29 Aprel 2022 10:57
3 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və Ukrayna xalqları gərək tələyə düşməyəydilər. Bu, kimə lazım idi? Özlərini mədəni xalqlar sayırlar, dövlət qurublar. Rus və ukraynlar dost, qardaş xalqlar idilər, yaxın tarixi və mədəni əlaqələri vardı, iqtisadiyyatları da çox yaxınıydı. İndi bütün bunların heç biri yoxdur. Müharibədə həm Rusiya, həm də Ukrayna itirdi. 20 min rus, 14 min ukraynalı ölüb. Bu onlara lazım idi? Tələ idi, düşdünüz, düşməyin bu tələyə”.

Politoloq Zərdüşt Əlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rusiya Prezidenti Vladimir Putin Qərbi növbəti dəfə nüvə silahı ilə hədələdi. Bildirdi ki, kimsə kənardan Ukraynadakı vəziyyətə müdaxilə etsə, Moskva buna “ildırımsürətli zərbələr”lə cavab verəcək. Sizcə, Putinin hədəsinin arxasında hansı məqamlar və Rusiyanın bu addımına yol aça biləcək belə bir müdaxilə mümkündürmü?

- Əvvəla, müdaxilə yoxdur və buna heç ehtiyac da yoxdur. Sadəcə olaraq, Qərb Ukraynanın istədiyi kəmiyyətdə və keyfiyyətdə silah versə, Ukraynanın özü Rusiya ordusunu darmadağın edəcək. Bunun da yayın ortalarında olacağı gözlənilir.

Putinin hədəsinə gəldikdə, dünyada Rusiyadan qat-qat nüvə dövlətləri var. Ümumiyyətlə, nüvə müharibəsi başlasa, bəşəriyyətin sonu çatacaq, Yer kürəsində canlı qalmayacaq. Odur ki, Putinin bu açıqlamasında bir məntiq görmürəm. Bu, beynəlxalq hüquqa meydan oxumaqdır. Ümumiyyətlə, son dönəmlərindəki durumuna baxdıqda, onun belə açıqlamalarını ciddiyə almaq lazım deyil. Mən də bu düşüncəsini qeyri-adekvat sayıram.

- Amma Rusiyadan sonra Çin də Üçüncü Dünya Müharibəsi xəbərdarlığı edib.

- Dediyim kimi, nüvə silahından istifadə dünyanın sonu deməkdir. Ciddi dövlətlər heç vaxt belə davranışlara yol vermirlər. Bunu da ciddi hesab etmirəm.

- Moldovanın işğal edilmiş Dnestryanı bölgəsində də gərginliyin artdığı deyilir. Rusiya baş verənlərə cavab olaraq, həmin bölgəyə müdaxilə edə biləcəyini açıqlayıb. Moskva bu addımı ata bilərmi?

- Rusiya bunu edə bilməyəcək. Sadəcə olaraq, Rusiya siyasi şantajla məşğuldur. Eyni zamanda, bunun üçün onun hərbi imkanları yoxdur. Rusiyanın Moldovaya əli çatmaz. Bunun üçün nə hava, nə quru, nə də dənzi yolu ilə imkanları var. Yəni mümkün deyil. Hələlik Ukraynada ilişib qalıb və çox güman ki, Ukraynada da məğlub olacaq. Sadəcə Moldova məsələsini aktivləşdirir ki, diqqəti yayındırsın. Dnestryanı bölgədə yerləşdirilmiş 1500 rus hərbçisi isə döyüş qabiliyyəti olmayan keşikçilərdir. Onlar oradakı silah anbarlarının keşiyini çəkirlər.

- Ukrayna Prezidenti Vladimir Zelenski kifayət qədər qətiyyətli görünür, Rusiyaya heç bir güzəştə getməyəcəklərini bildirir. Bu baxımdan, Ukraynanın durumunu necə qiymətləndirirsiniz?

- Ukrayna ordusu getdikcə güclənir. Qərb Ukraynaya artan həcmdə müasir hücum silahları verir. Təxminən iyulun ortalarında Ukrayna ordusunun əks hücumu gözlənilir. Əks hücumun nə ilə nəticələnəcəyi qüvvələr nisbətindən və Ukrayna ordusunun uğurlu həmlələrindən asılı olacaq. İki variant var. Ukraynalı şərhçilər və siyasətçilər deyirlər ki, atəşkəs anlaşması ya fevralın 23-dək olan sərhədlər miqyasında imzalanacaq, ya da Ukrayna ordusu uğurlu əməliyyatlarla rusları ölkə ərazilərindən çıxaracaqlar. Təbii ki, Krımdan savayı. Çünki Krımla bağlı ilkin razılaşma var ki, 15 il ərzində hansısa beynəlxalq təşkilatın vasitəçiliyi ilə Krımın müqəddəratı ilə bağlı danışıqlar getməlidir.

