21 Aprel 2022 12:57
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya azərbaycanlıları tarixi hadisə ərəfəsindədir. Dünya Azərbaycanlılarının V Qurultayının qədim şəhərimiz, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərində keçirilməsi həm xalqımız üçün qürurverici və rəmzi məna daşıyır, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş mühüm bir mesajdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad etdiyi Şuşa şəhərində keçiriləcək bu qurultay ölkəmizin xarici siyasəti ilə yanaşı, diaspor fəaliyyətində də yeni mərhələnin başlanğıcı hesab olunur.

Bunu Teleqraf.com-a Milli Məcliisn Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub:

“Ölkəmizdə milli diaspor fəaliyyətinin təməli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi ümummilli lider Heydər Əliyev tərəfindən 1991-ci il dekabrın 16-da imzalanan “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərarla atılıb. Dünya azərbaycanlılarının təşkilatlanması, müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrin inkişaf etdirilməsində bu qərar son dərəcə əhəmiyyətli olub”.

Deputat bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən diaspor quruculuğu işində də əsaslı dönüş yaranıb:

“Zaman keçdikcə diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu siyasətin məqsədi dünya azərbaycanlılarının Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq idi. Eyni zamanda diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etmək üçün baxımından mühüm amil hesab eidlir”.

Sevinc Fətəliyeva hesab edir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması bu məsələnin dövlətmiz üçün prioritet olduğunu təsdiqləyir:

“Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəsi də bu məqsədə xidmət edir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan dövləti ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması vacib amildir. Bu məqsədlə 2001-ci ilin mayın 23-də ümummilli lider Heydər Əliyev “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin ilin noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olub. Prezident İlham Əliyevin fəaliyyətində də dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi daim prioritet olub. Məhz bunun nəticəsidir ki, ötən illər ərzində Azərbaycan diasporu təşkilatlanıb və güclənib. Vətən müharibəsində möhtəşəm zəfər qazanan Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Azərbaycan diasporu da məhz bu reallıqlardan çıxış edir. Şuşada keçiriləcək Zəfər qurultayı da postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili, erməni vandalizminin dünyada ifşası, beynəlxalq təşkilatlar, müxtəlif ölkələrdəki yerli qurumlar, media və digər təsisatlarla aparılan işin yenidən dəyərləndirilməsi üçün yeni konsepsiya hesab edilir”.


Müəllif: Tapdıq Qurbanlı