26 Aprel 2022 09:45
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurasının Parlament Assambleyasının iclasında erməni deputatların Azərbaycan və Türkiyə əleyhinə çıxışlarına bizim nümayəndə heyətimiz tutarlı cavablar verdi və onlar çıxılmaz duruma düşdülər. Erməni deputatlar başdan ayağa yalan üzərində fikirlər qurmağa çalışdılar. Onlar bir tərəfdən sülh haqqında danışır, digər tərəfdən isə beynəlxalq təşkilatlarda tamamilə başqa istiqamətdə çıxış edirlər. Bunlar dünyanı çaşdırmaq istətəsələr də, özləri-özlərini çaşdırırlar.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

Millət vəkili ermənilərin AŞPA-nın sessiyasında qışqır-bağır salmaqla özlərini biabır etdiklərini söyləyib:

“Hay-küylərindən sonra Parlament Assambleyasının prezidenti onların sözlərini kəsdi. Beləliklə, ermənilər məcbur olub Parlament Assambleyasının iclasından çıxdılar. İclasdan faktiki onları bizim verdiyimiz tutarlı cavablar qovdu. Nümayəndə heyətinin rəhbəri olaraq mən, millət vəkilləri Kamal Cəfərov, Nigar Arpadarai, Rəfael Hüseynov ən layiqli formada ermənilərin cavabını verdik”.

Səməd Seyidov qeyd edib ki, kimsə harada olmasından asılı olmayaraq Türkiyəyə qarşı fikirlər səsləndirirsə, hücum etmək istəyirsə, bilməlidir ki, orada Azərbaycan qarşılarına çıxacaq:

“Bu, Prezident İlham Əliyevin sözləri olmaqla yanaşı, bizim üçün bir əmrdir”.


Müəllif: Tapdıq Qurbanlı