20 Aprel 2022 20:11
1 693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, ötən gün Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında növbəti dəfə Ermənistan-Azərbaycan münasibətləri, sərhəd və kommunikasiyaların açılması ilə bağlı məsələlər müzakirə edildi. Brüssel formatından sonra bu görüşün prosesə təsirini necə görürsünüz?

- Rusiya hazırda tərəflərə mümkün qədər açıq mesaj verməyə çalışır. Əslində burada mücərrəd məsələlər var. Konkret məsələlərə yer verilmir. Eyni zamanda Azərbaycanı və Ermənistanı incidəcək xüsusi ifadələrdən istifadə edilmir. Amma həm də nümayiş edilməyə çalışılır ki, bütün məsələlər məhz Moskvanın əlindədədir. Bu da prosesə başqalarının müdüaxiləsinin əhəmiyyət kəsb etmədiyi görüntüsü yaratmaqdan ibarətdir.

- Sizcə, Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşması məsələsinə Moskvadan verilən mesaj özündə nəyi ehtiva edirdi?

- Bu, sadəcə olaraq Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşmasına Rusiya tərəfdən müsbət yanaşmaların olduğunu göstərir. Bu da Türkiyəni incitməmək üçün edilən cəhddir. Çünki indiki vəziyyətdə xüsusi ilə Türkiyə ilə olan münasibətlər, Ukrayna məsələsində vasitəçilik missiyasının nəzərə alınması və digər prinsiplərlə bağlıdır. Amma bütövlükdə ötən gün Putin-Paşinyan görüşü o qədər də ciddi məsələlərin müzakirəsi ilə yadda qalmadı. Onsuz da Soçidə bu məsələlərlə bağlı ümumi razılıq ifadə edilmişdi. Bu ərəfədə Putinin belə bir təşəbbüsü sadəcə onu göstərirdi ki, biz məsələdə hələ də aparıcı qüvvəyik.

- Ermənistandakı son aksiyalar fonunda konstitusiya ilə bağlı da məsələlər gündəmə gətirilir. Sizcə, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın sülh formuluna hansı hüquqi əngəllər var?

- Ermənilər konstitusiyalarını dəyişib sülh bağlamalıdırlar. Eyni zamanda referendum keçirib sülhə dəstək olmalıdırlar. Bunun əksinə olan isə müharibədir. Ermənistanın müharibəyə nə dərəcədə hazır olub-olmaması bizi maraqlandırmasa da, biz müharibəyə hər zaman hazırıq və "Dəmir yumruq" yerindədir.

- ABŞ və Fransanın nümayəndələri Cənubi Qafqazda səfərdə olarkən ATƏT-in Minsk Qrupu adı altında deyil, xüsusi diplomatik missiya ilə görüşlərə qatıldıqlarını bəyan etdilər. Bu yanaşmalar Minsk Qrupu formatının sıradan çıxması formulunu nə dərəcədə gücləndirmiş olur?

- ATƏT-in Minsk Qrupunda təmsil olunan ölkələrin indiki halda bir araya gəlməsi qeyri-mümkündür. Rusiyanın həmsədrlikdə təmsil olunan iki ölkə ilə ciddi problemləri var. Ona görə də, burada hər bir dövlət öz adından çıxış edir. Bu da sözsüz ki, Azərbaycan üçün sərfəli bir məqamdır. ABŞ və Fransa ikitərəfli format çərçivəsində danışıqların olmasında maraqlıdır. Sülhlə bağlı məsələdə Azərbaycanın mövqeyi bəllidir. “Status” məsələsində isə bizim mövqeyimiz birmənalıdır. ABŞ bununla bağlı “təklif” vermək istəyirsə, Kaliforniyada ermənilər üçün xüsusi bir “status” formalaşdıra bilər. Fransa Marseldə, Rusiya isə Krasnadarda ermənilərə belə bir imkan yarada bilər. Azərbaycanda ermənilər üçün heç bir əlavə üstünlük verilməyəcək.

- Bu gün erməni cəmiyyətində ən çox səslənən fikirlər “ədalətli” sülhlə bağlıdır. Bu, nədən ibarətdir?

- “Ədalətli sülh” bir qədər populist ifadədir. Sülhdə ədalətsizlik olmur. Burada qalib gəlmiş tərəfin ədaləti olur ki, məğluba rəhm edilir. Bizim də bu məsələdə ədalətli yanaşmamız ortadadır. Amma bütün bunlar Azərbaycanın milli maraqlarına uyğun ola bilər. Azərbaycan bundan sonra erməni tərəfi ilə problemin yarımçıq həllinə tərəfdar olmayacaq. Bu, birmənalıdır.

- Paşinyanın dilə gətirdiyi “aşağı status” məsələsi hansı halları ehtiva edir?

- Burada heç bir ”status”dan söhbət gedə bilməz. Azərbaycanda digər milli azlıqlara verilən hüquqlar ermənilərə şamil ediləcək, amma keçid dövrü üçün müəyyən imtiyazların saxlanması nəzərdə tutula bilər. Keçid dövründən sonra erməni əsilli vətəndaşlar da Azərbaycanda normal şəkildə yaşamaq hüququ qazanacaq.


Müəllif: Tapdıq Qurbanlı