26 Aprel 2022 16:13
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesinin gündəmdə olduğu bir dövrdə sərhəddə növbəti erməni təxribatının şahidi olduq. Onlar bununla nəyə nail olmaq istəyirlər?

- Azərbaycan bəyan edib ki, Ermənistanla sülh məsələsi üzrə danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibi artıq məlumdur. Amma Ermənistan tərəfinin sərhəd xəttində diversiya qrupunun törətdiyi təxribat heç bir məntiqə uyğunlaşmır. Bu qəti şəkildə pislənillir. Təxribat xarakterli addımlar iki tərəf arasında razılaşdırılmış sülh prosesinin ruhuna tamamilə ziddir. Ermənistan növbəti dəfə kobud şəkildə bu prinsipləri pozur.

- Brüssel formatından sonra Ermənistanın pozuculuq niyyəti nəyə hesablanıb?

- Brüsseldə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması və iki tərəfin bununla məşğul olmaq üçün komissiya yaratması ilə bağlı razılıq əldə edilib. Məqsəd də o idi ki, bu istiqamətdə işlər davam etdirilsin. Ortada belə bir razılaşma var. Azərbaycan tərəfi də buna əməl edir. Amma Ermənistan yenə də təxribatlara əl atır. Sadəcə olaraq indiki halda bunu heç bir məntiqlə başa düşmək olmur.

- Azərbaycanla Ermənistan XİN başçıları arasında növbəti birbaşa təmas baş tutdu. Sizcə, ikili təmaslar sülh prosesinin irəliyə aparılmasında nə dərəcədə təsirlidir?

- Xarici işlər nazirlərinin digər məsələlərlə yanaşı, təxribatla bağlı olayı da sözsüz ki, müzakirə etməsi mümkündür. Azərbaycan tərəfi bir daha sübut etdi ki, biz razılaşdırılmış prinsiplərə həmişə sadiqik. Amma yenə də Ermənistanın mövqeyini başa düşmək olmur. Erməni tərəfi bir tərəfdən proseslə bağlı razılığını bildirir, digər tərəfdən isə təxribatçı addımlar atır. Sözsüz ki, bu məsələyə də aydınlıq gətirilməlidir. Nəhayət qarşı tərəf başa düşməlidir ki, prosesi uzatmağın heç bir əhəmiyyəti yoxdur.

- Son günlər ABŞ prezidentinin saxta soyqırımı ilə bağlı açıqlaması müzakirə olunur. İndiki mərhələdə Bayden niyə belə açıqlama verdi?

- Qondarma erməni soyqırımı ilə bağlı ABŞ Prezidenti Cozef Baydenin açıqlaması təəssüf doğurur. Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri bununla bağlı öz etirazını bildirib. Birmənalı şəkildə qondarma soyqırımı məsələsindən Türkiyə və Azərbaycana qarşı istifadə etmək cəhdləri yolverilməzdir. Yüz illərdir ki, bu məsələ ilə bağlı siyasi manipuliyasiyalar edilir. Amma ermənilərin törətdikləri soyqırımı haqqında danışılmır. Əslində isə erməni soyqırımı deyə bir şey baş verməyib. Buna siyasi qiymət vermək doğru yanaşma deyil. Soyqırımı məsələsinə tarixçilər və hüquqşunaslar qiymət verməlidir.

Xatirinizdədirsə, bir neçə il əvvəl türkiyəli professor qondarma erməni soyqırımı ilə bağlı Avropa Məhkəməsinə müraciət etmişdi. Avropa Məhkəməsi də uzun araşdırmadan sonra qərar çıxardıb professorun müraciətinə cavab verdi ki, tarixdə erməni soyqırımı deyilən bir fakta rast gəlinməyib. Bu beynəlxalq hüququn saxta erməni soyqırımı məsələsinin bir daha təkzib edilməsi idi. Çünki bu hüquqşunasların verəcəyi bir məsələ kimi araşdırıla bilər. Bu mənada ABŞ Prezidenti C. Baydenin belə bir bəyanat verməsi sadəcə olaraq təəssüf doğurur. Bir müddət bundan öncə Fransa Prezidenti Emmanuel Makron özü də etiraf etdi ki, “soyqırımı" ilə bağlı olan məsələlərə siyasi qiymət vermək olmaz. Buna tarixçilər, hüquqşunaslar qərar verməlidir.

Amma digər yandan da Fransa senatı saxta soyqırımı ilə bağlı uydurma qərarlar qəbul edir. Buna isə heç bir məntiqlə başa düşmək olmur.

- Bu cür paradoksal halların yaranması nədən qaynaqlanır?

- Belə bir faktların ortaya çıxması Türkiyəyə qarşı təzyiqdən başqa bir məqsədə hesablanmayıb. Son zamanlar Türkiyə ilə ABŞ arasında müəyyən məsələlərdə təmaslar artıb. Məhz belə bir şəraitdə bu cür yanaşmaların ortaya çıxması təəccüb doğurur. Vaxtilə ABŞ prezidenti R.Reyqan da erməni "soyqırımı" ilə bağlı araşdırma aparılması ilə bağlı göstəriş verib və nəticədə aydın olub ki, tarixdə belə bir hal baş verməyib. Əslində məlum olub ki, soyqırımına məruz qalan elə türklərin özü olub. Amma indi əvvəlki dövrlərdə olduğu kimi ermənilər bu məsələdən şou yarada bilmirlər. Çünki dünya ictimaiyyəti artıq başa düşür ki, bu qondarma bir məsələdir. Hər bir halda bu məsələdən istifadə edilməsi əhəmiyyətsizdir. Kimlərsə, soyqırımı ilə bağlı əsl həqiqətləri bilmək istəyirsə, ermənilərin Xocalıda törətdikləri soyqırımına qiymət versin.


Müəllif: Tapdıq Qurbanlı