24 Aprel 2022 18:28
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Dünya müharibəsinin ən şiddətli dövründə Osmanlı imperiyasının şərq cəbhəsində ziddiyyətli xəbərlər dolaşırdı. Bu saxta, əsası olmayan informasiyaları yayanlar təbii ki, erməni lobbisi və onlara havadarlıq edən əsas güclər idi. Onlar bununla Şərqi Anadoluda vahimə yaratmaq, dinc əhalini qorxutmaq, kütləvi qətliamlar həyata keçirmək və nəticədə rus silahlılarının bölgəyə girişini asanlaşdırmaq istəyirdi. Bu zaman erməni millətçi ekstremistləri və onlara havadarlıq edən böyük dövlətlərin səyləri nəticəsində qoca, uşaq, cavan demədən 517 min 890 nəfərin həyatına son qoyulmuş və 100 minlərlə türkün taleyi haqqında məlumatlar bilərəkdən məhv edilib.

Bunu Teleqraf.com-a ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, Taleh Cəfərov deyib.

O qeyd edib ki, son dərəcə amansızlıqla həyata keçirilmiş soyqırıma bu və ya digər formada rəvac verən böyük dövlətlər nəinki bu hadisələri qınamış, hüquqi-siyasi qiymət vermiş, cinayətkarlar öz layiqli cəzalarını almış, əksinə, hadisələrin mahiyyəti bilərəkdən ört-basdır edilib. Bunun əksinə olaraq ermənilərin türklər tərəfindən məhv edilməsi sərsəm iddialar ortalığa atılmış, 1915-ci il hadisələri “erməni soyqırımı” kimi dəstəklənib. Bütövlükdə, yüz ildən artıqdır ki, ermənilər dünya ictimaiyyətini 1915-ci il hadisələrini onlara qarşı törədilmiş “soyqırımı” olduğuna inandırmağa çalışırlar. Əfsuslar olsun ki, yüz ildən artıqdır ki, Qərb ictimaiyyəti bu çirkin təbliğatın girdabına yuvarlanmış, alternativsiz, zərərli informasiyaların təsiri altına düşüb”.

Əslində 24 apreldə nə baş verib?

Tarixçi alimə görə, həmin gün Osmanlı ərazilərinə qarşı ruslarla birgə dağıdıcı hücumlara hazırlaşan erməni dəstələrinə rəhbərlik edənləri zərərsizləşdirmək məqsədilə 1915-ci il aprelin 24-də DİN-nin sərəncamı ilə İstanbul və digər böyük şəhərlərdə erməni təşkilatları dərhal bağlanmalı, rəhbərləri isə dərhal həbs edilməli idi. Bu sərəncama əsasən 2345 nəfər həbs edildi. O dövrün şahidlərinin verdiyi ifadələrə əsasən, 600 nəfər erməni yazıçısı, şairi, jurnalisti, siyasətçisi, həkimi, vəkili, hüquqşünası, müəllimi, alimi və ruhanisi həbs edilib. Erməni hərakatına rəhbərlik edən “beyinlərin” zərərsizləşdirilməsi ilə nəticələnən həbslər erməni millətçi ekstremistlərini bərk narahat edirdi. Məhz bu tarixdən etibarən ermənilər aprelin 24-nü qondarma soyqırımı kimi qeyd edirlər. Ona qalsa 1918-ci ildə İstanbul ingilis-fransız qoşunları tərəfindən tutulanda İttihad və Tərəqqi hökümətinin minlərlə nümayəndəsi həbs edilərək Malta adasına sürgün edilib. Həmin tarixi də biz İngilislərin türklərə qarşı sooyqırımı tarixi kimi qeyd etməli deyildikmi? Və yaxud 1945-ci ildə ABŞ Yaponiyaya atom silahı atan zaman on minlərlə yaponu adlara sürgün etmişdi. Yaponlarda bu tarixi onların soyqırımı kimi qeyd edərdilər. Görkəmli amerikan tarixçiləri Castin və Karolin Makkartilərin əsərlərində qeyd olunduğu kimi, 1914-1915-ci illərdə erməni qiyamına qarşı Osmanlı hökumətinin cavabı bölgənin sakitləşdirilməsində klassik Yaxın Şərq taktikasının deportasiyanın tətbiqindən ibarət oldu. Van qiyamından sonra, 27 may 1915-ci ildə Osmanlı dövlətinə xəyanət etmiş qiyamçı ermənilərin imperiyanın cənub ucqarlarına köçürülməsini nəzərdə tutan “Sefer zamanında hökumətin icraatına qarşı gələnlər üçün ordu tərəfindən alınacaq önləmlər hakkında Geçici Kanun” qəbul edildi. Amerikalı hüquqşünas-tarixçi alim Samyuel A. Uimzin qeyd etdiyi kimi, “yüz illər birlikdə yaşayandan sonra özlərini satqın və xain kimi aparanlara qarşı özünü müdafiə edən millətin yeganə çıxış yolu bu idi. Qərarın mətni 1 iyun 1915-ci ildə Takvimi Vekayidə dərc edildi. Qeyd edək ki, tarixşünaslığa “Köçürülmə haqqında” qanun kimi daxil edilən sənədin heç bir maddəsində erməni kəlməsi işlədilməyib. Halbuki bəzi Qərb və erməni müəlliflərin iddia etdikləri əsas məsələ, guya, hökumətin çıxardığı bu qanunun birbaşa ermənilərə şamil edilməsidir. Tarixçi Sani Hacıyevin qeyd etdiyi kimi, erməni millətçilərinin istifadə etdikləri başlıca “dəlil” Osmanlı imperiyasının Daxili İşlər naziri olmuş Tələt Paşaya aid edilən saxta teleqramlar seriyası idi. İttihaq və Tərəqqi hökumətinin 150 nəfərə yaxın yüksək rütbəlisini hərbi cinayətdə günahlandırmaq üçün Maltada həbsdə saxlayan ingilislər bu kobud saxtakarlığı rədd etdilər. Krallıq prokurorluğu ikiillik ciddi təhqiqatdan sonra kimi isə hərbi cinayətdə günahlandırmaq üçün əsas olmadığına görə ittihamdan imtina etdi və bu şəxslərin qondarma “erməni soyqırımı”nın təşkilində günahkar olmadıqlarını bir daha təsdiq etmiş oldu”.

“Poqos Nübar I Dünya müharibəsi zamanı 700 min erməni başqa ölkələrə köç edib”

ADPU-nun müəllimi hesab edir ki, 1919-cu ildə Paris sülh konfransında, sonra isə 20 noyabr 1920-ci ildən başlayaraq 23 aprel 1923-cü ilə qədər davam edən Lozan konfransında erməni diasporunun fəal üzvləri ilə yanaşı, onlara bu işdə havadarlıq edən İngilis-Erməni Komitəsinin ermənipərəst üzvləri Viscount Bryce, Qladston, Lord Robert Çörçil, Arnold Toynbi və digər fəal lobbistlərin apardığı yorulmaz mübarizə də heç bir nəticə vermədi: “Həmçinin Lozan sülh konfransında erməni nümayəndə heyyətinə rəhbərlik etmiş Eçmiədzin katolikosunun səlahiyyətli nümayəndəsi Poqos Nübar paşa müharibə zamanı 700 min erməninin başqa ölkələrə köç etdiyini, 280 mininin hələ də Türkiyədə yaşadığını bildirib. Poqos Nubarın məruzəsindən aydın olub ki, müharibə və köçlər nəticəsində 320 min erməni tələf olmuş, 390 mini isə sağ qalıb. Onun digər iddiasına görə, Osmanlı hökuməti köçürülən ermənilərin təhlükəsizliyini lazımi səviyyədə təşkil etməyib. Lakin köçürülən ermənilərin yollarda qorunmaları, onlara edilən hücumların qarşısının alınması ilə əlaqədar DİN-dən Ərzurum Vilayətinə göndərilən şifrəli teleqram bu iddiaları tamamilə alt-üst edir. Teleqramda qeyd olunur ki, yolun uzun olmasına baxmayaraq, onların köçürülməsi, hərəkəti, mühafizəsi tamamilə dövlətin nəzarətindədir. Onlara qarşı hücum edən dəstələr isə ciddi şəkildə cəzalandırılacaqlar”.

