22 Aprel 2022 17:25
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri yüksək qiymətləndirilir. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanması mühüm önəm kəsb edir. Eyni zamanda dövlətlərarası Şuranın yaradılması haqqında sənədlərin imzalanması vacib əhəmiyyətə malikdir. Bu amillər 29 il ərzində dövlətlərimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edib.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun fikrincə, iki ölkə arasında bu cür yüksək səviyyəli sənədlərin imzalanması onu deməyə əsas verir ki, Azərbaycanla Qırğızıstan arasında ikitərəfli əlaqələr regional və beynəlxalq müstəvidə də qarşılıqlı maraqlar üzərində formalaşacaq: “Beynəlxalq təşkilatlarda dövlətlərimiz bir-birini dəstəkləyəcək. Eyni zamanda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi əlaqələrimizin davamlı olması üçün yeni imkanlar açacaq”.

Komitə sədri hesab edir ki, münasibətlərin məhz bu konteksdə inkişafı üçün çox böyük potensial mövcuddur: “İki dövlət arasında imzalanmış 10 sənəd məhz bunu deməyə əsas verir. Bütün bunlar isə iki dövlət başçısının siyasi iradəsini ortaya qoyaraq münasibətlərin inkişafına verdiyi töhfədir. Bunların nəticəsi olaraq Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq verilib. Bütün bunlar isə əlaqələrimizin dərinləşməsinə təkan verən mühüm amil olacaq”.


Müəllif: Tapdıq Qurbanlı