21 Aprel 2022 09:05
1 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Avropa İttifaqının vasitəçiliyi fonunda Moskvada Putin-Paşinyan görüşü keçirildi. İkili vasitəçilik missiyasının prosesə təsirini necə qiymətləndirirsiniz?

- Avropa İttifaqının vasitəçiliyi, onun təsir imkanları indiki halda Rusiyadan fərqlidir. Bu baxımdan vasitəçilik formatlarının ciddi rəqabət təşkil edəcəyini də düşünmək olmaz. Çünki Rusiyanın Ermənistana təsir imkanları o qədərdir ki, İrəvanın bu və ya digər şəkildə Qərblə təmaslarının olması vəziyyəti dəyişməyəcək. Ermənilər məhz maliyyə və iqtisadi kömək almaq üçün Qərbin təşkil etdiyi görüşlərə qatıldıqlarını bəyan edirlər. Amma Qərblə olan bütün təmaslardan sonra Ermənistan rəhbərliyi ənənəvi olaraq Moskvada bunun hesabatını da verməli olur. Bu səfər də məhz belə idi.

- Sizcə, Brüssel görüşündə Ermənistan üçün hansı məsələlər yarımçıq qalmışdı ki, Moskva formatına keçid edildi?

- Əslində Brüssel görüşündə Ermənistan üçün zəif bir nöqtə var idi. Zəif nöqtə isə ermənilərin iddia etdikləri təhlükəsizliklə bağlıdır. Onlar iddia edirlər ki, Qarabağda olan erməni əsilli vətəndaşların təhlükəsizliyi məsələsi Brüssel gündəliyində yer almayıb. Məqsədləri odur ki, bu ərazidə sülhməramlılarla yanaşı onların öz hərbçiləri qalsın. Təbii ki, bu da Rusiyanın özünün də imza atdığı 10 noyabr 2020-ci il razılaşmasına ziddir. Paralel olaraq da Azərbaycan daimi olaraq vasitəçiyə bu istiqamətdə təzyiqlər edir. Əminik ki, Türkiyədən də təzyiqlər davam edir. İndiki mərhələdə isə Moskvada bu mövzuya diqqət yetirilməsi onu göstərir ki, Rusiya hadisələri idarə etmək imkanlarını əlində saxlamaq istəyir.

- Emənistanın sülh yolunda növbəti əngəli ölkə qanunvericiliyinin olacağı göstərilir. Ötən gün Ararat Mirzoyan da açıqlamasında sülh müqaviləsini ancaq referendum yolu ilə qəbul edəcəklərini bildirib. Sizcə, Paşinyan komandası indiki mərhələdə bu baryeri aşmaqda nə dərəcədə israrlıdır?

- Əslində ermənilərin indiki mərhələdə niyyəti danışıqlar görüntüsü yaratmaqdan ibarətdir. Bu baxımdan formal olaraq Azərbaycanın ərazi bütövlüyünü bəyan edib tanımaqla, onlar siyasətini dəyişmək istəmirlər. Çünki erməni tərəfi indi iddia edir ki, biz Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildən tanımışıq. Bu, MDB çərçivəsində olmuş bir haldır. Amma bu, onlara öhdəlik verməyib ki, erməni tərəfi Azərbaycan ərazilərini 30 ilə yaxın işğalda saxlasın. Söhbət ondan gedir ki, ermənilər deyir ki, biz öhdəlik də götürsək, real siyasətimiz fərqli olacaq. Bu istiqamətdə onların əsas məqsədi odur ki, Qarabağa gediş-gəliş sərbəst olsun. Eyni zamanda rəsmi olaraq sülhməramlıların da razılığı ilə burada özləri üçün silahlı qüvvələr saxlasınlar.

- Bu yaxınlarda ABŞ və Fransa diplomatları Cənubi Qafqaza səfərlərində özlərini həmsədr ölkənin təmsilçisi kimi təqdim etməkdən imtina etdilər. Bu nə ilə bağlı idi?

- ATƏT-in Minsk Qrupu artıq yoxdur. Çünki onların yeni vəzifələri ATƏT vasitəçiliyini də yada salmır. Onlar öz strukturları daxilində hansısa bir mövzuya aid kənar bir ölkənin nümayəndəsi kimi qələmə verilir. Amma onların əsas prioriteti Azərbaycan-Ermənistan münasibətləridir. Görünən odur ki, bu mövzu ətrafında Fransa və ABŞ ayrı-ayrılıqda fəaliyyət imkanları sərgiləmək niyyətindədir. Rusiyanı isə bu məsələdə tərəflərdən heç birini qəbul etmək istəmir. Formal olaraq ATƏT-in Minsk Qrupu ləğv edilmiş bir təşkilatdır. Onlar faktiki olaraq vasitəçilikdən imtina ediblər. Ümumiyyətlə, vasitəçilik BMT Baş Assambleyasının qəbul etdiyi qətnamələrlə olur. Baş Assambleya hər il ATƏT-ə bu mövzuda vasitəçiliyi davam etdirmək mandatı verirdi. İndi isə de-fakto ABŞ, Fransa və Rusiya ATƏT-in üçtərəfli missiyasından imtina edib. Artıq onların vəzifələrində ATƏT sözü yoxdur. Tərəflər isə bunu nə olsa adlandıra bilər. Azərbaycan üçün isə onlar sadəcə olaraq diplomatlardır.


Müəllif: Tapdıq Qurbanlı