23 Aprel 2022 20:25
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zahid müəllim, Brüssel görüşünün gündəliyi tam açıqlansa da, Moskvada Putinlə Paşinyan arasındakı müzakirələrin detalları tədricən bəlli olur. Sizcə, ortada razılaşmaların olduğu bir məqamda Kremldə bağlı qapılar arxasında danışıqlara nə dərəcədə ehtiyac yaranmışdı?

- Görünən mənzərə ilk növbədə ondan ibarətdir ki, bağlı qapılar arxasında diplomatik müstəvidə çox gərgin savaş gedir. Burada yalnız Azərbaycan dövləti bu qlobal savaşın hansısa uzantılarının Qarabağ proseslərinə təsirinin qarşısını alır. Yerdə qalan digər situasiyalarda biz qarşıdurma məramını görürük. Bütün cinahlardan və tərəflərdən öz mənafelərini Ermənistan-Azərbaycan məsələsi üzərindən yürütmək siyasəti açıqdır. Bu gizlədiləsi deyil. Yəni Rusiya Xarici Işlər Nazirliyi tərəfindən “bizi Minsk qrupundan çıxarmaq və təkləmək istəyirlər”,- mesajı elə belə verilməmişdi. İndi sanksiyalar və embarqolar müharibəsi iqtisadi və siyasi savaş tarix boyu müqayisəsi olmayan bir səviyyəyə gəlib çatıb ki, ABŞ və Qərb dövlətləri Rusiya ilə bütün platformalardan çıxıb. Əksər razılaşmalar ləğv edilib. Bircə silah götürüb bir-biri ilə real toqquşmaya keçilməsi qalıb. Belə olan halda necə ola bilər ki, Minsk qrupu yaşasın? Bunu hansı məntiqlə, hansı hüquqi, siyasi amillərlə əsaslandırmaq olar? Amma orada da gözlənilənlər baş verir. Belə olan şəraitdə Brüssel görüşü delimitasiya və demarkasiya prosesləri, ikitərəfli komissiyanın yaradılması haqqında bəyanat Qərbin bölgədə bir orbitr rolunun tanıdılması Avropa Birliyinin fəal şəkildə özünün iqtisadi rıçaqları ilə bölgədəki proseslərə aktiv qoşulmasını təsbit etdi, onu rəsmiləşdirdi. Lakin görünən mənzərə o idi ki, Moskva tərəfindən bu çox da isti qarşılanmır. Baxmayaraq ki, ümumi bəyantlarda belə addımlara qarşı çıxılmadığı söylənilir. Paşinyanın Kremlə dəvət olunması onunla bağlı idi ki, açıq şəkildə ona söylənildi ki, əgər Qərb dövlətləri bəlli çərçivəni keçsələr bu halda onlar Rusiya tərəfindən nəinki müdafiə olunmayacaqlar növbəti cəza addımları da ola bilər.

- Azərbaycana gəldikdə isə biz daha çox tərəfdaş, müttəfiq yanaşmalarını görürük. Dövlət olaraq bizə verilən bu dərəcəli önəmin alt qatlarında onlar özləri üçün hansı məsələləri təmin etməyi hədəfləyiblər?

- Bəli, gördüyümüz kimi Azərbaycanla hər hansı sərt mövqelər heç bir cinahda ortaya qoyulmur. Ona görə ki, biz üçüncü dövlətlərlə münasibətlərimizi 4-cü və ya 5-ci qütbün əleyhinə yönəltmirik. Ona görə ki, bizim dövlətin geopolitik statusu kiməsə qarşı forpost olmaq deyil. İstər ulu öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyevin adı ilə ilə bağlı olan siyasətin əsas xəttini o müəyyən edir ki, biz burada nəinki təkcə müstəqillikdən bəhs edirik, eləcə də digər dövlətlərin mənafelərini nəzərə alırıq. Bu çoxcildlik beynəlxalq məkanda tədris olunan xarici siyasət kitablarında ən yaxşı siyasət kimi dəyərləndirilir.

- Sizcə, bu Azərbaycanın stabil xarici siyasəti ilə nə dərəcədə bağlıdır?

- Biz yaxşı xarici siyasət yürüdürük. Həqiqətən də bununla öyünməyə dəyər. Prezident İlham Əliyevin ümumi regional və beynəlxalq məkana bağlı doktrininin əsas müddəaları bundan ibarətdir. Ona görə də, açıq şəkildə Ermənistanla Rusiya arasındakı 30 illik dönəmə bağlı məlum olan sayı 30-dan artıq tezislərlə müşayiət edilən sonuncu razılaşmaların içərisində Türkiyə ilə münasibətlərin alqışlandığı, Azərbaycanla gedən proseslərin dəstəkləndiyi ifadə edilir. Lakin təbii ki, bu artıq hamıya aydındır ki, Rusiya qəti bir şəkildə nə Qarabağ, nə Ermənistan coğrafiyasına, məkanına kənar bir dövlətin hərbi və yaxud siyasi nəzarət qüvvələrinin gəlməsini istəmir.

