18 Aprel 2022 19:57
2 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Azərbaycanın sülh təklifləri fonunda Ermənistanda da adekvat yanaşmalar müşahidə edilir. Sizcə, hər iki tərəfdə olan müsbət tendensiyalar prosesi sülhə nə dərəcədə yaxınlaşdıra bilər?

- Ermənistan artıq bunları qəbul edir. Çünki başqa çıxış yolları yoxdur. Əslində Azərbaycanın təklif etdiyi prinsiplər elə məsələlərdir ki, bundan imtina etmək mümkün deyil. Beynəlxalq hüququn prinsipləri məhz burada özünü açıq şəkildə əks etdirib. Ermənistanın beynəlxalq hüququn prinsiplərindən imtina etmək imkanı yoxdur. Bu dövlət də qoşulduğu prinsiplərdə həmin öhdəlikləri qəbul edib. BMT və digər beynəlxalq təşkilatlara üzv olarkən Ermənistan bu öhdəliklərə sadiq qalacağı ilə bağlı zəmanət verib. Ona görə də, Azərbaycanın prinsipial olaraq təklif etdiyi məsələlər elə Ermənistanın özü üçün də əhəmiyyətlidir.

- Ermənistanın sülh danışıqlarını sadəcə formal müstəvidə uzatmaq, manipulyasiya etmək imkanları nə dərəcədə genişdir?

- Sülh danışıqlarını Ermənistan nə qədər uzatmağa çalışsa da bu, onun özü üçün əlavə çətinliklər yaradacaq. Biz Vətən Müharibəsindən öncəki 30 ilə yaxın müddətdə bu məsələləri müşahidə etmişik. Ona görə də, Ermənistanın bundan sonra hansı davranış sərgiləyəcəyi də diqqət mərkəzindədir. Amma bütün bunların fonunda Ermənitsanın artıq prosesi uzatmaq imkanları məhduddur. Çünki onlar bu məsələləri nə qədər uzatsalar bir o qədər özləri üçün bir çıxılmaz durum formalaşdıracaqlar. Ermənistanın düşdüyü sosial-iqtisadi durum bundan da ağır bir dövrə keçə bilər. Erməni ekspertlər artıq özləri də etiraf edirlər ki, gələcəklə bağlı nikbin proqnozlar vermək imkanları yoxdur.

- Sərhəd xəttlərinin dəqiqləşməsi ilə bağlı erməni tərəfinin öhdəliklərə sadiq qalacağına nə qədər ümidli yanaşmaq olar?

- Delimitasiya və demarkasiya ilə bağlı məsələlər son olaraq Brüssel gündəliyində bir daha qabardıldı. Artıq ayın sonuna kimi bu istiqamətdə addım atılmalıdır. İki tərəfdən təşkil ediləcək kommisiya sərhəd məsələlərini həll etməlidir. Sadəcə Qarabağda hələ də qalmaqda olan terrorçuların başçısı, hərbi cani Araik Arutunyanın Nikol Paşinyanın son açıqlamalarına qarşı bir kanpaniya başlayıb. Onun Qarabağın qondarma statusu və yaxud Rusiyaya birləşməklə bağlı fikirləri sadəcə olaraq mənası olmayan açıqlamalardır. Görünür onları belə açıqlamaları verməyə təhrik edənlər də az deyil.

- Paşinyanın “erməni xalqı qurbanlıq quzu olmaqdan xilas olmalıdır” açıqlaması Ermənistan cəmiyyətində nə dərəcədə adekvat reaksiyalar doğura biləcək?

- İrəvan artıq başa düşür ki, bu məsələni uzatmağın onlar üçün heç bir xeyri yoxdur. Əslində Paşinyan bu açıqlamaları ilə bir çox məsələlər işarə vururdu. Nəhayət, bir Ermənistan rəhbəri amlamağa çalışır ki, onlar kimlər üçünsə alətdir. O zaman sual yaranır ki, əgər suveren dövlətsinizsə, niyə başqalarının sözü ilə oturub-durursunuz? Onlar üçün çıxış yolu Azərbaycanla birbaşa təmas müstəvisində olan məsələləri həll etməkdən ibarətdir. Ermənilərdən bu günə qədər o qədər istifadə ediblər ki, onlar müstəqil dövlət anlayışından uzaq düşüblər. Görünür indi ayılıblar ki, müstəqil dövlət kimi fikir söyləmək necə olmalıdır. Yəqin, indi ayılıblar ki, forpost olmağın nəticələri elə belə də olurmuş.

- Ermənistanın sərhədlərin qarşılıqlı tanınması ilə bağlı Azərbaycanın haqlı tələblərindən qısa qazamanda yayınmaq cəhdi hansı amillərlə bağlıdır. Burada bir sıra onlara üçün məlum olan səbəblərin izahı nədən ibarətdir?

- Azərbaycan dövlətinin heç bir kənar və qonşu ölkənin ərazisində iddiası yoxdur. Dövlət başçısı da bunu dəfələrlə açıqlayıb ki, bizim başqasının torpağında gözümüz yoxdur. Baxmayaraq indiki Ermənistan özü tarixi Azərbaycan torpaqlarında formalaşıb. Amma bütün bunların əhəmiyyətini dərk edərək biz bir dövlət olaraq hər zaman beynəlxalq hüquqa böyük hömətlə yanaşırıq. Dövlətimiz ancaq özünün ərazi bütövlüyünün təminatı prinsipini ortaya qoyur. Ermənistandan da bizim başqa tələbimiz yoxdur. Erməni tərəfi də bununla barışmalıdır. Təklif edilən son 5 müddəalıq prinsiplər də məhz buna əsaslanır.


Müəllif: Tapdıq Qurbanlı