25 Aprel 2022 16:23
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Bayden növbəti dəfə 1915-ci ildə Osmanlı dövlətində baş verənləri "soyqırımı" adlandırıb. Bir il əvvəl də Bayden bu hadisələri "soyqırımı" adlandıran ilk ABŞ prezidenti olub. Bəzi Qərb liderləri son günlər “soyqırımı” sözünün yalnız məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia etsələr də, həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan “soyqırımı” sözünü işlətməsi təəssüf doğurur. Bu, onların ikiüzlülüyünün ən bariz nümunəsidir. ABŞ prezidentinin bu bəyanatı, həmçinin hazırda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlara uyğun gəlmir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, tarixi həqiqətləri saxtalaşdırmaq və təhrif etmək yolu tutan erməni ideoloqları yarım əsrdən çox müddətdə dünya ictimaiyyətini mif üzərində qurulmuş qondarma “soyqırımı” iddiaları ilə çaşdırmağa, təkcə qardaş Türkiyənin deyil, ümumən türk dünyasının, o cümlədən Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar: “Uzun illərin müşahidələri göstərir ki, real əsası olmayan bu saxta iddianın davamlı şəkildə gündəmdə saxlanılmasına yönəlmiş səylər ermənilərin başqa dövlətlər hesabına daha geniş coğrafi əraziyə yiyələnmək üçün həyata keçirdikləri soyqırım, terror və deportasiya siyasətini pərdələmək, diqqəti özlərinin işğalçılıq faktından yayındırmaq məqsədi güdür. Bir əsr bundan öncə baş verən hadisələrin yanlış şəkildə təqdim edilməsi və qondarma “erməni soyqırımı” məsələsinin siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdləri qəbuledilməzdir”.

Deputat bildirib ki, tarixdə heç zaman “erməni soyqırımı” deyə bir hadisə baş verməyib: “Bu ifadənin işlədilməsi isə tarixi səhv olmaqla yanaşı, tarixin saxtalaşdırılması cəhdindən başqa bir iş deyil. “Qondarma erməni soyqırımı” ifadəsinin işlədilməsi hər zaman bəzi qüvvələr və dairələrin bölgədə tamamilə müstəqil siyasət yürüdən, qısa müddətdə güclü regional aktor kimi özünü təsdiq edən qardaş Türkiyəyə qarşı təzyiq vasitəsinə çevrilib. Bəziləri bundan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışsa da, ermənilər yaxşı bilirlər ki, tarixdə heç bir vaxt belə bir hadisə baş verməyib. Bu sadəcə olaraq, onların “Böyük Ermənistan” xülyalarını gerçəkləşdirmək, qonşu ölkələrə qarşı ərazi iddialarını əsaslandırmaq üçün istifadə etməyə çalışdıqları tarixi əsası olmayan saxta ideologiyanın təzahürü idi”.

Millət vəkili qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bu məsələni siyasətçilərin yox, tarixçilərin öhdəsinə buraxmaq lazımdır açıqlamasını verdiyini söyləyib: “Arxivlər açılsın və tarixçilər məsələni araşdırsın. Lakin, Ermənistan tərəfi də bundan qaçıb. Hətta Türkiyə dövləti rəsmi olaraq həmin dövrlə bağlı arxivlərin açılmasını, ortaq komissiyanın yaradılmasını da illər öncə təklif edib. Ermənistan isə arxivlərin açılmasından imtina edib. Bu faktın özü erməni riyakarlığının örnəyidir. Ermənistan tərəfinin bu məsələni tarixçilərin yox, siyasilərin müəyyənləşdirməli olduqlarını dəfələrlə deməsi isə onların məkrli siyasətinin və erməni lobbisinin müxtəlif dairələrə təsirinin təzahürüdür. Bütün bunların fonunda ötən il ABŞ prezidenti Cozef Bayden böyük haqsızlıq edərək “erməni soyqırımı” ifadəsini işlətməsi, haqlı bir sual ortaya doğurur. ABŞ bu ifadəni işlətməklə nə qazandı? Türkiyə nə itirdi? Ermənistan nə qazandı? Nəyə nail oldu? Cavab aydındır. Heç nə. Bununla yanaşı, C.Baydenin “humanizm” nümayiş etdirmək adı altında ermənisevərliyi ABŞ tarixində ədalətsizlik ləkəsi kimi qaldı. Eyni zamanda, onun səsləndirdiyi bəyanatda 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətləri təhrif etməsi bir daha dünyanın ikili siyasətini, beynəlxalq hüququ özlərinin maraqlarına qurban verdiklərini təsdiqləyir”.

Tamam Cəfərova hesab edir ki, tarixdə “erməni soyqırımı” deyə bir hadisə olmadığı halda, Azərbaycan xalqına qarşı ermənilər tərəfindən dəfələrlə soyqırımı törədilib: “Qərb dövlətlərinin isə qondarma erməni soyqırımını daim gündəmdə saxlanılması siyasi məqsədlərə xidmət edir. 1918-ci ildə azərbaycanlılara qarşı baş verən 31 Mart soyqırımı, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı var. Lakin təəssüf ki, dünyanın bir çox dövlətləri bu dəhşətli faktları görməzlikdən gəlir. Aydındır ki, bəzi dövlətlər qondarma erməni soyqırımından siyasi məqsədlər üçün istifadə edirlər. Bütün bunlara baxmayaraq, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızı düşmən işğalından azad etməklə, soyqırım qurbanlarının qısasını aldı, tarixi ədalət bərpa olundu”.


Müəllif: Tapdıq Qurbanlı