Osmanlı imperiyasında “erməni məsələsi”

Taleh Cəfərov bildirib ki, bəzi erməni tarixçilərin iddialarına görə, I Dünya müharibəsi dövründə Türkiyədə 1,5 milyan erməni “soyqırımın qurbanı” olub: “Məlumdur ki, müharibə ərəfəsində Anadoluda 1,3 milyon nəfərdən çox erməni yaşayıb. Hələ 1830-cu ildə Osmanlı dövlətində keçirilmiş ilk siyahıyalmaya diqqət yetirsək, Anadoluda 2 100 000 müsəlman, 400 000 xristianın yaşadığını görmüş olarıq. Həmçinin həbs olunan dövrdə bir sıra Qərb müəlliflərinin əsərlərində və araşdırma mərkəzlərinin hesabatlarında Anadoludakı ermənilərin sayı barədə müxtəlif rəqəmlərə rast gəlmək mümkündür. Osmanlı rəsmi statistikasına görə, 1914-cü ildə Osmanlı əhalisi 18 520 016 nəfərdən ibarət idi və ümumi erməni əhalisi 1 294 851 nəfər təşkil edirdi. Bütövlükdə, erməni əhalisi ümumi əhalinin 6,9%-ni təşkil edirdi. I Dünya müharibəsi ərəfəsində Anadoluda 1 161 169 nəfər qriqoriyan, 67 838 nəfər katolik, 65 844 nəfər protestant erməni yaşayırdı. Qeyd edək ki, bəhs olunan dövrdə Osmanlı əhalisinin ümumi sayı və bu əhali kütləsi içərisində ermənilərin sayı heç bir mübahisə obyekti ola bilməz. Çünki o zaman əhalini siyahıyaalan statistik şəbəkənin başında yəhudi, erməni, amerikan əsilli məmurlar dayanırdı. Məsələn, Osmanlı imperiyasında “erməni məsələsi”nin olduqca ciddi bir problemə çevrildiyi 1897-1903-cü illərdə statistik idarəyə Mıkırtıç Sinabyan adlı bir erməni məmuru başçılıq edirdi”.

Saxta Andonyan sənədləri

Gənc alimin fikrincə, görkəmli türk tarixçisi Kamuran Gürünün gəldiyi qənaətə görə, I Dünya müharibəsi ərəfəsində bütün dünyadakı ermənilərin sayı 3 milyon nəfərdən ibarət idi ki, bununda çox az bir hissəsi Anadoluda yaşayırdı: “Britaniya ensiklopediyasının 1910-cu il nəşrində dünyadakı erməni əhalisinin ümumi sayı 2 900 000, Türkiyədəki erməni əhalisinin isə 1 500 000 nəfər olduğu qeyd edilmişdir. Ermənilərin “soyqırımı” iddialarının yalan və uydurma olduğunu görkəmli Qərb tarixçilərindən Castin Makkarti, Karolin Makkarti, Stenford Corc Şou, Samyuel A.Uimz, Jorj de Malevil, Eriq Fayql və digərləri qəti şəkildə inkar etməkdədirlər. Beləliklə, 1915-ci il Anadoluda baş verən hadisələrin genosidlə heç bir əlaqəsinin olmadığı qənaətinə gəlmiş Castin və Karolin Makkartilərin fikrincə, Şərqi Anadoluda hökumət tərəfindən təşkil olunmuş hər hansı bir genosid olmamışdır. Osmanlının hərəkətlərini nəzərə alaraq genosid haqqında əmrin mövcud olduğuna inanmaq çətindir. Niyə İstanbulda, İzmirdə, imperiyanın Avropa hissəsində, digər bölgələrdə yaşayan on minlərlə erməni soyqırıma məruz qalmamışdır? Onlar sağ-salamat qaldılar və heç bir yerə sürgün edilmədilər. Digər amerikan hüquqşünası Samyuel A.Uimz “Ermənistan “terrorçu” xristian ölkənin gizlinləri” əsərində də ermənilərin soyqırımı iddialarına tutarlı cavablar vermişdir. Müəllif bu barədə yazır: “ Osmanlı dövlətinin fərmanlarına nəzər saldıqda onların nə etmək istədiyi aydın görünür-erməniləri dinc üsullarla köçürərək yeni torpaqlarda məskunlaşdırmaq. Bu gün ermənilər “damğalayırlar” ki, erməniləri qırıb-çatmaq haqqında, guya, digər məxfi fərmanlar olmuşdur (burada saxta “Andonyan sənədləri” nəzərdə tutulur”. Göründüyü kimi, tarix sübut edir ki, bu yalançı bir hay-küydür və ermənilərə kömək edilməsi üçün dünyanın xristian xalqlarından daha çox pul və yardım qoparmaq məqsədilə uydurulmuş əhvalatdan başqa bir şey deyildir”.


Müəllif: Tapdıq Qurbanlı