18 Aprel 2022 18:16
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elman müəllim, Fərrux əməliyyatından sonra Azərbaycan Ordusunun Ağdərə yüksəkliklərində dislokasiya yerini dəyişməsi qarşı tərəfdə növbəti həyəcana səbəb olub. Silahlı Qüvvələrimizin postlarını dəyişməsi niyə kimlərinsə narahatlığına səbəb olmalıdır?

- Burada qeyri-adi heç nə yoxdur. Azərbaycan Ordusu öz ərazimizdədir. Biz heç bir dövlətin ərazisinə daxil olmamışıq. Silahlı Qüvvələrimiz dayanma məntəqələrini, dislokasiya yerini, mövqelərini dəyişmək üçün nə rus sülhməramlılarının, nə də ki Qarabağda qalmaqda olan cinayətkarların istəyi ilə hərəkət etməyəcək. Ona görə də Ordumuzun Ağdərə rayonu və Tərtər rayonu ərazisində havaların dəyişməsi ilə əlaqədar bir sıra strateji yerdəyişmələr etməsi normal bir haldır. Digər bir tərəfdən 10 noyabr 2020-ci il üçtərəfli razılaşma və ondan sonra əldə edilən bəyanatlarda birmənalı olaraq göstərilir ki, Azərbaycan ərazilərindən bütün erməni silahlı birləşmələri çıxarılmalıdır. Bizim ərazimidə heç bir terrorçu qalmamalıdır. Eyni zamanda bizə irad tutmaq ixtiyarı olmayan Rusiyaya məxsus sülhməramlılar da bu işlə məşğul olmalı idi. Amma sülhməramlılar bölgəyə gəldiyi gündən bütün razılaşmaların əksinə addımlar atmağa başlayıb. Rus sülhməramlılar əraziyə gəldiyi ilk gündən orada qalmaqda olan separatçıları müdafiə etməyə çalışıb. Bütün bunlar isə üçtərəfli razılaşmalara zidd olaraq yersiz və perspektivsiz yanaşmadır. Sülhməramlılardan açıq şəkildə edilən tələb odur ki, onlar öz üzərinə düşən öhdəlikləri icra etsin. Müharibənin bitməsindən iki ilə yaxın bir vaxt keçib. Amma separatçıların ərazimizdən təmizlənməsi ilə yanaşı erməni silahlıları buradan çıxarılmayıb. Rus sülhməramlıları da bu istiqamətdə heç bir iş görməyib.

- Belə olan halda sizcə, yekun, təsiredici və tənzimləyici addım nədən ibarət ola bilər?

- Azərbaycan özü vaxtaşırı olaraq anti-terror əməliyyatları və hərbi yerdəyişmələrlə ərazilərimizin separatçılardan, terrorçulardan təmizlənməsinə nail olur. Buna bizim beynəlxalq hüquqa əsasən haqqımız da çatır. Əslində bu gün bir sıra məsələlərə görə, bizə irad tutanlara da sual vermək lazımdır ki, onların ərazisində qeyri-qanuni silahlı birləşmələri hansı halda qəbul edə bilərlər? Bu suala ilk növbədə bizə qarşı ittihamlar irəli sürənlər cavab versin! Geridə qalan məsələləri müzakirə etmək olar. Ona görə də Azərbaycan Ordusu məhz bu prinsipləri rəhbər tutaraq son terrorçu və separatçı ərazilərimizdən çıxana qədər öz müqqədəs missiyasını davam etdirəcək.

- Nikol Paşinyanın son açıqlaması Ermənistanda daxili çaxnaşmalara səbəb oldu. Necə düşünürsünüz, Ermənistan dövlətini xilas etmək üçün edilən cəhdlərə cəmiyyətin adekvat reaksiyası necə olmalı idi?

- Bu gün bütün dünyada Ermənistan işğalçı kimi tanınır. Beynəlxalq hüququ pozmuş bir dövlət imici ilə heç bir uğur qazanmaq olmaz. Bunu yəqin ki, Ermənistanda bu gün iqtidarda olanlar az-çox qəbul edir. Ona görə də edilən açıqlamalar əslində Ermənistanın işğalçılıq siyasətinin nəticəsində düşdükləri ağır durumun etirafı idi. N.Paşinyan və onun ətrafında olanlar vaxtında 7 rayonu Azərbaycana təhvil verməklə Ermənistanın böyük itkilərdən xilas ola biləcəyini deyirlər. Erməni baş nazir öz xalqına açıq şəkildə müraciət etdi ki, hətta bizə dost olan dövlətlər də məsləhət görürlər ki, tez bir zamanda Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır.

Məhz bundan sonra səmimi qonşuluq istiqamətdə yaşamaq üçün ciddi addımlar atmaq olar. Paşinyan Qərbdəki dostlarının, həm də Rusiyadan açıq təzyiqlər müstəvisində belə etiraf etməyə məcbur olur. Onu başa salıblar ki, yeganə çıxış yolları Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq şəraitində yaşamalarıdır. Bu gün erməni analitiklər də izah etməyə çalışır ki, onlar eyni müstəvidə proseslərə yanaşsalar, Ermənistan dövlətinin mövcudluğu sual altına düşə bilər.

- Sizcə, sülh müqaviləsinin imzalanması ilə bağlı proses necə izlənməlidir?

- İlk növbədə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü Ermənistan tərəfindən birmənalı olaraq tanınmalıdır. Eyni zamanda Azərbaycan ərazisində 1991-ci ilin sentyabr ayından özləri üçün yaratdıqları qondarma rejimin tamamilə çıxarılması təmin edilməlidir. Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndi dərhal Azərbaycana qaytarılmalıdır. Paralel olaraq Zəngəzur dəhlizinin məsələsi öz həllini tapmalıdır. Bununla bağlı konkrert şərt irəli sürülməlidir ki, Zəngəzur dəhlizi açılmayacaqsa, Laçın dəhlizi qapadılacaq. Bu şərtlər icra edildikdən sonra Azərbaycan tərəfi sülh masasına əyləşə bilər. Erməni tərəfi də düşünür ki, torpaq iddiası sonda onların özlərini Azərbaycanın haqlı ittihamları ilə üz-üzə qoya bilər. Bu da Ermənistan üçün arzuolunmaz bir haldır. Çünki Zəngəzur mahalının Azərbaycana aid olduğunu bütün tarixi sənədlər təsdiq edir. Dövlət başçısı da bunu zaman-zaman dilə gətirib. Erməniləri də məhz qorxuyan salan bu amillərdir. Ona görə də qarşı tərəf qısa zamanda sülh və qarşılıqlı olaraq ərazilərin tanınması məsələsində adekvat görünür.


Müəllif: Tapdıq Qurbanlı