26 Aprel 2022 16:39
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində heç bir yenilik baş vermir, erməni öz erməniliyini nümayiş etdirir. Dəfələrlə müşahidə etmişik ki, Ermənistanın səsləndirdiyi fikirlərlə davranışları arasında çox ciddi ziddiyyətlər var. Nikol Paşinyanın özü də olduqca ziddiyətli dövlət rəhbəridir. 2018-ci ildən bu günə qədər N.Paşinyan hakimiyyəti dövründə öz mövqelərində sərt transformasiyalar edib. Ona görə də bütün bunlar bizim üçün yenilik deyil.

Bunu Teleqraf.com-a Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun fikrincə, N.Paşinyan da dərk edir ki, indiki halda Ermənistanın heç bir manevr imkanı yoxdur:

“Ermənistan Azərbaycanla sülh sazişi imzalamazsa, ərazi bütövlüyümüzü tanımazsa, əsassız ərazi iddialarından əl çəkməzsə, o zaman dövlət kimi aqibəti acınacaqlı olacaq. Onsuz da məhz Paşinyanın dövründə Ermənistan ağır hərbi məğlubiyyətə uğrayıb”.

Millət vəkili hesab edir ki, növbəti bir ağır məğlubiyyət isə təbii Paşinyan tərəfindən arzu olunmazdır:

“Ona görə də erməni baş nazir sülh meyilli mövqelər sərgiləmək məcburiyyətində qalıb. Bunu xüsusi vurğulamaq lazımdır. Çünki onun başqa seçim imkanları yoxdur. Əgər Ermənistanın hansısa bir manevr imkanları olsa idi, ağır məğlub durumunu qismən də olsa yüngülləşdirmək üçün bundan yararlana bilərdi”.

Elşad Mirbəşiroğluna görə, bu gün Ermənistan bütün mənalarda sülhə məcbur edilir:

“Bu dünya təcrübəsində tətbiq edilən bir strategiyadır. Bu strategiya uğurla tətbiq olunmaqdadır. Ermənistan məhz bu məcburiyyətdən çıxış edərək sülhdən danışır. Ona görə də Azərbaycan bu strategiyanı davam etdirməkdədir. Sülh imzalandıqdan sonra da Ermənistan Azərbaycana qarşı törətdiyi cinayətlərə görə cavab verməyə məcbur edilməlidir. Ermənistanın əllini-qolunu məhz bu yolla tamamilə bağlamaq olar. Bu baxımdan Ermənistanın növbəti təxribatları onun özünə qarşı növbəti zərbədir”.


Müəllif: Tapdıq Qurbanlı