üçün atılmış addımdır. Digər məqamlara da diqqət çəkmək istərdim. Soçi və Brüsseldə keçirilmiş görüşlərdə qəbul edilmiş bəyanatlarda məhz sərhədlərin delimitasiyası ilə bağlı yaradılacaq ikitərəfli komissiyalarda Rusiya və Avropa Birliyinin də məsləhətverici qismində iştirak edəcəyi haqda məlumatlar yer alıb. Hesab edirəm ki, məsələyə bu kontekstdə yanaşmaq lazımdır. Bundan əvvəl isə Rusiya ATƏT-in Minsk qrupu ilə bağlı öz mövqeyini açıqlayıb. Ümumiyyətlə, mahiyyət etibarilə bu format artıq yoxdur. Buna görə də, prosesdə müşahidəçi qismində yer alan tərəflər – Rusiya və Avropa Birliyi sadəcə delimitasiya prosesinin hansı istiqamətdə getdiyi barədə məlumatlı olmaq istəyirlər. Qənaətimə görə, buna önyarğılı yanaşmaq düzgün olmazdı. Çünki Rusiya həm də 10 noyabr bəyanatının iştirakçısıdır, faktiki olaraq, burada tərəf kimi iştirak edir. Eyni zamanda, Rusiya sülhməramlıları bu bəyanatın bəndinə uyğun olaraq yerləşdirilib.

Bir sözlə, Rusiyanın xüsusi nümayəndə təyin etməsinin bu prosesə maneə yaradacağını düşünmürəm. Eləcə də, qəbul edilmiş bəyanatlarda bununla bağlı bu və ya digər şəkildə məsələlər yer almasaydı, xüsusi nümayəndənin təyin edilməsinin də hüquqi əsası olmayacaqdı.

- Rusiyanın Brüsseldə başlayan prosesə açıq müdaxiləsi hiss olunur, görünən budur ki, Avropa Birliyini buradan uzaq saxlamağa çalışır. Xarici işlər naziri Sergey Lavrov və onun sözçüsü Mariya Zaxarovanın da bu yöndə açıqlamaları oldu. Sizcə, Brüsselin buna təpkisi necə olacaq: geri çəkiləcək, yoxsa vasitəçiliyini davam etdirəcək?

- Əslində, Brüsseldə keçirilən görüşlə bağlı hansısa formada müdaxilənin olduğunu görməmişik. Brüssel gündəliyindən də göründüyü kimi, məqsəd ikitərəfli münasibətlərin inkişafına töhfə verməkdir və tərəflər arasında qarşılıqlı etimadın yaradılmasına səy göstərməkdir. Əslində, Brüsseldən qayıtdıqdan sonra Nikol Paşinyanın bir sıra bəyanatlarının şahidi olduq.

Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun baş tutması istiqamətində addımların atılmasının şahidi oluruq. Əgər Lavrov və Zaxarovanın açıqlamaları ilə bağlı onların Minsk qrupu ilə bağlı səsləndirdiyi fikirlərini nəzərdə tutursunuzsa, Azərbaycan bu formatın fəaliyyətinin başa çatması barədə çoxdan öz mövqeyini sərgiləyib. İndi Zaxarova və Lavrovun bunu təkrarlaması heç nəyi dəyişmir. Hər kəsə bəllidir ki, Minsk qrupu yoxdur. Digər yandan, Minsk qrupunun fəaliyyəti üçün zəmin də mövcud deyil. 1995-ci ildə Minsk qrupu həmsdərlərinə verilmiş mandatda deyilir ki, bu mandat Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Bu gün isə belə bir münaqişə yoxdur. Həmçinin orada Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi və iki ölkə arasında sülh müqaviləsinin imzalanması prosesində Minsk qrupunun iştirakı ilə bağlı məqamlar da yer almayıb. Bu baxımdan, Minsk qrupunun bu prosesdə iştirakı üçün hüquqi əsası yox dərəcəsindədir.

İndiki məqamda isə həm Rusiya, həm də Avropa Birliyi tərəfindən Cənubi Qafqazda gedən proseslərdə iştirak etmək və təsir imkanlarını qoruyub-saxlamaq cəhdləri görünür. Avropa Birliyinin bu prosesdəki roluna Rusiya tərəfindən həddindən artıq qısqanclığın şahidi olmasaq da, hər halda müəyyən qədər ehtiyatlı davranışlar sərgilədiyini görürük. İndi bunun hansı şəkildə özünü büruzə verəcəyini zaman göstərəcək. Bütün hallarda isə Rusiyanın bütün cəhdlərindən, istək və arzularından asılı olmayaraq, regionda baş verən bu prosesin hansısa formada qarşısının alınması mümkün deyil. Çünki ortada həm də iki tərəfin iradəsi var. Artıq Ermənistan Azərbaycanın irəli sürdüyü prinsipləri qəbul edib. Rusiya da prosesə müsbət dinamika vermək üçün yanaşacaqsa, bu daha faydalı olacaq. Əksinə, uzunmüddətli perspektivdə bu, Rusiyanın özünün də maraqlarına xidmət etməyəcək.

- Bəs Azərbaycan və Ermənistan arasında başlayan birbaşa dialoqun perspektivini necə qiymətləndirirsiniz: davamlı olacaqmı?

- Əslində, davamlı olmalıdır, Ermənistan tərəfinin son bəyanatları da belə düşünməyə əsas verir. Bütün hallarda sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması kimi proseslər Ermənistan və Azərbaycan arasında baş verir. Rusiya, Avropa Birliyi və ya digər təşkilatlar bu prosesdə müəyyən qədər yer ala bilərlər, amma öhdəlik və zəmanətlər məsələsində çıxış edə bilməzlər, qərarlar Azərbaycan və Ermənistan tərəfindən verilir. Azərbaycan daha öncə də bu reallığı dilə gətirmişdi. Nikol Paşinyanın son bəyanatlarında da, artıq Ermənistanda da bunu dərk etməyə başladıqlarını görünür. Əgər bu bəyanatlar manipulyasiya xarakteri daşımırsa, hansısa addımların atılması üçün zaman qazanmağa xidmət etmirsə, o zaman prosesi sülhlə nəticələndirmək mümkün olacaq. Hər halda düşünürəm ki, bu bəyanatlar manipulyasiya deyil, çünki bəyanatlar kifayət qədər açıq və birmənalıdır. Hətta Ermənistan müxalifətinin ciddi etirazına baxmayaraq, bu bəyanatların getdikcə açıq hal aldığının şahidi oluruq.

Hesab edirəm ki, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün kifayət qədər imkanlar var. Bütün hallarda əldə edilmiş razılaşmaya uyğun olaraq, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı birbaşa təmaslar davam edəcək. Bu çərçivədə müvafiq komissiya və işçi qruplarının yaradılması da nəzərdə tutulub və bu proses aprelin sonuna qədər başa çatdırılmalıdır. Yəni ayın sonunda bütün mənzərə aydın şəkildə görünəcək ki, buna da çox uzun müddət qalmayıb.

- Son vaxtlarda Qarabağdakı separatçı rejimin qalıqları və Marqarita Simonyan “Qarabağın Rusiyaya birləşdirilməsi” təbliğatını aparırlar. Bu təbliğatın sifarişi haradan gələ bilər?

- Hesab edirəm ki, bütün məsələlərə sifariş kontekstindən yanaşmaq doğru olmazdı. Təbii ki, Marqarita Simonyan ermənidir və həmişə də Ermənistanın maraqlarından çıxış edib. Görünür, indi də dünyanın bütün qapıları üzünə bağlanmış, uzun illər apardığı təbliğatı iflasa uğramış, gərəklilik və əhəmiyyətlilik dərəcəsini itirmiş Simonyanda erməni diasporu və ya ermənilərə sığınmaq ehtiyacı yaranıb. Bu yanaşma tərzi də buradan doğa bilər. Əslində, tarix boyu simonyankimilərin mövcudluğu öz xalqlarının faciələri üzərində qurulub. Yəni Simonyan və onunkimilər ermənilərə heç nə verməyiblər. “Erməni məsələsi” üzərində öz biznesləri və karyeralarını qurublar, amma erməni xalqının normal yaşaması üçün xidmətlər göstərməyiblər.

Bir sözlə, Simonyanın bu gün səsləndirdiyi fikirlər Azərbaycan əraziləri işğalda olduğu dövrlərdə dilinə gətirdiklərindən fərqlənmir. O vaxt bu separatçı iddiaları özünü nə qədər doğrultmuşdusa, bu gün də doğruldacaq. Yəni artıq bu ritorikanın ömrü bitib. Bu populist, cəfəng və xəstə təfəkkür Rusiyanın ideoloji xəttində yer almaqla, əslində, Rusiyanın özünü ciddi problemlər qarşısında qoyduğu göz önündədir. Rusiyanın media və siyasi sektorlarında olan ermənilər, o cümlədən, marqaritasimonyanlar Rusiyanın ən böyük düşmənləridir. Onlar rus xalqının təfəkkürünü fəlakətə doğru aparırlar. Onları rus ziyalılığından və düşüncə tərzindən qopararaq, xəstə erməni təfəkkürünü aşılayırlar ki, bu da Rusiya üçün böyük faciələrə yol aça bilər. Eyni zamanda, onun nə çərənləməsindən asılı olmayaraq, Azərbaycanın regionda yaratdığı reallıqları heç nə dəyişə bilməyəcək. Buna görə də, arzularını qatlayıb arxa cibinə qoysa, daha yaxşı olar.


Müəllif: Mənsur Rəğbətoğlu