- Bu məsələdə bizim mövqeyimizin əsəsını nə təşkil edir?

- Bizim də mövqeyimiz ondan ibarət deyil ki, burada kiməsə qarşı xüsusi bir əks həmlə mübarizələri qurulsun. Biz Rusiyanın cənub cinahında yerləşirik. Onlar bu mıkanda sabitlik və əminamanlıq istəyirsə, tarixin müxtəlif dövrlərindəki məlum siyasətdən fərqli yanaşma ortaya qoymalıdır. Hansı ki, hətta biz “demokrat” saydığımız Boris Yeltsinin dövründə öz həyatımızda bunu ağır bir şəkildə hiss etmişdik. Bunun qarşılığında bu gün maksimum dərəcədə sülh prosesi işləsin, bölgə açılsın, Türkiyənin nəzərdə tutduğu böyük proseslər reallaşsın Ermənistanın hər hansı bir dövlət əleyhinə qoyulması xətti aşağı düşsün, onun effekti qalmasın ən sonda burada başlıca məram ondan iabrətdir ki, hər hansı yeni ittifaqlar, konfiqurasiyalar qurulsun. Biz məhz bunda maraqlıyıq. Hazırkı beynəlxalq münasibətlər sistemi beynəlxalq ittifaqları, birlikləri zəruri edir. Azərbaycan bu platformanın ilkin təşəbbüskarı kimi çıxış etdi. Lakin Rusiya Ukrayna savaşı dünyada prsoslərdə bütün mənalarda bütün konponentlər üzrə təsir etdiyi kimi yeni dünya düzəni termini indi daha çox yerinə düşür.

- Bu yeni bir dünya düzəni olacaq fikri nə dərəcədə ciddi qəbul edilə bilər?

- Sadəcə bu tam yeni dünya nizamı olacaqdırmı, bəlkə yeni dünya nizamsızlığı, amma fərqli qruplaşmalar və ittifaqlarla ola bilər. Bunları da real saymaq olar. Amma proses çox qəribə də olsa 30 il bundan öncə də Qarabağdan başlamışdı. İndi də əslində proseslər yenə də bizim yerləşdiyimiz məkandan start götürdü. Yəni dünyanın əsas nəhəng daşı burada yerləşir, onun üzərində qurulur. Bu dəfə biz ədaləti təmin edərək, dünya üçün fərqli bir reallıq yaratmışıq. Ona daha çox bel bağlayırdıq ki, Gürcüstan da Azərbaycan nümunəsində amma qeyri-hərbi vasitələrlə bəlkə də Rusiyaya qarşı daha bir fərqli münasibətləri ortaya qoyaraq ərazi bütövlüyünü təmin edə bilərdi.

- Ukrayna üçün fərqli nə düşünmək olardı?

- Sözsüz ki, hətta Ukrayna üçün də fərqli bir planlar, perspektivlər düşünmək olardı. Amma təəssüflər olsun ki, hər şey dəyişdi. Geopolitik düzən fərqli bir fazaya daxil oldu. Bundan sonrakı dönəmin proqnozlaşdırılıması çox da çətin deyil. Bu mənada ki, indi Rusiyanı küncə sıxmağa və onu bütün beynəlxalq münasibətlərdən kənarda saxlamağa çalışanlar daxildən xalqın ayağa qalxıb hakimiyyət üzərinə getməsini təşkil etməyə çalışacaqlar. Ukrayna isə bunun fonunda çox ağır bir müharibə mirasını aradan qaldırmağa keçid edəcək. Onun hansı hissələrə nəzarət edəcəyini də hələ diskusiya etmirik. Belə şəraitdə Ermənistan və Azərbaycan əgər sülh formulunu tapa biləcəksə bud aha yaxşı bir keçid olacaq.

- Şuşadan, Zəfər Qurultayından verilən mesajlar, təqdim edilən konsepsiyaların hədəfləri ilə bağlı fikriləriniz?

- Şuşada düzənlənən böyük Qurultayda da Dünya Azərbaycanlıları ümümiyyətlə dünya üçün yeni mesajlar və konseptual baxışları meydana gətirəcək. Belə bir dönəmdə dinclik və əminamanlığın üzərindən Qafqazın quruculuğunu görürük. Nə qədər buna bütün bölgə dövlətlərini, xalqları, əsas siyasi aparıcı qüvvələri uyğunlaşdırmaq mümkün olacaqsa bu daha yaxşı olacaq. Amma hər halda biz dövlət olaraq bu yoldayıq. Bu dəqiqdir. Yəni quruculuq tendensiyası bizim bölgədə indiki halda daha güclüdür. Dağıdıcı qüvələr xeyli zəifləyib. Bu tarixdə ilk dəfədir ki, baş verir.


Müəllif: Tapdıq Qurbanlı