- Rusiya Ukrayna böhranından necə çıxacaq? İngiltərə Baş naziri Boris Conson Rusiya normal dövlət olanadək dayanmayacaqları mesajını verib.

- Rusiyada siyasi hakimiyyət dəyişməlidir. O vaxta qədər də, Qərb iqtisadi sanksiyaları saxlayacaq və Rusiya iqtisadiyyatı çökməkdə davam edəcək.

- Sizcə, Qərb Rusiyanı Ukraynada tələyə saldımı? İnd baş verənləri belə adlandıranlar çoxdur.

- Əgər tələ idisə, gərək bu tələyə düşməyəydin. Hamıya məlumdur ki, “Dağlıq Qarabağ münaqişəsi” erməni və Azərbaycan xalqlarına qarşı qurulmuş tələ idi. Bizi bir dərdə, erməniləri də başqa bir dərdə saldılar. Ermənilər münaqişəyə qədər Gəncədə, Bakıda, İsmayıllıda, Şamaxıda və Azərbaycanın digər yerlərində yaşayırdılar. Hətta burada yüksək vəzifələr də tuturdular.

Amma onların arasındakı bəzi satqın və axmaq adamları oynadıb, xalqı tələyə çəkdilər, bundan sonra da ermənilər “Miatsum” bağırmağa başladılar və münaqişə başladı. Nəticəsi nə oldu? Gəncədə, Bakıda, İsmayıllıda yaşayan ermənilər qovuldular. İndi də Qarabağda cəmi 25 minə yaxın erməni qalır. Bizə də bəla yaratdılar, birinci müharibədə 14, ikinci müharibədə 3 min insanımız həlak oldu, 1 milyondan çox insanımız didərgin düşdü, itkin düşənlər oldu. Onların da itkiləri var. Bunları edən də imperialist dövlətlər idi – Rusiya, ABŞ, Fransa...

Həmin dövlətlər sonra vasitəçi oldular. Bu dövlətlər prosesdən öz faydalarını götürdülər və götürürlər. Xalqlar bu tələyə düşməməli idilər. İkinci müharibədən sonra yavaş-yavaş ağılları başlarına qayıdır, erməni xalqı ayılmağa başlayıb. Onlar da, biz də barışıqdan danışmağa başlamışıq. Barışmaqdan başqa çarə yoxdur.

Rusiya və Ukrayna xalqları da gərək tələyə düşməyəydilər. Bu, kimə lazım idi? Özlərini mədəni xalqlar sayırlar, dövlət qurublar. Rus və ukraynlar dost, qardaş xalqlar idilər, yaxın tarixi və mədəni əlaqələri vardı, iqtisadiyyatları da çox yaxınıydı. İndi bütün bunları heç biri yoxdur. Müharibədə həm Rusiya, həm də Ukrayna itirdi. 20 min rus, 14 min ukraynalı ölüb. Bu onlara lazım idi? Tələ idi, düşdünüz, düşməyin bu tələyə.

- Bəs Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesindən gözləntiniz necədir?

- Düşmənçilik davam etsə, bunda maraqları olan xarici qüvvələr bu fürsətdən istifadə edəcəklər. Bundan da hər iki tərəf itirəcək və bunun qarşısını almaq üçün sülh olmalıdır. Biz qonşu xalqlarıq, dinc yaşamağı öyrənməliyik. Mən münaqişədən əvvəl də, sonra da Ermənistanda olmuşam, xaraba vəziyyətdədir.

Azərbaycanın da problemləri var. İndi ermənilər burada yaşamaq istəyirlərsə, gəlib yaşasınlar, əksinlər, biçsinlər, biz onlara bir söz deməyəcəyik, amma dinc yaşasınlar. Ağıllansınlar da, amma ağıllı deyillər. Bədxahlar onların ağılsızlıqlarından istifadə edib öz xeyirlərini güdürlər. Məsələn, Fransa, ABŞ və Rusiya Cənubi Qafqazda sülhün bir nömrəli düşmənləridir. Bunları görmək lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu