24 Aprel 2022 17:33
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni soyqırımı”, “Böyük Ermənistan” yaratmaq məqsədinə xidmət edən, saxta erməni “alim” və “tədqiqatçıları”nın yalanlarından başqa bir şey deyil. Erməni ideoloqları dünyanı inandırmaq istəyir ki, guya 1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində “qırılmasına” dair yazılı “göstəriş” verib. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd, ümumiyyətlə, yoxdur. Osmanlı dövlətinin Daxili İşlər naziri Tələt paşa 1915-ci il aprelin 24-də sənəd imzalayıb. Həmin sənəd bu gün müxtəlif dillərdə dünyanın ayrı-ayrı arxivlərində saxlanılır. Sənəddə söhbət Osmanlının ayrı-ayrı şəhərlərində üsyana hazırlaşan erməni təşkilatlarının rəhbərlərinin həbs olunmasından gedir. Bu sənəddə söhbət erməni əhalisnin köçürülməsi və onlara qarşı soyqırımın həyata keçirilməsindən getmir.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, Birinci dünya müharibəsi illərində erməni-Osmanlı münasibətlərinə dair həm obyektivlik baxımdan, həm də sənədlərin əksəriyyəti qeyri-müsəlman müəlliflərinə məxsus olduğuna görə ABŞ konqresi kitabxanasında saxlanılan "Bristolun sənədləri" diqqəti cəlb edir: “Bu külliyyatda qeyd olunur ki, "dəqiq statistik mənbələrdən məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın erməni həlak olub. 1,5-2 milyon ermənin ölümü ilə bağlı fikirlər fərziyyədən başqa bir şey deyildir. Müharibə gedən ərazidə insanların ölümü və itkin düşməsi adi bir haldır". Bristolun sənədlərində göstərilir ki, qeyd olunan dövrdə isə 2,5 milyon türkün həyatına son qoyulub. Türklərin ölümü və öldürülməsi ermənilərdən daha faciəli olub. Tarixi sənədləri, baş vermiş hadisələri dərindən və hərtərəfli təhlil edərkən belə nəticəyə gəlmək olar ki, I Dünya müharibəsi illərində Osmanlı ərazisində soyqırıma məruz qalan ermənilər yox, türk-müsəlman əhalisidir. Həmin dövrdə Sarıqamış, Ərzurum, İsfahan, Trabzon, Xoy və Dilman, Ərzincan, Muş və digər ərazilərdə rus ordusunun dəstəyi ilə erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Ermənilər müsəlman kəndlərini qarət edir, dinc əhalini zorla evlərə, məscidlərə dolduraraq diri-diri yandırırdılar. Qocaları və uşaqları, qadınları qəddarlıqla qətlə yetirirdilər”.

Millət vəkili Azərbaycan xalqının son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığını söyləyib: “Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunub. Ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat kilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğal edilib. Bütövlükdə isə 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olub. Erməni vandalları azərbaycanlılara qarşı nə qədər amansız və qəddarlıq etsələr də, Prezident, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, “bu ağır faciələr xalqımızı daha da mətinləşdirmiş, müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”. Bu səfərbərlik, milli birlik, güclü və iradəli ordu 44 günlük Vətən Müharibəsində 200 il, o cümlədən, Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər əraziləridə erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabını verdi”.


Müəllif: Tapdıq Qurbanlı